Burada 1400 sakin üçün 334 ev tikilir
Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edilib. Əsas döyüşlər Lələtəpə yüksəkliyindən Vilayət postu və Füzuli rayonundakı “Yastıtəpə” istiqamətində olub.
Bu ərazidə dağ və təpəliklər, düşmənin müdafiə xətti (Böyük Cocuq Mərcanlı–Kənd Horadiz xətti) yerləşirdi. Hücum əməliyyatları aparmaq bölmələrdən, hətta hər bir əsgərdən xüsusi hazırlıq tələb edirdi. Xüsusi təyinatlı qüvvələrimiz döyüş tapşırığını yerinə yetirməyə tam hazırlıqlı idilər. Cəbrayıl döyüşlərinin xronikasında göstərilir ki, əməliyyatın ilk saatlarından Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası məhv edildi. Düşmənin müdafiə xətti yarıldı. Buradan həm Füzuli, həm də Cəbrayıl istiqamətində hücumu genişləndirmək imkanı qazanıldı.
Cəbrayıl əməliyyatının uğurla həyata keçirilməsi nəticəsində 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun bir çox kəndləri azad edildi. Bu rayon azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks-hücum mümkün oldu. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Növbəti Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Bütün bunlarla yanaşı, Cəbrayıl əməliyyatı ilə Xudafərin körpüsü düşməndən azad edildi. Azərbaycan–İran sərhədinə dövlət nəzarəti bərpa edildi.
Artıq Cəbrayıl rayonunun azad edilməsindən 3 il keçib. Bu gün rayonda geniş bərpa-quruculuq işləri həyata keçirilir. Cəbrayılın inkişaf mərhələsi şəhərlə yanaşı, ətraf kəndləri də əhatə edir. Şəhərlə paralel olaraq Horovlu, Şükürbəyli kəndlərinin, həmçinin Xudafərin qəsəbəsinin şəhərsalma əsaslandırmaları təsdiqlənib və həmin ərazilərdə inşaat işlərinə başlanılıb. Bərpa-quruculuq işlərinə başlanan yerlərdən biri də Horovlu kəndidir. Bu yaşayış məntəqəsini XVIII əsrin əvvəllərində Cənubi Azərbaycanın Horov kəndindən gələn ailələr saldığı üçün kənd də belə adlandırılıb. İşğaldan əvvəl əhalinin əsas məşğuliyyəti üzümçülük idi. Bundan başqa, kənddə heyvandarlıq, taxılçılıq, şərabçılıq da inkişaf etmişdi.
Horovlu kəndinin ərazisində bir sıra tarixi-dini abidələr, o cümlədən Cinlitəpə yaşayış yeri, “Çələbi ocağı” və “Qarı ocağı” ziyarətgahları yerləşirdi. Bu kənd də Azərbaycan Ordusu tərəfindən 2020-ciil oktyabrın 4-də azad edilən yaşayış məntəqələrindən biridir. İndi kənddə geniş quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyev bu il mayın 4-də təməlqoyma mərasimində iştirak edib. Kəndin layihələndirilən ümumi ərazisi isə 248,1 hektardır. Perspektivdə burada 3 min 470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub.
Baş plana əsasən, köhnə Horovlunun ərazisini əhatə edən yeni məntəqə bir-birinə yaxın olan Çapand, Safarşa, Fuğanlı və Həsənqaydı kəndləri ilə birlikdə layihələndirilib. Birinci mərhələdə 1400 nəfərin köçürülməsi üçün 334 fərdi ev tikiləcək. İnşa ediləcək evlər 2, 3, 4 və 5 otaqlı olacaq.
Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, qonaq evinin tikintisi planlaşdırılıb. Əhalinin məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər də görüləcək.
Kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində kənd ərazisində yerləşən 6 kəhrizin bərpası da nəzərdə tutulur.
Cəbrayıl rayonunun Horovlu kəndinin bərpa və yenidən qurulması zamanı yaranan tullantılar isə təkrar emal ediləcək. Bu məqsədlə rayon ərazisində tikinti-söküntü qalıqlarını təkrar emal edən avadanlıq quraşdırılıb.
Təkrar emal nəticəsində tikintidə istifadə edilə bilən materiallar əldə olunur. Bu materiallardan inşaat zamanı yol yataqlarında, beton işlərində, alt dolğu işlərində səmərəli istifadə ediləcək. Bu yanaşma tullantıların poliqona aparılmadan emalı üçün imkan yaradır. Təbii ehtiyatların səmərəli istifadəsinə və ətraf mühitə mənfi təsirinin azaldılmasına yönəlib. Bundan başqa, təkrar emal vasitəsilə maliyyə vəsaitlərinə də qənaət ediləcək.
Tezliklə kənddə həyat öz axarına düşəcək.
P. ƏFƏNDİYEV
XQ