“Azəriqaz”: bir addım irəli, iki addım geri

post-img

Müəmmalı sayğacdəyişmə əməliyyatı geniş ictimai narahatlıq yaradıb

Azərbaycanda kommunal ödənişlərin elektron hesab­laşma vasitəsi ilə həyata keçirilməsi əhalidə böyük məmnunluq doğurur. Çünki bu sistemin tətbiqi istənilən mübahisələrin yaranmama­sı, eyni zamanda, vaxta qə­naət edilməsi baxımından daha əlverişlidir. Elektron sayğaclarda qeydə alınan istehlak həcminə görə su, qaz və elektrik enerjisi ödə­nişlərinin həyata keçirilmə­si sivil dünya təcrübəsinə də uyğundur.

Ancaq son illər daha müasir elektron qaz sayğaclarının mexaniki-elektron qaz sayğacları ilə əvəzlənməsi həyata keçiri­lir. Bununla bağlı müvafiq dövlət qurumları tərəfindən müəyyən açıqlamalar da verilir. Amma bir çox hallarda həmin dəyişdirmə prosesi sakinlərin xəbəri olmadan aparı­lır. Hətta bu proses o qədər gizli, xəlvəti aparılır ki, mənzil sahibi qaz sayğacının əvəzlənməsindən sonrakı günlərdə xə­bər tutur. Bu, nə qədər doğru-düzgündür? Ümumiyyətlə, mənzil sahibinin icazəsi ol­madan qaz sayğacının dəyişdirilməsi nə dərəcədə qanunidir?

Bundan başqa, sayğac əvəzlənir, amma mənzil sahibinə qazın sonrakı is­tehlakı barədə hər hansı bir məlumat ve­rilmir. Axı heç də hamı mexaniki-elektron sayğaclar haqqında verilən məlumatları bilmir. Hələ bu, harasıdır? “Azəriqaz”ın işçiləri tərəfindən sayğac dəyişdirildikdən sonra qaz xətti bağlanır. Ev sahibinə is­tifadə qaydası ilə bağlı məlumat vermək, sayğac nömrəsini xatırlatmaq belə “unu­dulur”. 

Necə deyərlər, əlimizin altında bütün bu qanunsuzluqları təsdiqləyən kifayət qədər faktlar var. Ölkə mediasında da “sayğacdəyişmə əməliyyatı” ilə əlaqədar çoxsaylı materiallar verilib. Bir neçə gün bundan əvvəl əməkdaşımızın rastlaşdığı fakt da bu özbaşınalığı təsdiqləyir. Belə ki, ailə “Azəriqaz” işçilərinin “oğurluq yolla” elektron sayğacı mexaniki sayğacla əvəz­ləmələrindən gec xəbər tutur və bəxtləri gətirir ki, bu əməliyyatın nəticəsi xatasız ötüşür. “Xatasız” ona görə deyirik ki, “oğru qazçılar” sayğacı dəyişdirərkən mənzildə qaz xətti işlək vəziyyətdə olmayıb. Əks halda “mavi yanacaq” verilişi dayanar, bir müddət sonra isə Allah göstərməsin, hə­min mənzildə nələr olarmış... 

…Sayğaclar dəyişdirilməyə başlandığı ilk vaxtlarda həmkarlarımızdan biri axşam işdən evə qayıdarkən darvazadan çöldə üç nəfərin üst-başlarını çırpıb yola düzəl­diklərini görür. Həmin şəxslərin burada nə iş gördükləri ilə maraqlanır və məlum olur ki, onlar bir il-il yarım əvvəl quraşdı­rılan elektron sayğacı mexaniki sayğacla əvəzləyən “Azəriqaz”ın işçiləridir. “Bu işə başlamazdan əvvəl ev sahibi niyə xəbər­dar edilməyib, razı olub-olmaması niyə öyrənilməyib? Qarşılıqlı şəkildə sənədləş­dirilmə aparılması, köhnə smart sayğac­ların əvəzlənmədən əvvəl dəyişdirilməyə ehtiyacının olub-olmamasının müəyyən­ləşdirilməsi məqsədilə cihazın laborator yoxlamadan keçirilməsi niyə “unudulub”? 

İndi bunları oxuyan “Azəriqaz” rəsmilə­ri belə qanunsuzluğa müxtəlif yollarla haqq qazandlrmağa, özlərini, təmsil etdikləri qu­rumu təmizə çıxarmağa çalışacaqlar. An­caq fakt faktlığında qalır və bütün bunlar təkzibedilməz dəlil-sübutlardır. Hələ biz indiki halda–mexaniki sayğaclardan istifa­də olunduğu şəraitdə bildiriş verilmədən, xəbərdarlıq edilmədən qaz verilişinin qəf­lətən plomblama aparılaraq kəsilməsinini demirik. Elektron sayğaclarda isə belə öz­başınalığa yol verilməsi mümkün deyildi.

Yeri gəlmişkən, bu məsələ ilə bağlı bir müəmma barədə də fikirlərimizi diqqətə çatdırmaq istərdik. Onu da deyək ki, indi xatırladacağımız məsələdə “Azəriqaz”ın əli olması iddiasında da deyilik. Belə ki, sayğac dəyiş-düyüşü ərəfəsində elekt­ron sayğacların şüşələri, üst qapaqları naməlum şəxslər tərəfindən gizli şəkildə kütləvi halda sındırılırdı. Ev sahibi isə bu hadisədən heç cür xəbərdar ola bilməz­di. Həyətin çölündən–hasardan asılan sayğac korlanırsa vətəndaş nə etməlidir? Onun, sadəcə, qaz nəzarətçisinə məlumat verməkdən başqa yolu qalmır. Amma qə­ribədir ki, bu məsələdə abonent heç bir cavabdehlik daşımadığına baxmayaraq, qeyri-qanuni cəzalandırılır da… 

Bu baxımdan, Gəncə şəhəri Cavad-xan küçəsi, ev 53, mənzil 33-də qeydiy­yatda olan, lakin digər bir ünvanda yaşa­yan Azər Qurbanov adlı vətəndaşın Azad İstehlakçılar Birliyinə ünvanladığı məktub diqqət çəkir. A.Qurbanov qeyd edir ki, qaz sayğacının naməlum şəkildə sındırıldığı üçün Gəncə Qaz İstismar İdarəsi ona əv­vəlcə sayğacın dəyişdirilməsinə görə 91 manat 21 (?) qəpik ödətdirib. Sonra isə sayğacı laboratoriyaya göndərərək, guya, cihaza müdaxilə olub, deyə 1555 manat cərimələyib. İstehlakçı ərizəsində bununla bağlı polisə, müfafiq qaz idarəsinə müra­ciət etdiyini bildirsə də, heç bir tədbir gö­rülməyib. Bu isə, istehlakçı hüquqlarının pozulması, özbaşınalıq deməkdir. Onu da qeyd etmək lazımdır ki, Azər Qurbanov kimi istehlakçı hüququ pozulan başqa vətəndaşlar da var. 

Bəs qaz sayğacı zədələndikdə kim tərəfindən təmir edilməlidir? “Qaz təchi­zatı haqqında” Qanunun 13.9-cu maddə­sinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zə­dələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həya­ta keçirilir. Zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə təmir istehlak­çının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan ke­çirilməsi istehlakçıdan tələb edildikdə, bu halda bunun hüquqi əsası göstərilməlidir. Əlavə edək ki, mənzillərdən, xüsusən də həyət evlərindən kənarda quraşdırılmış qaz, su və işıq sayğaclarına istehlakçının bütün hallarda nəzarət etmək imkanı yox­dur. Bəlkə, bunun üçün hərənin qapısının ağzında bir video-kamera quraşdırılmalı­dır?

Bu yerdə “Azəriqaz” İstehsalat Birliyi­nin işçilərinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respub­likası Qanununun 21-ci maddəsini xatırlat­maq istərdik. İstehlakçıların hüquqlarının pozulmasına görə məsuliyyət adlanan həmin maddədə isə deyilir: Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azər­baycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Yeri gəlmişkən, media təmsilçiləri yuxarıda qeyd edilən faktları “Azəriqaz” İstehsalat Birliyinə çatdıranda qətiyyən razılaşmaq istəmir, israrla “bu ola bilməz, bu mümkün deyil” kimi sözlərlə günahla­rını ört-basdır etməyə çalışırlar: “Dövlət yoxlanışı zamanı sayğaca əvvəlcə vizual baxış olur, daha sonra o, istehsalat birli­yi tərəfindən götürülərək daxili qüsurları öyrənilir”. “Smart” sayğaclar dəyişdirilən zaman onun üzərində qalan məbləğ isə abonentin balansına köçürülür. Bu proses minimum 10, maksimum 1 ay müddətində ola bilər”. Əslində, bu cavab özünü sığor­talamaqdan, təmizə çıxarmaqdan başqa bir şey deyil. 

Fikir verin, “Azəriqaz” “smart” say­ğacların mexaniki sayğacla əvəzlənmə­sini belə bir arqumentlə əsaslandırır: “Bu əvəzlənmə prosesi istehsalat birliyi üçün sərfəlidir. Çünki mexaniki sayğacların qiy­məti “smart”larla müqayisədə daha ucuz­dur”. Əgər belədirsə, “bahalı” sayğacları kimlər və nə məqsədlə alıb quraşdırmışdı­lar? Əslində isə müasir texnologiya tətbiq edilməklə bir addım irəli atılıb, indi isə iki addım geri çəkilirlər. 

“Azəriqaz”ın digər bir əsassız, inandı­rıcı olmayan arqumenti: “Hər iki sayğacın funksiyası eynidir və eyni işi görür. Hətta mexaniki sayğacların üstünlüyü də var ki, onlayn ödəniş mümkündür və daimi qaz verilişi var. “Smart” tipli sayğaclarda kart­da olan vəsait bitdikdə qazın verilməsi da­yandırılırsa, mexaniki sayğaclarda bildirişi aldıqdan 30 gün ərzində abonentin möhlət hüququ olur”.

Bu abzasdakı birinci cümləni dilə gə­tirən “Azəriqaz” əməkdaşı “Hər iki say­ğacın funksiyası eynidir və eyni işi görür” söyləməklə nə demək istəyir? Eynidirsə, niyə dəyişdirilir, əlavə pul xərclənir?

Bir daha təkrar edirik, bu məsələlər ətrafında “baş sındırmaq”, fikrimizcə, bəlkə də ikinci dərəcəli məsələdir. Əsas narahatlıq doğuran cəhət smart sayğac­lar mexaniki-elektron qaz sayğacları ilə əvəzlənərkən nəzərdə tutulan prosedurun pozulması-dəyişdirmə prosesinin hansı səbəbdənsə sakinlərdən xəbərsiz, gizli və xəlvəti aparılmasıdır.

Eyyub HÜSEYNOV,
Azad İstehlakçılar Birliyinin sədri

“Azəriqaz”dan şikayətlər həddin­dən artıq çoxdur. Onların məzmunu isə, əsasən, sayğaclarla bağlıdır. Belə ki, əksər istehlakçılar qeyd edirlər ki, “Azəriqaz”ın işçilərini onları sayğaca müdaxilədə ittiham edir, bununla bağlı yüksək məbləğdə cərimə olunduqlarını bildirirlər. Əvvəllər isə bu məzmunda şikayətlər “Azərişıq”dan olurdu. Belə hallarda mən həmişə Çarli Çaplinin bir filmini xatırladıram, orada əsərin qəh­rəmanı gündüzlər şüşə salır, gecələr isə onu sındırır. İndi kimə lazımdırsa, sayğaca da o müdaxilə edir, şüşəsi­ni qırıb dağıdır. Üstəlik, mövcud qa­nunvericiliyə, istehlakçılarla bağlanan müqavilənin şərtlərinə görə, mənzildən kənarda quraşdırılmış sayğaclara is­tehlakçı birmənalı olaraq cavabdeh de­yil. Bizə gələn şikayətlərdə, hətta həyət evlərində belə, hasardan kənarda olan sayğaclara guya müdaxilə edilməsi ilə bağlı əsassız cərimələrin yazıldığından narahatlıq ifadə olunur. Bu, istehlakçı hüquqlarını müdafiə edən bir qurum kimi bizi də ciddi narahat edir. Düşü­nürəm ki, bu, birmənalı olaraq istehlak­çı hüquqlarının pozulmasıdır. 

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev böyük bir quru­ma rəhbərlik edir. Onun rəhbərlik etdiyi qurumda bütün müraciətlərə etinasız yanaşılır, şikayətlərə laqeyd münasibət bəslənilir. Bu da vətəndaşların haqlı narazılığına səbəb olur. Düşünürəm ki, Ruslan Əliyev bu narazılıqları nəzərə almalı, şikayətlərə həssaslıqla yanaş­malıdır. İstehlakçının problemi ilə də­rindən maraqlanmalıdır. 

O ki qaldı sayğacların hər beş ildən bir dəyişdirilməsinə, qurum sübut et­məyə cəhd göstərir ki, həmin müddət­də sayğacların nazim çarxları yeyilir. Düzdür, belə olan təqdirdə nəzarət-ölçü cihazının ya istehlakçının, ya da qaz tə­chizatçısının zərərinə sərfiyyat hesab­laması mümkündür. Elə “Azəriqaz”dada bunu belə əsaslandırırlar. Olsun. Bununla biz də razılaşırıq. Axı, unut­maq lazım deyil ki, istehlakçının yerli və beynəlxalq hüquqları var. Onlardan biri də seçim hüququdur. Bir haşiyə çıxım: bu yaxınlarda birliyə Bakı şəhə­ri Nizami küçəsindən Rəfael adlı bir istehlakçının şikayətini göndərmişəm. Vətəndaş sayğacını dəyişdirib mexa­niki sayğaca keçmək istəyir. Nəticə isə yoxdur. İstehlakçının sayğacını nə üçün dəyişmirsiniz,– deyə sual edirəm. Cavabında bildirirlər ki, “Azəriqaz”da sayğac yoxdur. Yaxşı, onda belə çıxır ki, onlara nə sərf edirsə, qazı da onunla satırlar. 

Yeri gəlmişkən, uzun illər istehlak­çılar digər sahələrdə də aldadılıb. Vaxt var idi, camaat cibində yaylı tərəzi gəz­dirirdi. İndi istehlakçılar neyləməlidirlər, ciblərində sayğac gəzdirməlidirlər? Bir sözlə, bu sahədə anormal bir vəziy­yət hökm sürür. Mən birmənalı şəkildə qeyd edirəm ki, sayğaca qaz təchizat­çısı cavabdehdir. Necə qoruyur, onu özü bilər. Əksər hallarda istehlakçılara böhtan atılır. Necə ola bilər ki, istehlak­çı özü sayğacı sındırıb gedib cərimə ödəsin. 

Onu da deyim ki, sayğacların yox­lanılmasında da qeyri-şəffaflıq var. Çox yaxşı haldır ki, sayğacların yoxlanma­sına Azərbaycan Metrologiya İnstitutu nəzarət edəcək. Bu olduqca müsbət haldır. Yəni qaz təchizatçısı ilə sayğac yoxlayan, necə deyərlər, bir əldə cəm­ləşməli deyil. Bunlar bir-birinə oppo­nent olmalıdır. Sayğacların yoxlanılma­sını təchizatçı deyil, müstəqil təşkilat həyata keçirməlidir. 

Təəssüf ki, Azərbaycanda bir çox məsələlər bir qurumun əlində birləşir və son nəticədə böyük narazılıq yara­nır. Belə hallarda istehlakçıların hüquq­ları ciddi şəkildə pozulur. Qeyd edim ki, Azərbaycan hökuməti xidmət sferası qurumları üçün kifayət qədər rahat bir şərait yaradıb, o cümlədən “Azəriqaz” üçün. Lakin bir sıra xidmət qurumları, eləcə də “Azəriqaz” bundan sui-istifadə edərək istehlakçıların hüquqlarını po­zur. Mütləq şəffaflıq olmalı və bu cür hallara birdəfəlik son qoyulmalıdır.

V.BAYRAMOV, M.QULİYEV, XQ



Sosial həyat