Gəncənin nümayəndə heyəti Belarusdan qayıdıb

post-img

Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin nümayəndə heyəti Belarusun Qomel şəhərinin 881- ci ildönümü münasibətilə bu şəhərdə keçirilən tədbirlərə qatılıb. 

Ənənəvi olaraq 15-17 sentyabr tarixlərində təşkil olunan bu bayram tədbirləri hər il Belarusun Milli həmrəylik günlərinə təsadüf edir və ayrı-ayrı ölkələrdən minlərlə qonaq dəvət olunur. 

Qomel Şəhər İcraiyyə komitəsinin dəvəti ilə bu dəfə Gəncə Şəhər İcra hakimiyyəti başçısının müavini Adil Tağıyev və Gəncə Avtomobil Zavodunun direktoru Kamran Nəzərov şəhər günləri tədbirlərində iştirak ediblər. Gəncədən olan nümayəndələr bayram günləri tədbirində Qomel şəhərinin icraiyyə komitəsinin sədri Vladimir Privalovla görüşüb, Gəncə şəhər rəhbərliyinin və ictimaiyyətinin təbriklərini, xoş arzularını çatdırıblar. 

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev  Azərbaycan-Belarus arasında qardaşlıq münasibətlərinin və iqtisadi-ticari əlaqələrin çox yüksək səviyyədə olduğunu qeyd edib. Bildirilib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi hər il artır və müəssisələrimiz arasında birgə əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. A. Tağıyev Gəncə ilə Qomel şəhərlərinin qardaşlaşması ilə bağlı niyyət protokolunun imzalandığını və bununla da müxtəlif sahələr üzrə əməkdaşlıq məsələlərinin müzakirə edildiyini qeyd edib. Başçının müavini Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun salamlarını və bayram təbrikini çatdırmaqla bərabər Qomel şəhərinin icrayyə komitəsinin sədri Vladimir Privalovu Gəncəyə dəvət edib.

Gəncə Avtomobil Zavodunun direktoru Kamran Nəzərov  müəssisənin 2006-cı ildən başlayaraq Belarusun “Moqilyovtransmaş”, “Minsk təkərli dartıcılar” zavodu, “Bobruysk” ehtiyat hissələri və avadanlıqlar istehsalı zavodu, “Qomselmaş”, “Belkommunaş”  açıq tipli səhmdar cəmiyyətləri ilə sıx əməkdaşlıq etdiyini bildirib. O vurğulayıb ki, zavodumuzda Belarus şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində müxtəlif model yük avtomobilləri və traktorlar, taxılyığan kombaynlar, avtokranlar, ağır yükdaşıyan dartıcılar, maye qazla işləyən avtobuslar, müasir elektrobusların yığımı həyata keçirilir.

Görüş çərçivəsində qonaqlar bayram tədbirlərinə dəvət aldıqları üçün öz minnətdarlıqlarını bildirib və xatirə hədiiyələri təqdim olunub.

 Hamlet Qasımov,
“Xalq qəzeti” nin bölgəmüxbiri

 









Sosial həyat