124 min həssas qrup üzvünə 300 min xidmət

post-img

Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi Vətən müharibəsindən sonra dövlət başçısının tapşırığı əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müda­fiəsi Nazirliyi tərəfindən icra olunan bu paket çərçivəsində postmühari­bə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 103 min şəxsə 115 min aylıq sosial ödəniş tə­yin olunub, 3 min 793 şəxsə sığorta ödənişi edilib. Bundan başqa, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 min 234 şəxsə birdəfəlik ödəmə ve­rilib. 

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn so­sial ödənişlər hər il artırılıb, mühari­bə veteranlarına aylıq təqaüd təyin edilib, həmçinin mənzillə təminat proqramı 5 dəfə genişlənib, onlara 5 min 100 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib (ötən dövrdə bu kateqoriyalardan olanlara 13 min 900 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olanlara 7 min 500-dən çox avtomobil verilib). 

Şəhid ailələrinin üzvləri və müha­ribə iştirakçıları olan 11 min nəfərə 47 min 500 sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Müharibə əlillərindən 1 963 nəfər 41 min 300 reabilitasiya vasitəsi, o cüm­lədən 435 nəfər 454 müasir protezlə təmin olunub. 19 min 200 nəfər şəhid ailəsi üzvü və müharibə iştirakçısının olan məşğulluğu təmin edilib, onla­rın 10 min 100 nəfər özünüməşğul­luq proqramına cəlb olunub. Vahid əlaqələndirmə mərkəzlərində həmin kateqoriyalara aid 91 min şəxsə xid­mətlər göstərilib və s.

Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 124 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 300 min xidmət göstərilib.

Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat