Qarabağ ölkəmizin ən inkişaf etmiş regionlarından birinə çevriləcək

post-img

Azərbaycanın əhalisi 2023-cü ilin əvvəlinə 10 milyon 127 min nəfərdir. Dövlət Statistika Komitəsi bildirir ki, bu rəqəmə Qarabağ erməniləri daxil deyil. Ölkəmizin ərazisi rəsmi məlumatlara görə 86,6 min kvadratkilometrdir və bura Qarabağ ərazisi də daxildir.

Ötən il Azərbaycanda 133,8 milyard manatlıq və ya əvvəlki illə müqayisə­də 4,6 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9,1 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 13 min 292,2 manata bə­rabər olub.

Cari ilin yanvar-iyul aylarında isə ölkədə 70 milyon 372 min manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqa­yisədə 0,7 faiz çox ÜDM istehsal olu­nub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,4 faiz artıb. Bəs Qarabağın iqtisadi göstəriciləri nə ilə fərqlənib?

Qarabağda 120 min erməninin yaşadığı bildirilsə də, onların sayı 40 min nəfəri keçmir və bu barədə dəqiq siyahı da var. Qeyri-rəsmi statistik mə­lumata görə, 2022-ci ildə orda ÜDM 288,8 milyard erməni dramı (Ermə­nistan valyutası) təşkil edib ki, bu da ABŞ dolları ilə (orta illik dramın dollara məzənnəsi ilə) 663 milyon dollara bə­rabərdir. 2022-ci ildə Qarabağın ÜDM-i 2 il əvvəllə müqayisədə 22,4 faiz, bir il əvvəllə müqayisədə isə 12,7 faiz azal­dıqdan sonra real ifadədə 12,2 faiz artıb. Rəqəmlərdən göründüyü kimi, İkinci Qarabağ müharibəsindən son­rakı iqtisadi göstəricilər, müharibədən əvvəlki, 2019-cu ildəki göstəricidən çox uzaqdır.

Həmin dövrün iqtisadi göstəriciləri yüksək olmasa da, son illərdəki göstə­ricilərdən yaxşı idi. Statistikaya görə, 2019-cu ildə ÜDM 713 milyon dollar olub ki, bu göstəricilər belə, hətta Karib və digər Sakit okean adalarının ÜDM göstəricilərindən də aşağıdır. 

Dövlət Statistika Komitəsinin məlu­matına görə, 2022-ci ildə Azərbayca­nın dollar ekvivalentində ÜDM-i 78,7 milyard, 2023-cü ilin birinci yarısın­da isə 42,37 milyon dollar təşkil edib. Beləliklə, Qarabağ iqtisadiyyatının tam inteqrasiyası şəraitində Azərbaycanın nominal ÜDM-i cəmi 0,8 faiz artacaq. Burada reallığı tam aydın görmək üçün bir müqayisə aparmaq lazım gələcək. Məsələn, 1965-1987-ci illərdə Azər­baycan SSRİ-nin regionlarında iqtisadi və sosial inkişaf göstəriciləri müqayisə edildiyi zaman aydın olur ki, bu region Azərbaycan SSR sənaye istehsalının 2,3 faizini təmin edirdi. Həmin illərdə DQMV-də sənaye istehsalı ilə məşğul olan 15 yeni təsis istifadəyə verilmişdi. Bundan əlavə adambaşına düşən kənd təsərrüfatı məhsullarına görə də öndə idi. Region Azərbaycan SSR-in 5,1 faiz ərazisini əhatə etsə də, ölkədə istehsal olunan ümumi kənd təsərrüfatı məh­sullarının 6 faizini təmin edirdi. Burada xüsusilə üzümçülük və şərabçılıq inki­şaf etmişdi. Təbii ki, bu iqtisadi göstə­ricilərin əldə olunmasında Azərbaycan SSR-in digər rayonları ilə qarşılıqlı əlaqələrinin böyük rolu olmuşdur. 

Ümumiyyətlə, bölgə aqrar-sənaye mərkəzinə çevrilmişdi və həyat şəraiti digər regionlarla müqayisədə yüksək idi. Ermənilərə qarşı ölkədə hər hansı ayrı-seçkilikdən və ya diskriminasiya­dan söz gedə bilməzdi. Sovet dövrün­də DQMV-də yaşayış səviyyəsi bütün Azərbaycanın orta yaşayış səviyyəsi ilə müqayisədə daha üstün idi. Bunun­la belə onlar dəfələrdə imkan yaranan kimi (1945, 1965, 1977 və 1988-ci illərdə) Ermənistana birləşdirilməsi məsələsini ortaya atırdılar.

Beləliklə, ermənilərin yad ölkə tor­paqlarını mənimsəmə və orada “döv­lət” qurma adəti Azərbaycan torpaqları üzərində davam etsə də, onlar istək­lərini doğru-düzgün şəkildə həyata keçirə bilmədilər. Qurduqları “respubli­ka”, əsasən, ianələr hesabına yaşayıb. Müxtəlif illərdə Ermənistan Qarabağın büdcə xərclərinin 50-60 faizini maliy­yələşdirib. 2022-ci ildə Ermənistan­dan verilən “büdcə krediti” 176 milyard dram (404 milyon dollar ekvivalenti) təşkil edib ki, bu da Qarabağ büdcəsi xərclərinin demək olar ki 88 faizini tə­min edib. 

Xarici yardımlar da az olmayıb. ABŞ “DQR”in əsas sponsorlarından və maddi dəstəkçilərindən biri olub. 1998-ci ildən bəri hər il ABŞ-dan bura önəmli miqdarda xarici yardım ayrılır. Bu yar­dım humanitar məqsədlər üçün, xüsu­silə infrastruktur, kənd təsərrüfatı və tibbi layihələrə xərclənib. Xarici inves­torlar isə sadəcə bölgənin təbii zəngin­liklərinin istismarı ilə məşğul olub, in­sanların həyat şəraitinin yüksəlməsinə hər hansı töhfə verməyib. Ermənilərin sosial vəziyyəti isə hər il pisləşib. Müs­bətə doğru heç bir dəyişiklik olmayıb. “Müstəqillik” dövründə əvvəlki illərdə qazanılmış bütün uğurlar itirilib. Bəlkə də sovet dövründəki günlərini çox xa­tırlayıblar.

Qarabağda iqtisadi aktivlik indeksi də azalıb. 2022-ci ilin dekabrında iq­tisadi aktivlik indeksi 21 faiz, 2023-cü ilin ilk aylarında isə orta hesabla 25 faiz (2022-ci ildə 18 faiz artımdan son­ra) azalıb. İnflyasiya 8,6 faizə qalxıb. Ötən il ticarət dövriyyəsi 832 milon dol­lar olub. Bunun 496, 5 milyon dolları idxalın, 335 milyon dolları isə ixracın payına düşüb. Əsas ticarət tərəfdaşı isə Ermənistan idi. Burda yenidən bir nüansa da diqqət yetirmək lazımdır. Əslində isə heç bir dünya dövləti (hət­ta Ermənistan) tərəfindən rəsmi olaraq tanınmadığı üçün “DQR” xarici dövlət­lərlə iqtisadi əlaqələr də qura bilmədi. Burda istehsal olunan məhsullar “Made in Armenia” ştampı ilə ixrac olunurdu.

Regiona xarici yatırımlar olsa da, bunlar qeyri-leqal idi və yatırımların gələcəyini qeyri-müəyyən edirdi. Qarşı­dakı illərdə “DQR”də fəaliyyət göstərən xarici şirkətlərin nəinki yatırımları bata­caq, həmçinin onlar külli miqdarda zi­yan çəkəcəklər.

“DQR”dəki ümumi xarici yatırım­ların 58,6 faizi Rusiyaya aid olmuş və beləliklə Rusiya burdakı ən böyük in­vestora çevrilmişdir. Bu, xüsusilə Ru­siya erməniləri ilə bağlı idi. Qalanları Fransa, ABŞ, Almaniya, Niderland və s. ölkələrə məxsus idi. 

Azərbaycan Prezidenti İlham Əliyev2020-ci ilin yekunlarına dair videofor­matda keçirilən müşavirədə qeyd et­mişdir ki, Azərbaycanın işğal olunmuş torpaqlarında qeyri-qanuni fəaliyyət ilə məşğul olmuş şirkətlər hüquqi mə­suliyyətə cəlb olunacaqlar. Prezident, həmçinin bildirmişdir ki, həmin şirkət­lər Azərbaycana vurduqları ziyanı ödəsələr, beynəlxalq məhkəməyə ve­rilməyə də bilərlər. Beləliklə, ehtimal edə bilərik ki, qarşıdakı illərdə “DQR”­də fəaliyyət göstərən xarici şirkətlərin nəinki yatırımları batacaq, həmçinin onlar külli miqdarda ziyan çəkəcəklər.

Bu gün Qarabağ tamamilə yeni re­allıqla qarşı-qarşıyadır. Bu yeni reallıq bölgənin müasir sənaye müəssisələri­nin və digər sosial-iqtisadi əhəmiyyətli təsislərin qurulması, Azərbaycanın ən inkişaf etmiş regionlarından birinə çev­rilməsini nəzərdə tutur. Ermənilər Azər­baycan hakimiyyətini qəbul edərək burada yaradılacaq şəraitdən faydala­na biləcəklər. Ermənilər Azərbaycanla müharibəni deyil, iqtisadi əməkdaşlıq etməyin onlara daha faydalı olduğu­nu anlamalıdırlar. Bunu anlayacaqları gün, həm Qarabağ ermənilərinin, həm də Ermənistanın iqtisadi vəziyyəti və insanlarının həyat şəraiti də yaxşılaşa­caqdır.

Ə.PÜNHAN
XQ

Füzuli



Sosial həyat