Füzuli Dövlət Dram Teatrında 34-cü mövsümün başlanması ilə əlaqədar keçirilən toplantıda teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və yaradıcı heyət iştirak edib.
Məlumat verilib ki, teatrda ötən mövsümdə Mədəniyyət Nazirliyinin təsdiq etdiyi repertuar planına uyğun olaraq Abdulla Elşadlının "Tənhalığın evi", Xaqani Əliyevin "Molla Nəsrəddin", Ələsgər Qurbanovun "Tənbəl Əhməd" tamaşaları hazırlanıb və ictimaiyyətə təqdim olunub. Bununla yanaşı, Yeni il və Novruz bayramı ilə əlaqədar şou-proqramlar, Xocalı soyqırımına həsr olunmuş "Şəhid şəhər Xocalı”, 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar "Şəhidlər ölməz” və bir çox poetik xalq tamaşaları rayon ictimaiyyətinə təqdim olunub. Teatr 4.4 Qısa Tamaşalar Festivalında, "Milli klassika" festivalında, Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsində iştirak edib və diploma layiq görülüb.
Eyni zamanda, teatrın baş rejissoru, Əməkdar artist Asif Şirinov və quruluşçu rejissoru Nicat Mirzəzadə Prezident mükafatına layiq görülüb. Teatr Ağdam, Tərtər, Goranboy, Gəncə, Mingəçevir, Xocavənd və digər rayonlarda qastrol səfərlərində olub. Hər il olduğu kimi, bu il də teatr mütəmadi olaraq hərbi hissələrdə olub, müxtəlif janrlı tamaşalar və konsert proqramları ilə çıxış edib.
Teatrın hərbi hissədəki bu xidmətləri yüksək qiymətləndirilib, fəxri fərman və diplomlarla təltif olunub. Qeyd edilib ki, Füzuli Dövlət Dram Teatrı yeni mövsümü Nəcəf bəy Vəzirovum "Yağışdan çıxdıq, yağmura düşdük" tamaşası ilə açacaq.
XQ