Güzdəyin şərəf ünvanına çevrilən igid

post-img

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti silahlı təxribatına cavab olaraq ordumuzun əks-hücum əməliyyatları başlananda, hər yerdə olduğu kimi, Güzdək qəsəbəsi icra nümayəndəliyinin qarşısında da çoxlu gənc toplaşmışdı. Hamısı döyüş bölgəsinə gedib vuruşmaq istəyirdi. Rüstəm Turabov da onların arasında idi. O, evin tək oğlu olsa da könüllü yazılmağa gəlmişdi.

Dünəndən bir-biri ilə qaçdı-tutdu, giz­lən-qaç oynayan uşaqlar artıq böyüyüb, Vətənin çağırışı ilə cəbhəyə getdilər. 44 günlük zəfər yürüşündən sonra onlardan sağ-salamat geri dönənləri də oldu, ya­ralananları da. Rüstəm Turabov isə şə­hidlik zirvəsinə ucaldı.

1998-ci il sentyabr ayının 22-də Abşeron rayonunun Güzdək qəsəbə­sində anadan olan Rüstəm məktəbi bi­tirdikdən sonra 2016-cı ildə Hərbi Hava Qüvvələrində qulluq edib. 2020-ci ildə Qarabağ uğrunda gedən döyüşlərə qa­tılan Rüstəm Cəbrayıl, Füzuli, Hadrut, Xocavənd ərazilərində şücaət göstərib. 2020-ci il oktyabr ayının 15-də Ərgünəş yüksəkliyinin azad olunması uğrunda gedən əməliyyatlarda qəhrəmancasına şəhid olub.

Döyüş yoldaşı Hüseyn Vəliyev onun barədə danışaraq dedi:

– Rüstəm mehriban yoldaş, cəsur döyüşçü idi. İlk döyüşlərimiz Cəbrayılda oldu. Həmişə ön sırada olurdu, cəsarəti ilə bizi ruhlandırırdı. İlk şəhidimiz də elə Rüstəm oldu. Ölümü bizi çox sarsıtdı. 

Şəhid haqqında anası Kəmalə Tu­rabova yana-yana danışdı:

–Uşaq vaxtı mən ona Xocalı faciə­sindən, erməni vəhşiliyindən danışanda deyərdi ki, ana, mən gedib torpaqları­mızı alacağam. Vətənpərvər idi, izlədiyi filmlərin çoxu da bu mövzuda olurdu. Bizdən xəbərsiz könüllü olaraq cəbhəyə yazıldı. Sentyabrın 28-i çağırış kağızı gəldi. “Əgər qorxursansa getmə” – de­dim. Güldü, “Qorxmuram, Vətən uğrun­da döyüşmək mənim arzum idi”– dedi. Səhər balamı yola saldıq. Bir gün onun evdəki paltarlarını yuyanda, nədənsə, mənə elə gəldi ki, bu sonuncu olacaq. Ağlıma gələn başıma gəldi, Rüstəm şə­hid oldu. Onun yoxluğunu qəbul etmək çətin olsa da,Vətənə qurban getməsin­dən təsəlli tapıram. Mən oğlumla fəxr edirəm. Təki Vətən sağ olsun!

Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Rüstəm Fərman oğlu Turabov ölümün­dən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. “Xocavəndin azad olunması­na görə” və “Füzulinin azad olunmasına görə” medallarına da layiq görülüb.

Qəsəbəmizdəki küçələrdən birinə Rüstəm Turabovun adı verilib, xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə-bulaq tikilib. Əbəs yerə deyilmir ki, igid ölər adı qalar.

Rüfət MƏHƏRRƏMOV



Sosial həyat