“Torpağın arzusu”

post-img

Azərbaycan təbiətinin misilsiz tərənnümçüsü xalq rəssamı Səttar Bəhlulzadənin yaradıcılığında “Torpağın arzusu” əsəri xüsusi yer tutur. Hazırda Azərbaycan Milli İncəsənət Muzeyini bəzəyən bu əsər 1963-cü ildə çəkilib. 

Tabloda Bakı ilə Sumqayıt arasında yerləşən Ceyranbatan gölü öz əksini tapıb. Bu göl paytaxtı içməli su ilə təmin edən mənbələrdən biri olduğundan onun ötən əsrin altmışıncı illərinin əvvəllərində qurumağa başlaması ciddi narahatlıq doğururdu. Təbii ki, rəssam da bu hadisəyə biganə qala bilməzdi. Həmin günlərdə Səttar Bəhlulzadə də bu acı mənzərəni öz gözləri ilə görmək üçün Ceyranbatana yollanır. 

 Azərbaycan təbiətinin göz oxşayan, insanı şövqə gətirən mənzərələri ilə qarşılaşmağa alışmış rəssam buradakı acınacaqlı mənzərədən sarsılır. Onun gözünə quruluqdan çat-çat olmuş torpağın altından işıqlı dünyaya baxmağa can atan tək lalə qönçəsi sataşır. Rəssam hiss edir ki, bu yerdə suların çağlaması, cadarlanmış torpağın, ən çox da bu lalənin arzusudur. Əyilərək lalənin boy atmasına əngəl olan kəsəyi yavaşca çıxarır. Qönçənin və torpağın arzusunu duyur. Emalatxanaya qayıtdıqdan sonra isə aləmə haray salan “Torpağın arzusu”nu ərsəyə gətirir...

 Əslində, nə o vaxt, nə də sonralar, təəssüf ki, bu gölün ətrafı laləliyə dönmədi. Amma rəssamın təxəyyülünün nəticəsi olan “Torpağın arzusu” əsərində bizə təlqin edilən odur ki, su olan yerdə gözəllik də olacaq, lalələr də açacaq. Ona görə də, rəssamın bir çox tablolarında olduğu kimi, bu əsərdə də təbiət olduğundan da əlvan, təravətli və daha canlıdır. Rəssam həmişə deyərmiş ki, Azərbaycan torpağının hər hansı guşəsini tanımaq üçün yox, tanıtmaq üçün çəkirəm. Ceyranbatan gölünün taleyinə həssas münasibət – 
“Torpağın arzusu” da bu sevgidən qaynaqlanmışdır.

Leyla HADİ,
tələbə-jurnalist

 

Sosial həyat