Himayədar ailələrə yeni dəstək

post-img

Övladlığagötürmə sahəsin­də olduğu kimi, himayədar ailə sahəsində də idarəetmə və xid­mətlərin elektron infrastruktur üzərindən həyata keçirilməsi üçün “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və öv­ladlığagötürmə” altsistemi tək­milləşdirilib. Digər sosial ödəniş növləri kimi, himayədar ailələrə verilmiş uşağın tərbiyə edilmə­sinə görə həmin ailələr üçün nəzərdə tutulan müavinətlər də e-sistem üzərindən proaktiv qay­dada təyin olunacaq.

Bu barədə “Himayədar ailə” institu­tunun tətbiqi və uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən işçi qrupun icasında bildirilib. İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vü­sal Nəsirli “Himayədar ailə” institutunun tətbiqi mexanizminin qurulması sahə­sində aparılan işləri qeyd edib. 

Himayədar ailələrlə bağlı sosial dəstək mexanizminin də tətbiq edilə­cəyi bildirilib. Həmin ailələrə himayəyə götürdükləri 0–6 yaş arası uşağa görə 355 manat, 7–13 yaş arası uşağa görə 375 manat, 14–18 yaş arası uşağa görə 395 manat, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş 0–6 yaş arası uşağa görə 395 manat, 7–13 yaş ara­sı uşağa görə 415 manat, 14–18 yaş arası uşağa görə 435 manat aylıq müavinət veriləcəyi diqqətə çatdırılıb. Eyni zamanda himayədar ailəyə veril­miş uşaqlara mövsümi geyim alınması üçün həmin ailələrin hər rübdə bir dəfə 200 manat birdəfəlik müavinətlə də tə­min ediləcəyi qeyd olunub.

Bildirilib ki, “Himayədar ailə” mode­linin tətbiqində əsas məqsəd valideyn himayəsindən məhrum uşaqların sosial xidmət müəssisələrində deyil, qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsinə və inkişafına şərait yarat­maqdır. Bu yeni modelin ölkəmizdə tət­biqi uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin güclən­dirilməsində növbəti mühüm addım olmaqla, uşaq qayğı sisteminin inkişa­fında yeni mərhələ açır. 

İşçi qrupun iclasında, həmçinin qeyd olunan modelin tətbiqi ilə bağlı görülmüş işlər, himayədar ailə sahə­sində xidmətlərin elektron infrastruktur üzərindən həyata keçirilməsi ilə əlaqə­dar məsələlər müzakirə olunub.

Zərifə BƏŞİRQIZI 
XQ

Sosial həyat