Uğursuzluğa məhkumların xam xəyalları

post-img

Ararat Mirzoyanın sərsəm açıqlamaları İrəvanın pozuculuq fəaliyyətindən əl çəkməyəcəyini göstərir

İstər regional platformalarda, istərsə də beynəlxalq müstəvidə ard-arda uğursuzluqla üzləşən, layiq olduqları cavabları alan Ermənistan rəhbərliyi siyasi destruktivlik xəttini davam etdirir. Hər vəchlə dinc danışıqların vaxtını, sülh sazişinin imzalanmasını uzatmağa çalışan İrəvan, az qala, hər gün Azərbaycanın ünvanına həqiqətdən uzaq, dezinformasiyaya söykənən yeni bəyanatlar, “ittihamlar” səsləndirməkdən yorulmur. 

Xəbər verildiyi kimi, Belçikanın Xa­rici işlər naziri Hadija Labibin Cənubi Qafqaza səfəri başlayıb. O, artıq İrə­vanda Ermənistan XİN-in başçısı Ararat Mirzoyanla görüşüb. Erməni mediası­nın məlumatına görə, görüşdən sonrakı mətbuat konfransında A.Mirzoyan de­yib ki, diskussiyanın mərkəzində, digər məsələlərlə yanaşı, “Dağlıq Qarabağda Azərbaycanın qeyri-qanuni şəkildə Laçın dəhlizini (?) bloklaması səbəbindən ya­ranan və dərinləşməkdə olan humanitar böhran” mövzusu olub. Hayastanın baş diplomatı bununla bağlı artıq çeynənmiş “arqumentlərini” bir daha təkrarlayıb: “2022-ci ilin dekabrında Azərbaycan La­çın dəhlizini (?) bağlayanda biz Avropa İttifaqının üzvlərinə, o cümlədən Belçi­kaya müraciət etmişdik. Bütün bunlara, eləcə də Beynəlxalq Məhkəmənin 6 iyul tarixli qərarına baxmayaraq, Azərbay­can dəhlizi açmayıb. Əlbəttə, buna digər hadisələrdən ayrıca baxmaq olmaz. Biz daim xəbərdarlıq etmişik ki, Azərbayca­nın hərəkətlərinin əsasında Dağlıq Qa­rabağı etnik təmizləməyə məruz qoymaq kimi açıq siyasət dayanır”. 

Belə məlum olur ki, Ararat Mizoyan ya bu faktı unudub, ya da onu xatırlamaq istəmir. Onda yadına salmağa dəyər. Məgər Ermənistanın baş naziri suveren Azərbaycanın, Qarabağ daxil olmaqla, ərazi bütövlüyünü tanıdığını Avropanın ən yüksək tribunasından bəyan və etiraf etməyibmi? De-fakto edib, həm də iki dəfə. Əgər belədirsə, onda niyə Azərbay­canın daxili işlərinə qarışırsınız? Çəkilin kənara, daxili məsələmizi özümüz həll edəcəyik. 

Belçikalı həmkarı ilə Dağlıq Qara­bağdakı (?) situasiyanın hədsiz dərəcə­də neqativ və qarşısıalınmaz mümkün fəsadlarını, məsələ ilə bağlı BMT Təh­lükəsizlik Şurasının təcili toplantısını, beynəlxalq tərəfdaşlara və strukturlara müraciətləri ətraflı müzakirə etdiyini bil­dirən Mirzoyanın sözlərinə görə, görüş­də, həmçinin qonağın diqqətinə son gün­lər Azərbaycanın Dağlıq Qarabağda (?) atəşkəs rejimini mütəmadi surətdə poz­duğu, Ermənistanın dövlət sərhədindəki mövqelərini atəşə tutduğu və bu barədə, hətta, Aİ-nin ölkəsindəki missiyasının məlumat yaydığı çatdırılıb. 

A.Mirzoyan mətbuat konfransında onu da qeyd edib ki, Azərbaycan 10 no­yabr 2020-ci il tarixli bəyanatın bəndlərini daim pozur. Hay diplomat feyk-açıqlama ilə kifayətlənməyib, bir az da irəli gedərək söyləyib: “Bakı erməni hərbi əsirlərin və saxlanılmış dinc sakinlərin qaytarılması kimi humanitar öhdəliyinə də əməl etmir”. 

* * *

Mətbuata açıqlamasının sonunda isə Ermənistan XİN-in başçısı əməlli-baş­lı “gül vurub”: “Ermənistan tərəfi bizim beynəlxalq tərəfdaşlarımızın siyasi iradə göstərərək Azərbaycanın antiinsani və müharibə ritorikalı, destruktiv hərəkətlə­rini dəyişməsindən ötrü effektli addımlar atacağını gözləyir”.

Hayastan rəhbərliyi yenə öz amplu­asına uyğun “gedişlər” edir, Şər maşını yalan və iftiraları dövriyyəyə buraxmaqla məşğuldur. Nikol Paşinyanın yaratdığı və özünün də girovuna çevrildiyi vəziyyət qarşıdakı üçtərəfli görüşdə sülhlə bağlı müsbət nəticələrin əldə olunmasına bəs­lənənən ümidləri xeyli dərəcədə zəiflətdi. Ona görə ki, Paşinyan və onun diploma­tiya idarəsi bu mövqeyi ilə Azərbaycanla sülh müqaviləsi imzalamaq iradəsində olmadığını nümayiş etdirdi. Əlavə olaraq, indi Ermənistan XİN-in “uzaqgörən və strateji” addımlardan xəbər verən bəya­natı danışıqların növbəti raundunda hər hansı irəliləyişin əldə olunmayacağından xəbər “müjdələyir”. 

Elə Ermənistan XİN-in mətbuat ka­tibi Ani Badalyanın jurnalistlərin sualla­rını cavablandırarkən dedikləri də bunu söyləməyə əsas verir. O, BMT Təhlükə­sizlik Şurasının 16 avqust tarixli iclası və ümumilikdə, müzakirələrin nəticələri ilə bağlı reallıqdan uzaq, ictimai rəylə manipulyasiyaya hesablanmış bir sıra fikirlər səsləndirib. 

“Azərbaycanın ərazilərinin işğalı nə­ticəsində qəbul edilmiş BMT Təhlükəsiz­lik Şurasının qərarlarını 30 ilə yaxın bir dövrdə heçə sayan və 44 günlük mühari­bədən sonra beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edən Ermənistan tərəfi son za­manlar yalnız Təhlükəsizlik Şurası ilə məhdudlaşmayan çoxsaylı manipulyasi­yalarla əsassız addımlar atmaqdadır”.

Bunu Azərbaycan Xarici İşlər Nazirli­yinin mətbuat katibi Ayxan Hacızadə Ani Badalyanın açıqlamasına şərhində bildi­rib. 

Rəsmi İrəvanın məsuliyyətsiz və məntiqsiz addımlarının mütəmadi şəkil­də uğursuzluğa düçar olduğuna, xəyal etdikləri heç bir nəticəni əldə edə bilmə­diklərinə diqqəti yönəldən A.Hacızadənin sözlərinə görə, Ermənistan tərəfi müxtə­lif bəhanələrlə və uzun-uzadı əsassız açıqlamalarla üzləşdiyi uğursuzluqları müxtəlif yalanlarla əsaslandırmağa, özü­nün pozuculuq fəaliyyətinə bəraət qa­zandırmağa çalışır: “Ermənistan XİN öz cəmiyyətində həqiqətə uyğun olmayan gözləntilər formalaşdırmaq və yalan dolu izahatlar vermək əvəzinə, beynəlxalq hüquqa əsaslanmaqla qonşu ölkələrlə münasibətləri normallaşdırmalı və bölgə­də sülhə mane olan pozucu fəaliyyətdən çəkinməlidir”. 

Bakı birinci dəfə deyil ki, İrəvanı özünə heç bir faydası olmayacaq, ək­sinə, ona ziyan gətirəcək pozuculuq fəaliyyətindən çəkinməyə çağırır. Üstə­lik, beynəlxalq təşkilatlara da Hayastan rəhbərliyinə siyasi təzyiq göstərilməsi ilə bağlı dəfələrlə müraciətlər edib. 

Nə çağırışları eşidirlər, nə də müra­ciətlərə reaksiya verirlər. Beş gün bundan əvvəl Ermənistanın baş naziri Nikol Pa­şinyan hökumətin iclasındakı çıxışında da BMT Təhlükəsizlik Şurasında aparılmış məlum müzakirələrin məğzini, üzv döv­lətlərin səfirləri tərəfindən səsləndirilən mövqeləri açıq-aşkar təhrif etdi. Onun bu yolla daxili elektoratın “siyasi qaynar­lığını” soyutmağa çalışması, ictimai rəylə manipulyasiya cəhdləri bir həqiqəti ortaya qoyur: Ermənistan üzləşdiyi siyasi, hərbi, ideoloji uğursuzluqla barışmaq istəmir. 

Başdan-ayağa yalan, əsassız iddia­larla müxtəlif instansiyalara müraciətlər ünvanlayan Ermənistan hakimiyyəti, nə­hayət, anlamalıdır ki, bölgədə sülhün və sabitliyin təmin edilməsinin yolu özünə saxtakar dəstəkçilər axtarmaqdan deyil, iki ölkənin qarşılıqlı şəkildə ərazi bütöv­lüyünü və suverenliyini rəsmən tanıması və bunu sənədlə təsdiqləməsindən keçir. Yəni, bölgədə sülhün, əmin-amanlığın bərqərar olması Azərbaycanla birbaşa, açıq və səmimi konstruktiv danışıqlardan asılıdır.

* * * 

Rusiya sülhməramlı hərbi kontingen­tinin Azərbaycanın suveren Qarabağ iqti­sadi rayonunu tərk edəcəyi vaxt uzaqda deyil. Bunu İrəvan da yaxşı anlayır. Açıq demək lazımdır ki, məhz bu səbəbdən Rusiya yenə Ermənistan ordusunun tör-töküntüsünün Qarabağda qeyri-legi­tim hərəkətlərinə, silahlanmasına, “dö­yüşə hazırlaşmasına” dəstək olur, ən yaxşı halda bu fəaliyyətə göz yumur. 

2025-ci ildən sonra rus sülhməram­lılarının Qarabağı tərk edəcəyi hər kəsə məlumdur. Həmin vaxta qədər rəsmi Bakı Qarabağdakı ermənilərlə reinteq­rasiya prosesini sürətləndirməyi planla­yıb. Azərbaycan o vaxtadək Qarabağın erməni icması ilə normal münasibətlər yaratmağa çalışır. Rəsmi İrəvan isə başağrısına dönmüş “Qarabağ problemi”ni bu yolla çözməyin əvəzinə, Xankəndidə­ki separatçıları qızışdırır, bununla da sülh prosesinə badalaq vurur.

Azərbaycan Qarabağdakı daşnak-re­vanşist dəstənin yenidən silahlanması­na imkan verə bilməz. Çünki Bakı çox yaxşı bilir ki, separatçıları yeni hərbi qarşıdurmaya itələyənlərin əsl məqsədi Azərbaycanı Zəngəzur dəhlizi ilə bağlı hədəflərdən yayındırmaq, diqqətini ye­nidən Qarabağdakı “kriminal ünsürlərə” yönəltməkdir.

Bu gün Ermənistan və onun arxasın­da kölgələri görünənlərin bölgədə yerit­diyi hiyləgər siyasətin arxasında Cənubi Qafqazda və bundan daha geniş arealda Azərbaycan və Türkiyənin güclənməsinə mane olmaq dayanır. Bəli, problemlər bataqlığına sürüklənmiş müasir Hayas­tanın bu “missiyası” dünyanın bir sıra güclərinin də əsas maraqlarının kəsişdiyi nöqtədir.

Amma reallıq və həqiqət ondan ibarətdir ki, müstəqil və ciddi qərar qəbul etmək iqtidarında olmayan İrəvan sülhə yönəlik prosesləri sabotaj etməklə yaxın perspektivdə böyük itkilərə məruz qal­maq riskini artırır. 

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, çox təəssüf ki, Paşinyan yenə öz fantaziya və xəyallarından danış­mağa başladı. Paşinyan kimi Azərbay­cana qarşı absurd ittihamlar səsləndirən Mirzoyanlar, Simonyanlar da, nəhayət, xam xəyallardan əl çəkməli, reallığın gö­zünün içinə dik baxmalı və nə qədər gec deyil Azərbaycanla sülhə gəlməlidirlər. Əks-təqdirdə onları qarşıda daha böyük uğursuzluq zolağı gözləyir...

İmran BƏDİRXANLI, “Xalq qəzeti”

Siyasət