Şamaxıda ictimai nəzarət problemlərin həllinə təkan verir

post-img

Babalar yaxşı deyib: “El gözü tərəzidir”. İndiki anlamda ictimai nəzarət ayrı-ayrı fərdlərin davranışından tutmuş, cəmiyyətdə baş verən irili-xırdalı proseslərədək, xüsusən əhalinin gündəlik tələbatını cavablandıran, ehtiyaclarını ödəyən qurumların fəaliyyətinədək hər sahədə yaxşını pisdən ayırmağa, nöqsan və çatışmazlıqları yerindəcə aşkar edib aradan qaldırmaqda təsirli kütləvi vasitədir. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə mərkəzi və yerli icra qurumları yanında ictimai şuraların yaradılması da məhz bu məqsədə xidmət edir.

Şamaxı Rayon İcra Hakimiyyəti ya­nında İctimai Şura son 1 ildə fəaliyyətini Ümummilli lider Heydər Əliyevin “Dövlət qanunun aliliyidir, digər tərəfdən isə za­manın tələbinə və reallığa uyğun olaraq yeni qanunların yaradılması və onların işlək olmasına ictimai nəzarətin güclən­dirilməsidir” mülahizəsinin və “İctimai iştirakçılıq haqqında” Qanunun tələbləri əsasında quraraq yaşayış məntəqələ­rində bir sıra çatışmazlıqların aradan qaldırılmasına, sakinlərin arzu və təklif­lərinin ümumiləşdirilib rayon rəhbərliyinə və əlaqədar qurumlara çatdırılmasına nail olub. Rayonun ictimai fəallarından, təcrübəli veteranlardan ibarət 13 nəfərlik şura əhali arasında səmərəli və operativ iş aparmaq üçün geniş şəbəkə qurub, işlək mexanizm yaradıb. Şuranın keçir­diyi görüş və reydlərdə narazılıq doğuran məsələlər qeydə alınır, bir çoxu yerindəcə həll edilir. 

Şuranın yerlərdəki fəalları da əyinti və çatışmazlıqları davamlı olaraq quru­ma çatdırır, onun nəticəsi barədə ma­raqlı şəxs və qruplara məlumat verirlər. Beləliklə, İctimai Şura təmsil etdiyi rayon əhalisinin ümumi məmnunluğunun təmin edilməsində gərəkli bir vəsiləyə çevrilib. İctimai nəzarət şəbəkəsinin fəaliyyəti Şa­maxı TV-nin internet səhifəsində davamlı işıqlandırılır. 

Şurada ötən müddətdə fermer təsər­rüfatlarında üzümçülüyün daha geniş inkişaf etdirilməsi, səhiyyə orqanlarında olan mövcud vəziyyət, əhaliyə göstərilən sosial tədbirlərin təşkili, yeni yaradılmış məhəllə komitələrinin fəaliyyətinin ge­nişləndirilməsi, yaşıllaşdırma işlərinin daha da sürətləndirilməsi kimi quruculuq məsələlərinin təşviqi ilə bağlı müxtəlif müzakirə və aksiyalar təşkil edib. Eyni zamanda, əhalini narahat edən digər məsələlər gündəlik diqqət mərkəzində olub. İctimai Şuranın nəzdində möv­cud qanuna müvafiq olaraq “Qadınlar”, “Gənclər və yeniyetmələr ”, “İctimaiyyətlə əlaqə” komitələri və məlumat-informasiya qrupu yaradılıb. Komitələr tərkibinə görə rayonun əksər zonalarını əhatə edir. 

Şəhidlərin xatirəsinə ehtiram, şə­hid ailələrini və qaziləri narahat edən məsələlər də daim diqqətdə saxlanılır. Şurada ərizə və şikayətlərin uçotu apa­rılır, qaldırılan və yaxud müraciət olunan təkliflər bələdiyyə və icra orqanları ilə əlaqəli şəkildə operativ həll edilir.

Ulu öndər Heydər Əliyev demişdir: “Şamaxı Azərbaycanın ən qədim elm və mədəniyyət mərkəzlərindən biridir.” Bü­tün insanlarımız kiçikdən böyüyə, hamı­mız bu tarixi sözləri doğrultmaq üçün var gücümüzlə çalışırıq. Əhali ilə sıx təmasla­rın yaradılması, arzu və istəklərinin öyrə­nilməsi, onlar üçün müxtəlif peşələr üzrə iş yerlərinin yaradılması təcrübəsi bu gün rayonda mühüm ictimai tələblər kimi həll edilir. 

Yeri gəlmişkən, 105 min nəfər əha­lisi olan,1 şəhər, 5 qəsəbə, 57 kənddən ibarət Şamaxı rayonu regionların sosi­al-iqtisadi inkişafı proqramının növbəti tədbirləri çərçivəsində bir sıra layihələrin gerçəkləşdirildiyi pilot bölgədir. 2019–2023-cü illəri əhatə edən regional inkişaf proqramı üzrə Şamaxı rayonunda ASAN xidmət və Əlillərin regional bərpa mərkəz­ləri yaradılıb. Son dövrdə 8 orta məktəb, 7 modul tipli məktəb binası tikilib. Göylər 1 saylı və Hacıqədirli tam orta məktəbləri isə bu il istifadəyə veriləcək. Yerli əhəmiy­yətli avtomobil yollarının, rayon mərkəzin­də küçə və səkilərin asfaltlaşdırılması da­vam etdirilir. 2019-cu il fevral ayının 5-də Şamaxıda baş vermiş dağıdıcı zəlzələnin nəticələrini aradan qaldırmaq üçün yük­sək sürətlə quruculuq işləri aparılıb. Bu məqsədlə 5 mindən çox müraciətə baxılıb və operativ tədbirlər görülüb.

Əhalinin qaz, elektrik enerjisi, içmə­li və texniki su təchizatı yaxşılaşdırılır. Şəhər və kəndlərin abadlaşdırılması ilə bağlı tədbirlər də sistemli aparılır. Rayon mərkəzində böyük bir ərazini əhatə edən, illərlə baxımsız qalan 20 Yanvar parkı ye­nidən qurulur. Orada insanların mədəni istirahəti üçün xüsusi guşələr və obyekt­lər yaradılması nəzərdə tutulub. Rayon­da əmək qabiliyyətli əhalinin işlə təmin olunması üçün sistemli iş aparılır. Son 4 ildə 46 mindən çox işsiz üçün istehsalat və digər sahələrdə iş yerləri açılıb. 1165 ailə və 5231 nəfər ünvanlı sosial yardımla təmin olunub. 

Şamaxı daim üzümçülük diyarı kimi tanınıb. İndi yenidən üzümçülüyün və şə­rabçılığın inkişafına xüsusi diqqət yetirilir. Son illərdə 2 min hektar yeni üzümlüklər salınıb, vaxtı keçmiş bağlar təzələnib. 

Bütün bunlar barədə ətraflı məlu­mat verən İctimai Şuranın rəhbəri Ey­balı Ağayev müşahidə edilən problem­lər barədə də söhbət açdı:

– Səhiyyə xidməti sahəsində gö­rülən müəyyən işlərlə yanaşı, Mərkəzi Xəstəxana sistemində 46 həkim, 70-dən çox orta tibb işçisi çatışmır. Təkcə Göy­lər kənd xəstəxanasında 98 ştatdan 37-si boşdur. Təcili tibbi yardımda isə nəqliyyat vasitələri və işçilər çatışmır. Sabir qəsəbə həkim məntəqəsində 3, Çarhan kəndində 2, Məlikçobanlı və I Çaylı kəndlərində tibb bacısı ştatları boşdur. Mərzəndiyyə, Məlhəm, Ərçiman, II Cabanı, Qonaqkənd, Qaravəlli, Dəmirçi, Dağ Bağırlı, Quşçu kənd tibb məntəqələrində orta tibb işçiləri yoxdur. Təəssüf ki, bu gün, təxminən, 15 min nəfər tibb xidmətlərindən öz ərazilə­rində istifadə edə bilmir. Sakinlər adi bir iynə vurdurmaq üçün uzaq məsafələri qət etməli olurlar. Bu vəziyyət TƏBİB-in rəh­bərliyinə məlum olsa da, bir ildən çoxdur ki, əməli tədbirlər görülmür. 

Yeri gəlmişkən qeyd edək ki, Şamaxı­da bütün respublika üçün orta ixtisaslı kadr hazırlayan tibb texnikumu 40 il qa­baq səbəbi bilinmədən bağlanıb. Səhiy­yə Nazirliyi isə həmin məktəbin açılması barədə təklifimizi araşdırmadan rədd ca­vabı verib. 

Şamaxıda xəstəxana və poliklinikanın vəziyyəti də ürəkaçan deyil. Xəstələr qon­şu rayonlara və Bakıya üz tuturlar. Qonşu rayonların hamısında yeni tipli xəstəxa­nalar var. Lakin regional mərkəz sayılan Şamaxının müasir tipli xəstəxanası yox­dur. Böyük Xınıslı və Kiçik Xınıslı kənd­lərində fəaliyyət göstərən uşaq bağçaları evlərdə yerləşir, Şəhriyar qəsəbəsindəki bağça illərdir ki, təmirini gözləyir. Modul tipli uşaq bağçası və körpələr evinin tikin­tisinə ciddi ehtiyac var. Uzun illər bundan əvvəl Şamaxı şəhərinin görkəmli yerində tikilən peşə məktəbi şəhərciyi köhnəlmiş, bəzi hissələri dağılmaq üzrədir. 

Şamaxıda yaşıllıq tədbirlərini geniş­ləndirmək üçün kommunal təsərrüfatı MMC nəzdində tingçilik bölməsinin yara­dılması təşəbbüsünü qaldırmışıq. Tingçi­lik sahəsi olarsa yerli şəraitə uyğun ağac növlərinin yetişdirilməsi on dəfələrlə ucuz başa gələcək. Rayon icra hakimiyyəti rəhbərliyi bunun üçün münasib su ehtiyatı olan yerdə 2 hektar sahə ayırıb. 

Şura üzvləri Prezident İlham Əliyevin ictimai nəzarət sisteminin qarşısında qoy­duğu vəzifələri lazımi səviyyədə yerinə yetirmək üçün fəaliyyətini təşəbbüskarlıq­la davam etdirir, icra qurumlarının təsirli tədbirlər görməsinə nail olur. 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri



Sosial həyat