Bərdə görüşü effekti – Qarabağda separatizm üçün aqoniya

post-img

Arayik-Ruben-Karen-David qarşıdurması, yaxud qondarma rejim daxilindəki ziddiyyətlərə baxış

BMT Təhlükəsizlik Şurasının avqustun 16-da Qarabağda humanitar vəziyyətə həsr olunmuş iclasındakı uğursuzluqdan sonra Ermənistan cəmiyyətində isterik durum yaranıb. Bu barədə söhbət açmışdıq. 

Qeyd edək ki, mövcud durumun do­ğurduğu gərginlik özünü Qarabağdakı separatçı rejim daxilində daha qabarıq tərzdə göstərməkdədir. Rejimin rəhbəri Arayik Arutyunyanla keçmiş “dövlət na­ziri”, hazırda ictimai təşkilat yaradaraq “fəaliyyət” göstərən Ruben Vardanyan arasındakı konflikt artıq hər kəsə mə­lumdur. İkincinin sosial şəbəkə hesa­bında birincinin ünvanına səsləndirdiyi sərt və aşağılayıcı fikirlərdən də xəbər­darıq. Vardanyan Arutyunyanı satqın­lıqda günahlandırır. 

Yada salaq ki, həmin A.Arutyunyan avqustun 16-da, yəni BMT TŞ-nin ic­lasının keçirildiyi gün geniş müraciət yayımlamışdı. Pafos dolu fikirlərin yer aldığı həmin müraciətdə məntiqi vur­ğu onun üzərinə qoyulmuşdu ki, BMT TŞ-dəki müzakirə son şansdır. Arayik iclasın uğursuzluğu müqabilində Azər­baycanla razılaşmağın qaçılmazlığına da eyham vurmuşdu.

BMT-də nəinki uğursuzluq, hətta fiasko yaşandıqdan sonra A.Arutyun­yanın istefaya gedəcəyinə dair fikirlər yayıldı. Əslində, bunu onun özü de­mişdi. Lakin sonradan “postunu” tərk etmək istəmədiyi üzə çıxdı. Nəticədə Vardanyan linç aparatını işə saldı. İndi görünən odur ki, Rubenin sözdə mü­hakiməsi konkret əməl müstəvisinə keçib. Artıq bunun ilk işartıları var. Hərbi formalı bir qrup şəxs qondarma rejimin parlamentinə soxulub. Vəziy­yəti dramatik şəklə gətirən isə Arayikin partiyasının onun istefa verməyəcəyini açıqlamasıdır. Qurum bildirib ki, əgər Arutyunyan istefa versə, “dövlətçilik” (?) təhlükə altına düşəcək...

Əlbəttə, təhlükə qismi ilə bağlı Ara­yikin tərəfdarlarına haqq qazandırmaq mümkündür. Ümumən, separatçı rejimi aqoniyanın gözlədiyi aşkardır. Çünki həm rejim, həm də onun himayəda­rı olan Ermənistan iqtidarı BMT TŞ-də özlərinin, necə deyərlər, sonuncu güllələrini atsalar da, nəticə əldə edə bilmədilər. Nəticəyə ümid bəsləyən separatçıların Azərbaycanın təmsil­çiləri ilə Qarabağın erməni icmasının nümayəndələrinin Yevlaxda nəzərdə tutulmuş görüşünü pozduqları da mə­lumdur. Bundan sonrası ya bölgədən rədd olub getməkdir, ya da Azərbayca­nın qoyduğu şərtləri qəbul etmək. Şərt isə çox sadədir: Bakının yurisdiksiya­sını tanımaq, Qarabağ ermənilərinin reinteqrasiyası. 

Görünür, hazırda separatçı rejim­dəki konflikt də məhz bu xüsusdadır. Bərdədə Azərbaycanın təmsilçiləri ilə Qarabağın erməni icmasının nü­mayəndələrinin təması perspektivinin aktuallaşdığı bir zamanda belə ziddiy­yətli məsələlərin ortaya çıxması onu deməyə əsas verir ki, Yevlax görüşü­nün reallaşmasını istəməyənlər indi də eyni hərəkətlərini Bərdə təması ilə bağlı da gerçəkləşdirməyi düşünürlər. Ona görə də, daxildə çəkişmələrə start veriblər. Hər halda hərbi geyimli şəxs­lər qondarma parlamentə boş yerə soxulmamışdılar. Yeri gəlmişkən, faktı “Ədalət” adlı saxta fraksiyanın “depu­tatı” Metakse Akopyan da təsdiqləyib. Amma durum bir qədər fərqlidir. Fərq­lilik onu deməyə əsas verir ki, separat­çılar ikili oyuna baş vurublar. 

Diqqət yetirək, qondarma parla­mentdə insident törədən Karen Ma­tevosyan adlı biridir. Onun Qarabağ könüllülərinin rəhbəri olduğu deyilir. Bu adam “spiker” David İşxanyandan A.Arutyunyanın təhqirinə görə hesab sorur. Guya, “dövlət”in rəmzinə – “pre­zidentə” qarşı nalayiq rəftar yolveril­məzmiş. Sən demə, Arayikin təhqirə məruz qalmasına etirazını sosial şə­bəkələrdə bildirən şəxslərə qarşı da təhdid mesajları gəlirmiş. K.Matevos­yan “Facebook”dakı canlı yayımında xəbərdarlıq edir: təhdidlər dayanmaya­caq. Sual olunur: Karen təhdidlərin da­yanmayacağını haradan bilir? Daha bir sual: Arutyunyanı təhqir edən kimdir? Cavab birmənalıdır: Vardanyan. 

Deməli, daşlar yerinə oturmağa başlayır. İlk növbədə, K.Matevosyanın peyda olması reallığına diqqət yetirək. Bu adam indiyədək niyə görünmürdü? Heç şübhəsiz, o, Ruben tərəfindən ortaya atılıb. Matevosyanın pafoslu bəyanatı, əslində, Arayiki müdafiə et­məyə hesablanmayıb. O, sadəcə, Arut­yunyanın indi tutduğu “prezidentlik” postunun dövlətçilik baxımından əhə­miyyətini qabardır. Karenin “təhdidlər dayanmayacaq” fikri isə Azərbaycanla danışıqlara getmək istəyənlərə cəbhə açılmasıdır. Heç şübhəsiz, məqsəd gözlənilən Bərdə görüşünü pozmaqdır. Axı, artıq sözügedən görüşə hazırlıqlar gedir. Məsələn, “Faktİnfo” adlı erməni xəbər resursu bildirir ki, bu məqsədlə daxildə komanda da yaradılıb. 

İlk baxışdan təəssürat yaranır ki, əvvəl istefa verəcəyini deyən, sonra buna getməyən A.Arutyunyan və onun komandası reinteqrasiyanın əleyhinə çıxırlar. Əlbəttə, demək olmaz ki, sepa­ratçı rejimdə kimlərsə məsələyə səmimi yanaşırlar. Hər bir halda, Azərbaycan­la danışıqlara getmək məcburi nikah kimi bir şeydir. Bir qədər əvvəl də de­dik ki, BMT-də separatçıların və onların dəstəkçisi İrəvanın sonuncu gülləsi lülə­dən çıxdı və ... hədəfə yaxın getmədi. 

Bu dolaşıq labirintdə Arayik başa düşür ki, onun özünün şəxsən heç bir çıxış yolu yoxdur. Yəni, Azərbaycan nümayəndələri Arutyunyanla bir masa arxasında əyləşməyəcəklər. Gec-tez getməlidir. Getmək istədi də. Ancaq Arayikin üzərinə düşən bir missiya var və o, bu missiyanı reallaşdırmağa borcludur. Başqa sözlə desək, saxta hakimiyyətini səssiz-səmirsiz təhvil verməlidir. İndiki halda, onun istefa­sı sakitliyi pozur və Vardanyan tərəfin aktivləşməsinə səbəb olur. Belə bir du­rumda Azərbaycanın sərt addımlara əl atması qaçılmaza çevriləcək. 

Bəli, ölkəmiz sərt davransa, Arayiki təhlükəli durum gözləyəcək. Vardanya­nın Rusiya sülhməramlılarına arxayın olub, ağzına gələni danışması, guya, vəziyyətlə barışmadığını bildirməsi mümkündür. Pis halda sülhməramlılar onu bölgədən çıxaracaqlar. Arutyunya­nın isə belə bir konfortu yoxdur. Bakı separatçıbaşının vəziyyəti gərginləşdi­rib aradan çıxmasını ona bağışlama­yacaq. O bunu yaxşı anlayır və ona görə vəzifəsində qalmağa qərar verir. Matevosyan isə Arayikin “prezident” nüfuzu üzərinə oyun oynayaraq duru­mu gərginləşdirməkdədir. Vardanyan özünün qurduğu “ssenarinin” necə iş­lədiyini sakitcə seyr edir. Çox güman, Matevosyanın qondarma parlamentin sədri İşxanyandan hesab sorması səh­nəsinə baxıb gülür də. 

Nəzərə alaq ki, Ermənistanın BMT TŞ-də çıxartdığı Qarabağda humani­tar böhran şousunun iflasından sonra bölgəyə humanitar yardımların Ağ­dam-Xankəndi yolu vasitəsilə daşın­ması məsələsi gündəmə gəlib. Yəni, həm bu, həm də Bərdədə görüş aktu­allaşıb. Hər iki məsələ faktiki olaraq, Azərbaycanın yurisdiksiyasının qəbulu anlamını verir. 

Başqa bir yandan, Vardanyan üçün İşxanyanın dəstəsi də təhlükədir. Hər halda Bakı ilə danışıqlarda iştirak edə­cək ən az günahlı kəsim bu dəstənin sırasında cəmləşib. Matevosyan Var­danyanın əli ilə indi həmin kəsimi təh­did edir. Mövcud anlamda “Faktİnfo” internet resursunun istinad etdiyi mən­bənin iki çıxış yolundan birinin Arayikin təcili istefasını, digərinin isə Ağdam vasitəsilə Qarabağa ərzaq tədarükü­nün başlanmasını görməsi dolaşıq durum yaradır. Yuxarıda vurğuladıq­larımızı nəzərə alsaq, bu iki məsələ bir-birindən fərqlənir. Tam aydındır ki, ya Bakının şərtlərini ümumən qəbul etməyənlər var, ya da başqa çıxış yo­lunun olmadığını düşünənlər. Birinci tərəfi Vardanyan təmsil edir, ikinci tərəf isə müəmmadır. Əlbəttə, ilk baxışdan müəmmadır. Üzdə olan Rubenlə Ara­yikdir və qismən İşxanyan. 

Sonda söylədiklərimizə yekun vu­raraq bildirək ki, ümumən baş verənlər Qarabağdakı separatçı rejimin son çır­pıntılarıdır. Separatçılar sanki vannada qayıq düzəldib üzürlər və hesab edirlər ki, bu, müqavimətdir. Ermənistanın rəh­bərliyi və siyasi elitasının təmsilçiləri də eyni ağıldadırlar. Hər bir halda, əllərini qollarını sallayıb, suları süzülə-süzülə gələcəklər. Hələlik, bu gəlişdə müəyyən perspektiv motivi qalıb. Nəzərə alaq ki, suyu süzülmüş halda gəlmək, yalvar­maq üçün gəlməkdən daha yaxşıdır. 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”



Siyasət