Yüksək rəqabət məktəbliləri daha az altruist edir

post-img

Beynəlxalq alimlər qrupu müəyyən edib ki, məktəbdə uzunmüddətli rəqabət təzyiqi təkcə şagirdlərin davranışına təsir göstərmir, həm də onların şəxsiyyətinin formalaşmasına təsir edə bilər. Belə mühitdə böyüyən gənclər başqalarına kömək etməyə və onlara güvənməyə daha az meylli olurlar.

Müasir dövrdə şirkətlər işçilərin motivasiyasını artırmaq üçün tez-tez yarış formasında mükafatlandırma sistemlərindən istifadə edirlər. Bu cür metodlar qısamüddətli nəticələri yaxşılaşdırsa da, əməkdaşlıq ruhunu zəiflədə bilir. Alimlər isə sual edirlər: əgər belə mühitdə uzun müddət məktəblilər yaşasa, bu, onların gələcək şəxsiyyətinə necə təsir edər?

Araşdırma Almaniya, Hindistan və Böyük Britaniyadan olan mütəxəssislər tərəfindən aparılıb və nəticələr Journal of the European Economic Association jurnalında dərc olunub. Onlar Çilidə həyata keçirilən PACE adlı dövlət proqramını öyrəniblər. Bu proqram çərçivəsində müəyyən məktəblərdə ən yaxşı nəticə göstərən 15% şagird imtahansız universitetə qəbul imkanı əldə edir. Beləliklə, məktəblərdə iki il davam edən kəskin rəqabət mühiti formalaşır.

Mütəxəssislər PACE proqramına daxil olan 64 məktəbin məlumatlarını, həmçinin əlavə sorğular vasitəsilə şagird, müəllim və məktəb rəhbərlərinin fikirlərini təhlil ediblər. Nəticələr 64 digər məktəbin göstəriciləri ilə müqayisə olunub. Ümumilikdə tədqiqatda 128 məktəbdən 5 mindən çox şagird iştirak edib.

Məlum olub ki, iki illik güclü rəqabət şagirdlərin altruizm və qarşılıqlı etimad səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salır. Daha da maraqlısı odur ki, bu təsir uzunmüddətli olub: dörd il sonra aparılan sorğular həmin neqativ dəyişikliklərin qalıcı olduğunu göstərib. Bu isə o deməkdir ki, rəqabət təkcə davranışa deyil, gənclərin şəxsiyyət inkişafına da təsir göstərir.

Alimlər nəticələrin cəmiyyət üçün vacibliyini vurğulayırlar. Çünki elmi ədəbiyyata görə, başqalarına fayda verməyə, əməkdaşlığa və yardımla meyilli olan insanlar adətən daha xoşbəxt və sağlam yaşayır, stress, tənha qalmaq və depressiyadan daha az əziyyət çəkirlər.

Beləliklə, tədqiqat bir daha göstərir ki, rəqabət hər zaman faydalı olmur və gənclərin sosial davranışlarına diqqətlə yanaşmaq vacibdir.

S.ELAY

XQ

 

Maraqlı