“İRƏLİ” İctimai Birliyi Anım Günü ilə əlaqədar tədbirlər keçirib

post-img

“İRƏLİ” İctimai Birliyi 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbirlər keçirib

Birliyin Mətbuat xidmətindən XQ-ə verilən məlumata görə tədbirlər çərçivəsində təşkilatın nümayəndə və üzvlərinin iştirakı ilə İkinci Şəhidlər Xiyabanında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirlər çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “İRƏLİ” İctimai Birliyinin iştirakı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Balaca Kişilər” tamaşasının nümayişi keçirilib. 

Çıxışlar zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində Azərbaycan ordusunun tarixi qələbəsindən, xalqımızın göstərdiyi birlik və həmrəylikdən söhbət açılıb. Diqqətə çatdırılıb ki, 19 sentyabr tarixində Azərbaycan ordusunun başlatdığı lokal xarakterli antiterror tədbirləri bir daha ölkə başçısının “Dəmir Yumruq” siyasəti, xalqımızın birliyi və rəşadətli əsgərimizin gücünü bir daha sübut etdi. Aparılan tədbirlərin nəticəsi olaraq düşmən ağ bayraq qaldırdı və 23 saat 43 dəqiqə ərzində Azərbaycan Ordusu anti-terror tədbirlərini uğurla başa vurdu.

Həmçinin bildirilib ki, 30 il ərzində işğal altında olan torpaqlarımız ermənilərin ən amansız fitnəkarlığı ilə xarabalığa çevrilib. Müzəffər Azərbaycan ordusunun Vətən müharibəsində qazandığı qələbədən sonra hazırda Qarabağda irimiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçirilir, “Qafqazın Konservatoriyası” sayılan qədim Şuşa mötəbər, beynəlxalq layihələrə ev sahibliyi edir. 

Daha sonra 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Balaca Kişilər” tamaşası təqdim edilib. Tamaşanın sonunda şəhid ailələrinin üzvləri və qazilər alqış sədaları altında səhnəyə dəvət olunub.  

Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Müzəffər Əsgərimiz” layihəsi çərçivəsində hazırlanmış videoçarxların nümayişlərinin keçirilməsinə başlanılıb. Layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsidir. 

















Sosial həyat