Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 8 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 347,1 min manat sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-ə verilən məlumata görə, xidmətin gördüyü tədbirlər nəticəsində müvafiq işəgötürənlər həmin vəsaitin işçilərə ödənilməsini təmin edib. Ödənilən vəsaitin 78,2 faizi əməkhaqları, qalan hissəsi sosial müavinət və kompensasiyalardan ibarət olub.
Yanvar-avqust aylarında 64 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

