Can sənə qurban, Laçın!

post-img

Hoçazdağın ətəkləri çal-çağırlı günlərinə qayıdır

İki gün öncə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən növbəti köç karvanı Laçına yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə – 65 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 221 ailə, yəni 858 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, quruculuq işləri sayə­sində yeni nəfəs verilən Laçın şəhəri­nin Baş Planında iri xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektlərinin də yaradılması nəzərdə tutulub. Heydər Əliyev Fondunun xətti ilə Laçında məs­cid kompleksi də tikilir. Prezident İlham Əliyev Laçında olarkən məscidin təməli­ni qoyub. 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək. Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulma­sı prosesinə də start verilib. Zabuxda 1000-dən çox, Susda isə 300-dən çox in­san yerləşəcək. Güləbird və Qorçu kənd­lərinin də Baş planı təsdiqlənib. İlk mər­hələdə, Güləbirdə 2 min 400, Qorçuya isə 1300 laçınlının qayıdışı reallaşacaq. 

Yenicə dağlar qoynuna köçən bir ailə­ni mənə hörmətli qələmdaşım Təranə Məmməd nişan verdi. Bildirdi ki, qaçqın­lıq taleyi yaşayan Mehriban ana ilə qızı Natanın Laçına dönmək arzusu, nəhayət, gerçəyə dönüb. İndi orada şad-xürrəm oturub Bakıdakı dost-tanışlarının qonaq gəlməsini gözləyirlər!

Təranə Məmməddən Nata xanımın telefon nömrəsini alıb Laçına zəng etdim. O, yurda qayıdış sevincini həvəslə bölüş­dü. Öyrəndim ki, onlar Laçın şəhərində, əvvəllər Sovet İttifaqı Qəhrəmanı Əvəz Verdiyevin adını daşıyan, indi isə “Zəfər” adı verilən küçəyə həvəslə – uşaqlığının keçdiyi doğma evə köçüblər. Əsaslı təmir edilmiş 176 nömrəli bu ev Böyük Zəfər sevincinin qanadlarında Laçına qayıdan Nata xanımın ailəsi 31 il həsrətini çəkdik­ləri ünvandır. 

Mehriban ana deyir: “Bu tikililər o qədər bəxtəvər günlərin şahidi olub ki!” Yaxınlıqda doğum evi vardı, qəhrəmana abidə ucaldılmışdı. Heç biri qalmayıb. İnanırıq ki, tez bir zamanda buralardan ermənilərin bütün izləri tamamilə silinə­cək. Hər şey bərpa olunacaq. Heyif, anam, ömür-gün dostum, digər yaşlıla­rımız bu fərəhi yaşamadılar, qaçqınlıq əzablarına dözməyib dünyalarını dəyiş­dilər. Şükür ki, heç olmasa, qardaşım Qəzənfərə bizimlə bərabər doğma yurda qayıtmaq qismət oldu. 

Nata Uğurlu isə qayıdış uğurunu tale töhfəsi sayır. O, bura köçənə qədər düz 22 il Bakıda Nəsimi Rayon Mərkəzi Kitabxana Sisteminin 4 saylı filialında çalışıb. Laçında kitabxana açılana qə­dər başqa nə iş olsa, işləyəcəyini bildirir: “Şəhərdə mənzərələr əladır, az-çox fır­ça işlədə bilən baxımlı tablolar yaradar. Yaxınlıqdakı “Rahat market” isə müasir şəhər atributudur. Laçında salınan çay­kənarı bulvarda da işlər sürətlə gedir. Hər şey daha da yaxşı olacaq, inşallah!”.

Onun nənəsi və atası Laçın şəhərin­dəki 2 nömrəli məktəbin müəlimləri olub­lar. Özü də orada oxuyub. İndi Laçında təzə məktəb tikilir. Bacısı Şəbnəm Cəb­rayıl yeni dərs ilindən orada müəllimlik edəcək, qızları Dəniz və Günəş də təzə məktəbdə dərsə gedəcəklər. Uşaqların atası Orxan isə həkimdir. camaatın sağ­lamlığı keşiyində duracaq. 

Bu gün Nata xanımın nənəsi – son nəfəsədək Laçınina dönmək həsrəti ilə yaşamış Şəfiqə Həsənalı qızı Baxışova­nın ruhu şaddır. Bütün laçınlılar onu yax­şı tanıyırdı. Azərbaycan qadınına xas nə­cibliyi ilə seçilən insan, fədakar müəllim, cəfakeş el anası idi Şəfiqə xanım. Gözəl natiqliyi, yazı üslübu vardı. “Şərəf nişanı” ordeninə, “Qabaqcıl maarif xadimi” nişa­nına layiq görülmüşdü. 

Şəfiqə nənə görün bir neçə il əvvəl “Laçın yurdu” jurnalında doğma el-obası haqqında xatirələri necə yanıqlı bir dillə yazıb: “Laçın təkcə laçınlıların deyildi. Bütün aran rayonlarının camaatı buradan bir yaylaq kimi istifadə edirdi. Dağı, dərə­si, məlhəm suları, meşəsi, otlağı olan bu yerlər təbiətin bir möcüzəsidir. Gecələr göydə nə qədər ulduz varsa, sanki, bizim səmaya toplaşardı. Bircə gecə Çalbayır yaylağında alaçıqda yatsan, bilərsən ki, bura behiştin özüdür. Lülpər dağında ya­yın qızmarında su arxının kənarları buz bağlayırdı, buzun altından yarpız boy göstərirdi. Nərdivan dağına qalxıb, Qı­zıl Qayaya baxsan deyərsən: İlahi, nə büsatdır? Günəş şüaları həmin qayanı necə də qızıl daşa çevirir? İnsanlarımız da dağlarımız kimi əzəmətli, əyilməz, dürüstdürlər. Kişilər – Nəbi qeyrətli, zəh­mətkeş, qadınlar – Həcər timsallı. Qızla­rımız əl hanasında xalı, kilim toxumaqda yarışa girirdi. 

Bir dəfə Laçından alim dostu üçün səbət balı gətirən gəncə alimin sualı belə olmuşdu: “Bala, siz bu balı yeyəndən sonra niyə uçmursunuz?”

Uçurduq, biz göyün lap yeddinci qa­tında uçurduq. Hər kəs daha rahat yaşa­maq üçün gecə-gündüz çalışırdı. Şəhərə Minkənd suyu çəkilib qurtarmaqda idi, amma bütün ətraf su boruları ilə dolu qal­dı. Sən demə, xain ermənilər pusquda durub, girəvə gözləyirmiş...”

Anasının yad edildiyini görən Mehriban xanım istər-istəməz kövrəlir: “30 il həsrətini çəkdik Laçının. Nəvələ­rimə nağıl əvəzinə Laçın xatirələrimi da­nışırdım. Budur, nağıllar gerçəyə dönüb. Prezidentimiz var olsun! Hərbçilərimizə Allah yar olsun!”.

Bəli, bu yay Laçına neçə köç karva­nı yetişib. Ardı da olacaq. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olun­muş digər yaşayış məntəqələri də bərpa edildikcə məskunlaşma davam edəcək. 

İllər boyu laçınlıların yanğı ilə züm­zümə etdikləri el mahnısının nəqəratı indi coşğu ilə səslənir:

Ay Laçın, can Laçın,

Mən sənə qurban, Laçın...

Qayıdışınız mübarək, Laçın sevdalı laçınlılar!

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”





Sosial həyat