Baş Qərvənd də “Ağıllı kənd” olacaq

post-img

Emin Hüseynov: “Layihə Azərbaycanın vəsaiti hesabına həyata keçiriləcək”

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq 2026-cı ilin sonuna qədər 34 min 600 ailənin köçürülməsi nəzərdə tutulur. 

Bu istiqamətdə bərpa ediləcək şəhər, kənd və qəsəbələrin konkret siyahısı təsbit olunub. Bu layihə çərçivəsində ən önəmli komponentlərdən biri də “Ağıl­lı kənd” və “Ağıllı şəhər”lərin tikintisidir. Artıq ilk belə kənd Zəngilan rayonunun Ağalı kəndində salınıb sakinlərin istifadə­sinə verilib və orada artıq ailələr yaşayır. Növbəti belə bir kənd isə Azərbaycan dövlətinin öz maliyyəsi hesabına Füzuli rayonunun Dövlətyarlı kəndində tikiləcək. 

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Res­publikası Prezidentinin xüsusi nümayən­dəsi Emin Hüseynov bu mövzuda açıqla­masının davamında bildirib ki, Dövlətyarlı kəndində artıq layihələndirilmə işləri ye­kunlaşmaq mərhələsindədir. Kənddə bir ay ərzində torpaq işlərinə başlanılacaq. Dövlət satınalmaları proseduru isə artıq işə başlayıb: “Bu istiqamətdə üçüncü belə bir layihə Ağdam rayonunun Baş Qərvənd kəndində reallaşacaq. Digər əv­vəlki layihələrdən fərqli olaraq Baş Qər­vənd kəndinin Slovakiya Respublikasının mütəxəssisləri tərəfindən layihələndi­rilərək “Ağıllı kənd” kimi bərpa olunması nəzərdə tutulur. Sözsüz ki, bu layihə də Azərbaycan dövlətinin vəsaiti hesabına həyata keçiriləcək. Amma burada tətbiq ediləcək “ağıllı” həllər məhz dünyada in-frastruktur sahəsində geniş tətbiq olunur. Hesab edirik ki, bu da bərpa prosesində baş verən yeniliklərdən biridir”.

Qeyd edək ki, layihə çərçivəsin­də, ümumilikdə ərazisi 470 hektar olan bir kəndin tamamilə yenidən qurularaq “Ağıllı kənd” kimi bərpası nəzərdə tutulur. Birinci mərhələdə 5 min 500, sonra isə 1170 nəfərin köçürülməsi planlaşdırılır. Əvvəlcə 917, növbəti mərhələdə isə 600 ev tikiləcək.

Layihəni önəmli edən digər bir məqam isə Baş Qərvənd kəndinin keç­miş təmas xəttində yerləşməsidir. Kənd həddindən artıq mina ilə çirklənib. Buna baxmayaraq, işlər layihəyə uyğun aparı­lacaq.

XQ

Sosial həyat