Xalqın bir əsrlik salnaməsi

post-img

Anadilli mətbuatımızın bayraqdarı – “Xalq qəzeti” 104 ildir ki, fasiləsiz çıxaraq oxucuları ilə 30 min 295-ci dəfə görüşə gəlmişdir

“Xalq qəzeti” mənalı yaradıcılıq yolu keç­miş, özünəməxsus üslub və sənətkarlıq xü­susiyyətləri olan nəşrlərimizdəndir. Uzun müddət “Kommunist” adı ilə nəşr edilən bu qəzet bütün sovet dövrü ərzində Azərbay­canın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur. 

Respublikada qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inki­şafında “Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd olunmalıdır. Bugünkü çoxsəsli, rən­garəng Azərbaycan mətbuatının bir çox görkəmli nümayəndələri bu qəzetin yaradı­cılıq məktəbini keçmişlər.

Müstəqilliyimizin qazanılmasından son­ra da “Xalq qəzeti” respublikanın ictimai həyatında baş verən hadisələrə cəsarətlə müdaxilə etmiş, bir çox problemlərin aşkar­lanmasında mühüm rol oynamışdır. Aman­sız təcavüzkara qarşı apardığımız ədalətli müharibə qəzetin daimi mövzusuna çevri­mişdir. Bu gün qəzet müstəqil Azərbaycan­da hüquqi və demokratik dövlət quruculuğu işində güclü səfərbəredici rol oynayır...

Ümummilli lider Heydər Əliyevin ilk nömrəsinin çapdan çıxmasının 75 illiyi münasibətilə “Xalq qəzeti” redaksiyasının kollektivinə ünvanladığı təbrik məktubundan.

25 avqust 1994-cü il

Avqustun 29-da “Xalq qəzeti”nin 104 yaşı tamam olur. Bu nəşr sovet dövründə partiya orqanı olmasına baxmayaraq Azərbaycanın XX əsrin sonlarına doğru əldə etdiyi müstəqillikdə müstəsna rol oynamış, üzərindəki kommunist buxovunu ataraq, yeni gün uğrunda xalq əzmkarlığının tribunasına çevrilməyi bacarmışdı. 

Bu dəst-xətt əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın ənənələrinə sadiqlikdən xəbər verən baş­lıca xüsusiyyət idi. Həsən bəyin “Əkinçi”si cəmiyyətdə qəzet bumu formalaşdırmış və bu, nəticə etibarilə 1918-ci il müstəqil­liyinə aparan yola ideoloji zənginlik gətir­mişdisə, mətbuatımız eyni missiyanı əsrin sonlarına doğru yenidən təkrarlamış və o zaman “Xalq qəzeti”nin kollektivi də öndə olmuş, istiqlalımızın məfkurəvi strukturu­nun formalaşmasına əməli töhfə vermiş­di. Bu, jurnalist peşəkarlığının milli maraq və mənafelər naminə səfərbərliyinin bariz nümunəsi kimi yaddaşlarda əbədi qala­caq tarixdir. “Xalq qəzeti” olaraq keçilən yola, həmçinin tariximizin bir parçası­na nəzər salmaq üçün avqustun 29-dək qəzetimizin Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında oyna­dığı rola işıq salan materialların dərcinə başlayırıq. Güman edirik ki, oxucularımız üçün də maraqlı olacaq. Bu baxımdan ilk materialın müəllifi isə “Xalq qəzeti”nin baş redaktorunun birinci müavini Qüdrət Piri­yevdir.

“Kommunist” (indiki “Xalq qəzeti”) qəzetinin ilk nömrəsi 1919-cu il avqus­tun 29-da işıq üzü gördü. Adından da göründüyü kimi, “Kommunist” özün­dən əvvəl çıxan “Dəvət-Qoç”, “Tə­kamül”, “Yaddaş”, “Hümmət” (1917-1918-ci illər), “Bakı Şurasının Əxbarı” kimi bolşevik qəzetlərinin sırasına qo­şuldu. Bu, heç şübhəsiz, Azərbaycan Xalq Cümhuriyyəti dövründə mövcud olmuş demokratik mühitdən qaynaqla­nırdı. Nəşrin ilk nömrəsi o dövrün ta­nınmış marksistlərindən olan Ruhulla Axundovun redaktəsi ilə 4 min tirajla çıxmışdı.

“Kommunist” Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan iki gün son­ra – 1920-ci il aprelin 30-dan özünü sovet quruculuğu ab-havasına kök­ləyərək fəaliyyət göstərməsinə və partiyanın ideoloji ruporu olmasına baxmayaraq, anadilli nəşrlərimizin bayraqdarına çevrilmişdi. Yaradıcı heyətini genişlənmiş nəşr respublika­nın siyasi, iqtisadi və mədəni həyatını güzgü kimi əks etdirməyə başlamışdı. Qəzet Azərbaycan zəhmətkeşlərinin, xüsusən Bakı fəhlələrinin neft səna­yesinin bərpasındakı və inkişafındakı böyük əzmkarlıqlarını, fədakarlıqla­rını geniş auditoriyaya çatdırmaqla püxtələşmişdi.

“Kommunist”in ilk nömrələrindən başlayaraq, Azərbaycan insanının sa­vadlanmasını, maariflənməsini təbliğ edən mərkəz funksiyasını yerinə ye­tirməsinin qısqanclıqla qarşılandığı, qəzetə millətçilik yuvası damğasının vurulduğu vaxtlar da olmuşdu. Nəşrin elə bir nömrəsi yox idi ki, orada mədəni quruculuqla bağlı materiallar, səhifələr olmasın. “Kommunist”in o dövrün ağır mirası olan savadsızlığa qarşı müba­rizədəki mövqeyi isə xüsusi vurğulan­malıdır. “Rədd olsun savadsızlıq!” ça­ğırışı qəzetin səhifələrindən düşmürdü. “Kommunist”in sayları savadsızlığını ləğv edən Azərbaycan fəhləsi və kənd­lisinin əlindən düşmürdü.

Mədəni quruculuğun bütün sahələ­rində ardıcıl mübarizə aparan “Kom­munist”in səhifələrindən pərvazlanan hər hansı təşəbbüs tez bir zamanda geniş yayılır, böyük hərəkata çevrilirdi. Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda ilk dəfə geniş mübarizə elan edən məhz “Kommunist” qəzeti ol­muşdur. “Dilimizin silahı” adı altında “Kommunist”in buraxdığı əlavələrin bu məsələyə dair onlarca tutarlı məqalə­nin ana dilimizin inkişafında böyük əhəmiyyəti olmuşdur. Qəzet yeni ya­ranmaqda olan ədəbiyyatın beşiyi başında durmuşdu. Gənc nasirlər və şairlər məhz “Kommunist”in ətrafında toplaşaraq öz qələmləri ilə xalqa xid­mət etməyə başladılar.

Mənsub olduğu siyasi-ideoloji sis­temin xarakterindən, toxunduğu möv­zuların çeşidindən, əhatə etdiyi coğra­fiyasından asılı olmayaraq, bu qəzet oxucusu ilə xalqın doğma ana dilində danışırdı. Təkcə danışmırdı, millətə, ilk növbədə, gənc nəslə Azərbaycan türkcəsini öyrədir və sevdirirdi.

Qəzetin daşıdığı milli ruhlu bu müqəddəs missiyanı böyük şairimiz Səməd Vurğun “Kommunist”in 20 illik yubileyinə həsr etdiyi şeirində xüsusi sevgi ilə nəzmə çəkmişdir:

Sən göstərdin ayna kimi hər insanın öz üzünü.

Mərd yarandın, üzə dedin bu dünyanın hər sözünü.

Sənin qəlbin – elin qəlbi, sənin ağzın – elin ağzı,

Səndən mərdlik öyrənmişdir ana yurdun oğlu-qızı.

“Kommunist”, 12 sentyabr 1939-cu il

Zəngin ədəbi irsimizin toplanma­sı, öyrənilməsi və nəşr edilməsi kimi nəcib bir iş də “Kommunist”in adı ilə bağlıdır. Redaksiya öz ətrafında o zaman Azərbaycanın tanınmış yazıçı və jurnalistlərini toplamışdı. Qəzetdə Cəfər Cabbarlı, Məmməd Səid Or­dubadi, Tağı Şahbazi, Seyid Hüseyn, Məmmədəli Sidqi, Süleyman Məlikov, Şəmsəddin Abbasov, Xəlil İbrahimov və digər təcrübəli qələm sahibləri iş­ləmişlər. Məşhur fırça ustası Əzim Əzimzadə 1922-ci ildən etibarən “Kommunist”in baş rəssamı olmuşdur. Sonradan təqribən əlli il ərzində onu Xalq rəssamı Hüseyn Əliyev əvəz et­mişdir. 

“Kommunist” qısa bir vaxt ərzində Azərbaycan zəhmətkeşlərinin sevimli qəzeti oldu. 1923-cü ilin dekabrında qəzetin mininci nömrəsinin çıxması respublikada əsl bayrama çevrildi. 

Qəzetin xalq arasında populyar­laşması respublikanı o illərdə idarə edən şovinist rus və daşnak erməni rəhbərlərinin diqqətindən yayına bil­məzdi. Bu fakt onları bərk narahat edirdi. Qəzetin gündəlik fəaliyyəti diqqətlə izlənilirdi. S.M.Kirovdan son­ra Azərbaycanın rəhbərliyinə gətirilmiş Levon Mirzoyanın bu fikirlərini haki­miyyətin “Kommunist” qəzetinə “etiba­rı”nın göstəricisi hesab etmək olardı. L.Mirzoyan demişdir ki, adının “Kom­munist” olmasına baxmayaraq, bu kollektiv müsavatçıların və pantürkist­lərin yığnağından ibarətdir. Təmizləmə aparılmalıdır!

Əslində, bu “təmizləmə”dən “Kom­munist”in başı bərk ağrıdı. İşçilərin bir çoxu redaksiyadan uzaqlaşdırıldı, qə­zetin rəhbərlərindən 5 nəfəri repressi­ya qurbanı oldu.

Buna baxmayaraq, “Kommunist” öz fəaliyyətini dövrün, zamanın tələb­lərinə uyğunlaşdıraraq davam etdirirdi. Qəzet Azərbaycan zəhmətkeşlərinin sənayeləşdirmə planının müvəffəqiy­yətlə həyata keçirilməsində göstərdiyi hünərə xüsusi diqqət ayırırdı. Qabaq­cıl iş üsullarının yayılmasında, zərbə­çilik hərəkatlarının genişlənməsində redaksiya səmərəli iş görürdü. “Kom­munist” Bakı fəhlələrinin neft beşilliyini iki il yarımda yerinə yetirmək uğrunda mübarizənin uğurları üçün böyük təbli­ğat və təşkilatçılıq işi aparırdı...

Bütün mübarizə sahələrində oldu­ğu kimi, “Kommunist” mədəni inqilab cəbhəsinin də yorulmaz döyüşçüsü olmuşdur. Qəzet “Şərqdə inqilab” kimi qiymətləndirilən yeni əlifba uğrunda mübarizənin ön sıralarında gedir, zəh­mətkeşlərin gündən-günə artan və yük­sələn mədəni tələbatını, bədii zövqünü və ehtiyacını ödəməyə çalışırdı. 

“Kommunist” Azərbaycan qadı­nının azadlığa çıxması, respublika­da gedən quruculuq prosesinə cəlb edilməsi uğrunda səmərəli mübarizə aparmış, bu işə əngəl törədənlərə qar­şı barışmaz olmuşdur. 

Qəzet o dövrdə beynəlxalq aləmdə baş verən hadisələri diqqət mərkəzin­də saxlayır, artıq başlanmış II Dünya müharibəsi barədə, hərbi vətənpər­vərlik mövzusunda yazılar verir, ölkə­nin müdafiə qabiliyyətinin möhkəm­ləndirilməsinə çağırırdı. 

Faşist Almaniyası 1941-ci il iyunun 22-də SSRİ-yə hücum etdi. Nəhəng imperiyanın tərkibində olan bütün xalqlar, o cümlədən, azərbaycanlılar Vətənin müdafiəsinə qalxdılar. “Kom­munist” müharibənin ilk günündən öz fəaliyyətini yurdun müdafiəsinə uy­ğunlaşdırdı, ön və arxa cəbhələrdə insanların göstərdiyi hünəri vəsf edən yazılar verdi.

Azərbaycanın mərd övladları mü­haribənin ən ağır və çətin çağlarında misilsiz hünərlər göstərir, düşmənə qarşı qəhrəmancasına vuruşurdular. Azərbaycan oxucusu ilk Sovet İttifaqı Qəhrəmanımız İsrafil Məmmədovu, iki dəfə Sovet İttifaqı Qəhrəmanımız, ge­neral-mayor Həzi Aslanovu və onlarca belə mərd oğullarımızı məhz “Kommu­nist”in səhifələrindən tanımışdır.

Respublikamızın qəhrəman fəh­lə sinfinin, xüsusən Bakı neftçiləri­nin, kolxozlarının, ziyalıların mühari­bə dövründəki fədakarlıqları qəzetin diqqətindən kənarda qalmırdı. Qəzet baş məqalələrindən birində yazırdı: “Arxa ön cəbhənin qüdrətli dayağıdır. Arxada bizim fədakarcasına çalışma­ğımız, bol yanacaq, döyüş sursatı və kənd təsərrüfatı məhsullar əldə etmə­yimiz özünü dərhal cəbhədə göstərir, döyüşçülərimizi, xalqımızın ən yaxşı oğullarını daha artıq fədakarlıq və qo­çaqlıq üçün ruhlandırır”.

(ardı var)





Sosial həyat