Sülh Cənubi Qafqazın “qapısını döyür”

post-img

Nə xoşdur ki, həmin istiqamətdə ilk addımlar Yevlaxda atıldı

Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənista­nın və Qarabağın “rəhbərləri” o insanları girov götürmüşdülər, onların beyinlərini zəhərləmişdilər... Mən əminəm ki, Qara­bağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşı­lıqlı hörmət əsasında birgə həyat qurmaqdır. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətindən 

20 sentyabr 2023-cü il

 

Əvvəla, dövlət başçımızın həmin müraciətinə qulaq asarkən gözümün önün­dən böyük bir tarix keçdi. Allaha şükür ki, əksər yaşıdlarım kimi, mən də milli tariximiz, adət-ənənələrimiz, mənəvi dəyərlərimiz haqqında az-çox məlumat­lıyam. Bilirəm ki, xalqımızın müdrik liderləri, uzaqgörən ağsaqqalları həmişə insanları sülhə, dinc birgəyaşayışa, mehriban qonşuluğa çağırıblar. 

Amma, olub keçənləri unutmamaq şərti ilə. Yəni biz ermənilərlə münasi­bətlərdə Xocalı soyqırımı başda ol­maqla, üzləşdiyimiz bütün vəhşiliklərin heç birini unutmasaq da, birgəyaşayış prinsiplərinə yüksək səviyyədə əməl edəcəyik. Çünki, cənab Prezidentin dediyi kimi, bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur.

İkinci, Azərbaycan Respublika­sı Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keşirilmiş mə­lum görüşdə Qarabağın erməni sakin­ləri adından iştirak edən Sergey Mar­tirosyan və David Melkumyan, sözün həqiqi mənasında, erməni xalqının milli tarixinə düşdülər. Çünki yaxın vaxtlar­da əldə olunacaq sülh və əməkdaşlıq münasibətlərinə çatmaq üçün (bu pro­sesi artıq heç kəs əngəlləyə bilməyə­cək– İ.M.) ilk addımları məhz onlar atdılar. İndiyədək ermənilərin nəinki siyasətçi, diplomat və ya deputatları, hətta, idmançı, musiqiçi və tələbələri də türk dünyasına düşmən kimi baxır­dılar. Sergey Martirosyan və David Melkumyan isə məhz erməni xalqının sabahı naminə öz qüdrətli qonşuları ilə əməkdaşlığa doğru addım atdılar. 

Üçüncü, 28 May Müstəqillik Günü münasibətilə hazırladığım yazılardan birində Vaqif Səmədoğlunun “Günün baxtı” şeirinin bu misralarını yada sal­mışdım: “Günün baxtına bir bax, düz iyirmi əsr ilin, ayın adi günlərindən biri olasan, sonra gəlib tarixdə 9 May kimi qalasan”. Sən demə, şəhərin də bəxti olurmuş. İndi sən şəhərin bəxtinə bax, yüz illər boyu Kür qırağında adi bir Yev­lax olasan, sonra Cənubi Qafqaza sülh gətirəcək ilk addımların atıldığı şəhər kimi dünyanın diqqət mərkəzində qala­san. Qərəz...

Prezident İlham Əliyevin sentyab­rın 20-də xalqa ünvanladığı müraciətin bəzi detallarının əlamətlərini Yevlax görüşünün nəticələrində də gördük. Məsələn, dövlət başçımız müraciətdə deyirdi ki, bütün haqsızlıqlara baxma­yaraq, kriminal Ermənistan rejimi tərə­findən törədilmiş cinayətlərə baxmaya­raq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kənd­lərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını gü­nahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. 

İndi isə Yevlax görüşünün nəticələri barədə verilən rəsmi məlumata diqqət yetirək: “Azərbaycanın Qarabağ böl­gəsinin erməni sakinlərinin nümayən­dələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğu­nu bildiriblər. Eyni zamanda, qida məh­sulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəb­lərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin eh­tiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırı­lır”. Bu isə o deməkdir ki, sülh uzaqda deyil. 

Görüşün ertəsi günü isə rəsmi mənbələr xəbər yaydılar ki, sentyab­rın 22-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşa­yan erməni sakinlərin ehtiyaclarının tə­min olunması üçün içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Xankəndiyə yola salınıb. Həm də bu nəqliyyat vasitələri artıq fəaliyyətdə olan Ağdam –Xankən­di yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq. Yəni dünyanın müxtəlif ölkələrindəki anti-Azərbaycan qüvvələrin yaydığı cəfəngiiyyatlara baxmayaraq, rəsmi Bakı öz sülhpər­vərliyini növbəti dəfə sübut edir. 

Yeri gəlmişkən, Azərbaycan Prezi­denti İlham Əliyev ötən ilin oktyabrın­da Gürcüstanda olarkən, “Qafqaz evi” yaradılması təşəbbüsünü irəli sürmüş­dü. Bu təklif Qafqaz xalqları arasında əməkdaşlığın inkişafı və keyfiyyətcə yeni mərhələyə yüksəlməsi, bərə­bər yaşayışın yeni modelinin tətbiqini nəzərdə tutur. Ekspertlər yazırlar ki, 44 günlük Vətən müharibəsindən qabaq Prezident Əliyevin Ermənistana çağırı­şı, işğaldakı torpaqların azad olunma­sını tələb etməsi, tarixi Zəfərdən sonra sülhyaratma missiyasına sadiqliyi, er­məni mənşəli vətəndaşlarımızın rein­teqrasiya istiqamətində fəal addımları fonunda ortaya çıxan mənzərə budur ki, regionda real barışığı təmin edəcək lider yetişib. O lider məhz İlham Əliyev­dir. 

Oktyabrın 24-də Mçxeta rayonun­dakı Muxrani sarayında “Qarabağ xan­lığının irsi” sərgisi ilə tanışlıqdan sonra Gürcüstanın Baş naziri İrakli Qaribaş­vili ilə birlikdə mətbuata bəyanatla çıxış edən Azərbaycan Prezidenti demişdir: “Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imza­lasınlar. Hər halda, bizim niyyətimiz bundan ibarətdir... Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün, eyni zamanda, söhbət əsnasında Gürcüstan–Azər­baycan–Ermənistan məsləhətləş­mələrə başlaması haqqında fikir müba­diləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq”.

Fikrimizcə, dövlət başçımızın “Er­mənistan tərəfi buna hazırdırsa?” sualının cavabı Yevlaxda verildi: Er­mənistan danışıqlara gələcək. Baş nazir Nikol Paşinyanın son bəyanatları da bunun göstəricisidir. Yəni Cənubi Qafqaz sülhün astanasındadır. 

İttifaq MİRZƏBƏYLİ
XQ



Siyasət