Anım Günü haqqında "Wikipediya”da özbək dilində bölmə istifadəyə verilib

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 27 sentyabr Vətən Müharibəsinin başlandığı ilk günün Anım Günü kimi qeyd edilməsi haqqında “Xotira kuni (Ozarbayjon)” adlı bölmə istifadəyə verilib.

Mədəniyyət Mərkəzinin "Wikipediya" heyəti tərəfindən yaradılmış bölmədə bildirilir ki, Azərbaycanda hər ilin 27 sentyabr günü dövlət səviyyəsində qeyd edilir.  

Bölmədə Anım Gününün 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması ilə bağlı Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edildiyi vurğulanır.

Ümumilikdə 6 bölmədən və zəngin istinad siyahısından, keçidlərdən ibarət olan məqalədə Anım Gününün mahiyyəti, Azərbaycan dövlətinin tarixindəki əhəmiyyətindən söz açılır, bu günün Azərbaycan xalqının taleyində böyük taleyüklü hadisə olması qeyd olunur. 

Materialda İkinci Qarabağ müharibəsinin başlanması haqqında məlumat verilir, 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhə boyu Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücuma başlaması barədə qərar haqqında da məlumat verilir.

“Vikipediya”da Prezident İlham Əliyevin Vətən müharibəsinin başladığı günü Anım Günü kimi qeyd etmək barədə sərəncamının  mətni də məqalədə yer alır. 

“Wikipedia" Elektron Ensiklopediyasında Anım Günü haqqında özbək dilində bölmə ilə https://uz.wikipedia.org/wiki/Xotira_kuni_(Ozarbayjon) adlı linkdə tanış olmaq mümkündür.

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri 

Daşkənd

 







Sosial həyat