Heydər Əliyev dərsləri

post-img

(əvvəli qəzetin ötən saylarında)

“Bu, yeni problem deyil”

Hələ Sovetlər dönəmində Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdiriməsinə dövlət səviyyəsində dəfələrlə edilən cəhd­lərin qarşısı Heydər Əliyevin iradəsi sayəsində alınmışdı. Bu barədə ulu öndərin fikirləri maraqlıdır:

– Bu məsələni 50-ci, 60-cı illərdə də qaldırıblar. Mənim o vaxt işlədiyim sahə elə idi ki, bunları yaxşı bilirəm. Nəhayət, 1969-cu ildən Azərbaycana rəhbərlik etmişəm. O zaman da bu məsələlər qaldırılıb. 1977-ci ildə SSRİ-nin Konsti­tusiyası qəbul olunarkən konstitusiyanı hazırlamaq üçün komissiya təşkil edil­mişdi. Komissiyaya o vaxtkı Kommunist Partiyasının Baş katibi Brejnev rəhbərlik edirdi və respublikaların nümayəndələri də, o cümlədən, mən də bu komissiyanın üzvü idim. Komissiya layihəni hazırladı­ğı dövrdə – təxminən, bir il müddətində həddindən artıq təkliflər gəlmişdi ki, Dağ­lıq Qarabağ ayrılıb Ermənistana veril­məlidir. Hətta bir-iki dəfə bu məsələnin komissiyada baxılmasına cəhd olmuşdu. Məni düzgün başa düşün, olan şeyi de­yirəm. Mən o vaxt bunların qarşısını al­dım. Amma qarşısını almaq da çətin idi. Amma aldım. İradəmlə və Azərbaycan xalqının milli mənafelərini canımla, qa­nımla müdafiə edərək qarşısını aldım. 

Amma, eyni zamanda, Dağlıq Qara­bağda vəziyyəti həmişə qızışdırırdılar. Ona görə də mən Azərbaycana rəhbərlik etdiyim zaman – bunu açıq demək lazım­dır – biz Dağlıq Qarabağa daha çox iq­tisadi cəhətdən şərait yaradırdıq, onların iqtisadiyyatının inkişaf etməsinə üstünlük verirdik. Çünki daim məsələ qalxırdı ki, guya, Dağlıq Qarabağı Azərbaycanda sıxışdırırlar və ermənilər Dağlıq Qara­bağda inkişaf edə bilmir. Azərbaycanın bütövlüyünü saxlamaq, bütün ərazisi­ni qorumaq üçün biz o vaxtlar, yenə də deyirəm, Dağlıq Qarabağa daha da çox diqqət yetirirdik. 

Doğrudur, sonra bəzi diletant adam­lar məni günahlandırırdılar ki, bunu nə üçün edirdim. Mən bu gün də deyirəm, edirdim. Edirdim ona görə ki, birinci­si, Dağlıq Qarabağı azərbaycanlılarla da məskunlaşdırmaq lazım idi, ikincisi, Dağlıq Qarabağa, ermənilərə imkan ver­məyək ki, bu məsələni qaldırsınlar. Sonra məsələ tərsinə oldu. Bu münaqişə başla­nandan sonra mətbuatda, SSRİ mətbua­tında məni yenə də günahlandırdılar ki, Azərbaycana rəhbərlik etdiyim zaman, guya, erməniləri sıxışdırmışam, oradakı demoqrafik vəziyyəti dəyişdirmişəm, er­mənilərin oradan çıxması üçün müəyyən tədbirlər görmüşəm və ermənilər Dağ­lıq Qarabağda azalıblar. Azərbaycanın başqa yerlərində azaldıqları kimi, Dağlıq Qarabağda da azalıblar. Bunu ermənilər deyirdilər və o vaxtlar bu məsələlər SSRİ Ali Sovetinin sessiyasında müzakirə olunanda onların nümayəndələri, hət­ta, Ermənistan Elmlər Akademiyasının prezidenti Ambarsumyan – biz vaxtilə onu Azərbaycan Elmlər Akademiyasının fəxri üzvü seçmişdik, o cümlədən, dost­luğu möhkəmləndirmək üçün Gürcüstan Elmlər Akademiyasının üzvü seçilmişdi – mənim adımı çəkirdi. 

O söz indiyə qədər yadımdadır ki, Heydər Əliyev Dağlıq Qarabağı, Azər­baycanı ardıcıl surətdə ermənilərdən təmizləmişdir. Mən buna təəccüb etmir­dim. Amma ona təəccüb edirdim ki, o vaxt Azərbaycanda çoxları yenə də Əli­yevi günahlandırır və həmin o sözlərlə razılaşırdılar: bəli, Heydər Əliyev Dağlıq Qarabağa pis münasibət göstərir. Ona görə də indi ermənilər Dağlıq Qarabağı Ermənistana bağlamaq istəyirlər. Mə­nim bunları sizə çatdırmaqda məqsədim ondan ibarətdir ki, bilin, yəni, bu, yeni problem deyildir. Ermənistan tərəfi bunun üzərində işləyirdi. O fakt da nəzərdən qaçmamalıdır ki, mən Moskvada bütün işlərdən kənarlaşdırılandan 25 gün sonra bu proses sürətlə başladı. Ondan bir ay sonra Dağlıq Qarabağda olan ermənilə­rin hamısı ayağa qalxdılar və qərar qəbul etdilər ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilsin. Ondan sonra bu faciələr başladı, bunun nəticəsi də göz qabağın­dadır. 

“Azərbaycanı günahlandırdılar, ləkələdilər”

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın günahı ucbatından baş verməsini id­dia edənlərə ümummilli liderin cavabı həmişə birmənalı olmuşdu. Ulu öndər bu barədə danışarkən demişdir:

– 1988-ci ildə Moskvada nə yazılar gedirdi? Bu münaqişə nə üçün başlandı? Çünki Azərbaycan rəhbərliyi və xüsusən, o vaxtlar təqib altında olan, təcrid vəziy­yətində yaşayan Heydər Əliyev, Azərbay­canın keçmiş rəhbəri, guya, erməniləri Azərbaycanda əzibdir və Dağlıq Qara­bağa ögey münasibət göstərilibdir. Guya, Dağlıq Qarabağ Azərbaycanın tərkibində olarkən inkişaf edə bilməyibdir, ona görə də ermənilər boğaza yığılıblar və indi Azərbaycanın tərkibindən çıxıb Ermənis­tanın tərkibinə keçmək istəyirlər. 

Guya, bunların da əsası var, çün­ki bunlara ögey münasibət göstərilib­dir, guya, bunun da günahkarı Heydər Əliyevdir. Siz bu yazıları, sözləri xatırla­yırsınız. Bunu Moskvada təkcə Azərbay­cana düşmən olan adamlar demirdilər, bunu burada bəzi azərbaycanlılar da de­yirdilər. Azərbaycanın o vaxtkı rəhbərləri bunu Moskvada tribunalardan deyirdilər. Onlar kimə xidmət ediblər? Öz şəxsi am­bissiyalarını həyata keçirmək üçün, şəxsi mənfur məqsədlərinə nail olmaq üçün xalqı, milləti ləkələyirdilər. 

Mən o vaxt bir neçə yerə məlumat verdim ki, bunlar yalandır. Sənədlər çıxardım ki, Dağlıq Qarabağ Azərbayca­nın tərkibində Ümumazərbaycan səviy­yəsindən üç dəfə artıq inkişaf edibdir. Bü­tün illərdə, elə 20-ci illərdən başlayaraq, o cümlədən, 70-ci illərdə. Rəqəmlər var idi, statistika var idi. Amma o statistikaya baxan yox idi. Həmin vaxt onlara lazım idi ki, Azərbaycanı günahlandırsınlar və Azərbaycanı günahlandırdılar, ləkələ­dilər. Beləliklə, həm Sovetlər İttifaqında, Moskvada belə bir fikir yarandı və həm də erməni diasporu bütün dünyada bu fikri yaratdı ki, guya, bu münaqişədə Azərbaycan günahkardır.

“Azərbaycana qarşı münasibət tamamilə başqa idi”

Hələ Sovetlər Birliyi dövründə Moskva Cənubi Qafqaz respublikaları­na fərqli münasibət bəsləyirdi. Bu mü­nasibət həmin respublikaların Dövlət Təhlükəsizlik Komitələrinə rəhbərlər təyin edilməsində özünü daha açıq büruzə verirdi. Ümummilli liderimizin bu məsələ barədə fikirlərini dinləyək:

– Təsəvvür edin, Azərbaycanda o il­lərdə Təhlükəsizlik Nazirliyinin, təşkilatı­nın başçısını yerli kadrlardan təyin etmək mümkün deyildi. Sadəcə olaraq, açıqca bəyan edirdilər ki, bu, mərkəzdən gəlmə­lidir, azərbaycanlı olmamalıdır. 1967-ci ildə ilk dəfə Azərbaycanın Dövlət Təh­lükəsizliyi Komitəsinin sədri vəzifəsinə azərbaycanlının təyin edilməsi, demək olar ki, bir tarixi hadisə oldu. O illər biz çox iş gördük, təhlükəsizlik orqanlarında milli kadrların hazırlanmasına və irəli çə­kilməsinə nail olduq. 

Ancaq, təəssüflər olsun ki, 1985-ci ildən etibarən, yenə də Azərbaycanın Təhlükəsizlik Komitəsinə kənardan kadr­ların gətirilməsi prosesi başladı. Nəhayət, burada qeyd edildiyi kimi, 1988-ci ildə, Azərbaycanın ən ağır dövründə yenə də Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə mərkəzdən təyin olunmuş insan, Azər­baycanda heç vaxt işləməmiş, respubli­kamızın xüsusiyyətini bilməyən adam idi. Bu, qəsdən edilmişdi. Çünki lazım idi ki, Azərbaycanın təhlükəsizlik orqanlarında milli kadrların iradəsi sındırılsın və onlar yenə də mərkəzin iradəsinə tabe etdiril­sin. 

Onu da qeyd etmək istəyirəm ki, məsələn, Cənubi Qafqazın digər respub­likalarında vəziyyət belə deyildi. Orada təhlükəsizlik orqanlarında həm yerli, milli kadrlar əksəriyyəti təşkil edirdi, həm də onların rəhbərləri, birinci şəxs həmişə öz yerli, milli kadrlarından idi. Belə bir fak­tı xatırlayıram. Deyəsən, 1972, 1973, 1974-cü illərdə Ermənistanda Dövlət Təhlükəsizliyi Komitəsinin sədrini dəyiş­dirib oraya Moskvadan rus göndərdilər. Xatirimdədir, bir dəfə görüşümüzdə And­ropov mənə danışırdı ki, belə bir qərar qəbul ediləndən sonra Mikoyan ona te­lefonla zəng etmiş və öz narazılığını, etirazını bildirmişdi. Bəyan etmişdi ki, Ermənistana təhlükəsizlik orqanının baş­çısı vəzifəsinə rus təyin etmək mümkün deyildi. Siz bunu nə üçün etdiniz? O vaxt mən Andropova dedim ki, bəs Mikoyan düşünmürmü ki, Azərbaycanda on illərlə bu vəzifəyə heç vaxt azərbaycanlı təyin olunmayıbdır, həmişə Moskvadan gön­dərilmiş, rus millətinə mənsub olan adam təyin edilibdir. 

Beləliklə, görürsünüz, o vaxt Cənubi Qafqazın digər respublikalarına nisbətən Azərbaycana qarşı münasibət tamamilə başqa idi. Bunlar hamısı Azərbaycanı daim təzyiq altında saxlamaq, daim idarə etmək və Azərbaycanda milli dirçəlişin, milli oyanışın qarşısını almaq məqsədi daşıyırdı.

“Necə də qəribə məntiqdir” 

“Literaturnaya qazeta”nın xüsusi müxbirlərinə verdiyi müsahibədə Hey­dər Əliyev bir daha Rusiyanın Ermə­nistana silah-sursat verməsini gün­dəmə gətirmişdi:

– Dəfələrlə bəyan etmişəm: Qarabağ probleminin həllinin, regionun normal hə­yata keçməsinin açarı Rusiyanın əlində­dir. Ermənistana onun təsiri çox böyükdür və vəziyyətin qəti şəkildə nizama salın­ması Rusiyanın xoş məramından asılıdır. Konkret tədbirlər görülməsini Yeltsindən nə qədər xahiş etmişdim! Vədlərdən sa­vayı heç bir iş görülmədi. 

1997-ci ildə Prezident Aparatının Nə­zarət İdarəsi Ermənistana qeyri-leqal, qanunsuz, pulsuz olaraq bir milyard dol­larlıq silah, döyüş sürsatı, hərbi texnika verilməsi faktını aşkara çıxardı. Məsələ, hətta, Dumada müzakirə olunur və Duma işin istintaqının prokurorluğa tapşırılması haqqında qərar qəbul edir. 

Mən Yeltsinlə görüşürəm, o, hiddət­lənir: "Bəli, bütün bunları mənim nəzarət idarəm aşkara çıxarıbdır. Mən göstəriş vermişəm". Bu, 1997-ci ilin martında baş verir. İyulun əvvəllərində mən Moskvaya rəsmi səfərə gedirəm. Orada bu məsələ­ni qaldırıram, artıq Yeltsinin avazı başqa cür gəlir. Görünür, onu müdafiə olunma­ğa hazırlamışdılar. O, mənə deyir: "Bilir­sinizmi, bunu araşdırmaq lazımdır, mənə deyirlər ki, Sovet İttifaqı dağılarkən Azər­baycanda Ermənistandakına nisbətən daha çox silah qalmışdır". 

Necə də qəribə məntiqdir. Deməliyəm ki, mən öz münasibətimi çox kəskin şəkil­də bildirdim. Onda o, mənə deyir: "gəlin, birgə komissiya yaradaq". Mən güzəştə getdim, komissiyanı yaratdıq. Əlbəttə, hər şey bürokratik süründürməçilikdə itib-batdı. İstintaq gedir. Vəziyyət tama­milə aydındır, amma heç nə dəyişməyib­dir... 

“Həftədə üç dəfə Arazın kənarına gəlirdım”

Türkiyə ilə Naxçıvanı birləşdirən “Ümid körpüsü”nün əsası Heydər Əliyev tərəfindən qoyulmuşdu. Lakin ulu öndər bu işin baş tutması yolunda qarşılaşdıı çətinlikləri sonralar belə xatırlamışdı: 

– Yetmişinci illərdə mən Azərbayca­na rəhbərlik edərkən Türkiyə ilə əlaqələr qurmağa çalışırdım. Ancaq Sovetlər Birliyi bizi sıxırdı, müstəqil hərəkət et­məyə imkanımız yox idi. Amma 1992-ci ildə açdığımız "Həsrət körpüsü"nün – "Ümid körpüsü"nün əsasını mən o vaxt qoydum. Sonra Moskvada Sovetlər İtti­faqının başçılarından biri olarkən həmin qərarın həyata keçirilməsinə şərait ya­ratdım, onu təmin etdim. Amma Sovetlər İttifaqının rəhbərləri də, ermənilər də, başqaları da bunu istəmirdilər. Deyir­dilər, Sovetlər İttifaqı böyük bir ölkədir, bir tərəfdən Gürcüstandan, o biri tərəf­dən Ermənistandan Türkiyəyə yolları var. Belə bir körpü nəyə lazımdır, ona nə üçün xərc qoyulsun? Belə iqtisadi məsələlər ortaya atırdılar. 

Amma mən buna nail oldum və Allah elə buyurdu ki, Moskva ilə vidalaşdım, gəldim Bakıya, sonra da gəldim Nax­çıvana və həmin körpünün tikilməsi ilə şəxsən özüm məşğul oldum. Siz o vaxt­lar İqdırda oturmuşdunuz, bilmirdiniz ki, həmin işləri biz necə görürdük. 

Ancaq mən həftədə üç dəfə Arazın kənarına gəlirdım. Adamları çayın o tərə­finə, bu tərəfinə göndərirdik ki, körpünü tikək. Tikinti ləngiyirdi. Biz orada mü­vəqqəti körpü düzəltdik, xatirinizdədirmi, dəmir körpü idi? Körpü Arazın o tayında tikilirdi, bu işi Türkiyə öz üzərinə götür­müşdü. Bizim maddi imkanımız yox idi. Çayın bu sahili ilə əlaqə lazım idi ki, in­şaatçılar gedib-gələ bilsinlər. Biz bunu yaratdıq. Mən həmin müvəqqəti körpünü açdım. 

Ola bilər, siz o vaxt İqdırda deyildiniz. Orada idiniz, hə? O vaxt hələ sovet hö­kuməti, rus əsgərləri vardı. Mən elan et­dim ki, sabah saat 10-da körpünün açılışı olacaq. Naxçıvandan oraya iyirmi minə­dək adam gəldi, mitinq keçirdik. Amma sizin tərəfdən adamlar gəlməmişdi, qorx­muşdular. Orada sizin sərhədçilər toplaş­mışdılar, sərhədi qorumağa çalışırdılar. Bizim tərəfdən sərhədi qoruyanlar rus əsgərləri idilər. Orada bir polkovnik vardı, mənə tabe deyildi, amma şəxsiyyətimə hörmət edirdi. Mənə bildirdi ki, bunu et­mək olmaz. Dedim ki, sən çəkil. Əsgərləri gətirdi ki, bizim adamların qarşısını kəs­sinlər. Dedim, yox, əsgərləri götür, yoxsa bu insanlar onları əzəcəklər. 

Ara qızışdı, bu proses bir-iki saat çək­di. Mən elan etdim ki, biz özümüz sərhə­di açırıq. Dəmirdən, taxtadan düzəldilmiş körpü çox kiçik idi. Onu açan kimi insan­lar körpüyə doluşdular. Sizin tərəfdən sərhədçilər gəlib körpünün ortasında dayandılar ki, buraxmırıq, qayıtsınlar. İnsanlar da həsrətlə o tərəfə keçmək istəyirdilər. Çünki Naxçıvanda Türkiyəyə, Türkiyə torpağına insanlarda o qədər məhəbbət, sevgi var ki, keçib oranı gör­mək istəyirdilər. 

Əslində, orada, Arazın kənarında nə var ki?! Heç nə yoxdur. Oradan Aralığa getmək üçün, təxminən, 40 kilometr, bu­radan da İqdıra getmək üçün 30 kilometr yol keçmək lazımdır. Amma insanlar bunu təsəvvür etmirdilər, elə bilirdilər ki, Arazın o tərəfinə keçdilər – elə Türkiyə­dir, Türkiyənin hər yerini görəcəklər. 

Xatirimdədir, "Zaman" qəzetinin başqanı İlham bəy İşbilən mənim yanım­da idi. Gördüm, körpüyə o qədər adam yı­ğılıb ki, körpü uçacaq, insanlar da hamısı Araza töküləcək. Sizin adamlar da burax­mırdılar. Mən onlara bir az qışqırdım, ge­riyə çəkildilər və körpü açıldı. Təxminən, on min adam Türkiyə torpağına keçdi. Keçənlər də orada dayanmır, qaçırdılar ki, mümkün qədər çox getsinlər. 

Bax burada, mənim yanımda olan Bəylər indi generaldır, mənim mühafizə­çilərimin başçısıdır. O, sonra mənə da­nışırdı ki, getdim oradan torbaya yığıb torpaq gətirdim, Türkiyə torpağı. Bunu təsəvvür edirsinizmi? Sonra mənə Mos­kvadan ittihamlar gəldi ki, – o vaxt hələ Moskva hakim idi, – Heydər Əliyev ora­da qanunsuz iş görüb, filan edibdir. Bunu qəzetlərə verdilər, televiziyada göstər­dilər. Rus polkovniki də gəlib mənə dedi ki, sizin insanların bir çoxu Türkiyəyə ge­dib, amma qayıtmayıb. Hətta mənə de­dilər ki, iki gənc orada su kanalına düşüb boğulmuşdur. Belə bir faciə də olmuşdu. Ondan sonra biz həmin körpünü işlətdik və nəhayət, böyük körpünü tikdik. 

Xatirinizdədir, 1992-ci il mayın 28-də hörmətli dostum, əziz qardaşım Süley­man Dəmirəl bütün Türkiyəni yığıb gə­tirdi. Naxçıvanın tarixində belə bir şey olmamışdı. 

(ardı var)

Faiq SADIQOV,
Əməkdar jurnalist

Sosial həyat