Duzdağ, Diridağ – dirilik çeşmələri

post-img

Naxçıvanın özünəməxsus təbiəti və coğrafi relyefi var. Məsələn, burada yay fəsli quru kontinental iqlimlə müşahidə olunur, qışda isə əksinə, sərt şaxtalı hava hakimdir. 

Muxtar respublikanın relyefində dağ­lıq və dağlıq-düzənlik ərazilər daha çox­dur. Ölkəmizin digər dağlıq ərazilərindən fərqli olaraq Naxçıvanın bitki örtüyü az­dır. Ancaq bu çılpaqlığın özündə də bir hikmət, Uca Yaradanın saysız-hesabsız möcüzələri gizlənir. Hələlik insan oğluna bu möcüzələrin müəyyən bir qismi mə­lumdur. 

Ərazicə kiçik olan bu qədim diyarın köksündə vüqarla dayanmış dağların alt qatlarında nələr yoxdur ki... Onlarla növdə tikinti materialları üçün xammal yataqları, duz dağları, müxtəlif metal mədənləri, mineral tərkibli bulaqlar, di­gər təbii zənginliklər. Lakin unutmayaq ki, həyatda ən böyük zənginlik sağlam­lıqdır. Sağlamlıq da, insanın yaranışı kimi torpaqdan gəlir. 

Elm də sübut edib ki, torpağın birba­şa insana bəxş etdiyi istənilən məhsul sağlam yaşamağın təməlini təşkil edir. Naxçıvanda yetişən meyvə-tərəvəzin özünəməxsus dadı və ləzzəti adla deyi­lir. Min bir dərdin dərmanı bitkiləri, təmiz havası və saf suyu bu torpağı möcüzələr diyarı adlandırmağa kifayət edir. Nax­çıvan torpağı sağlam həyat üçün xeyli sayda müalicə mənbələri ilə də məşhur­dur. Belə müalicə ünvanlardan biri də adı Naxçıvanla qoşa çəkilən Duz dağıdır.

6 min il əvvəl - Nuh Peyğəmbər döv­ründən duz çıxarılmağa başlanılıb. Şöh­rəti dünyaya səs salan İpək yolundan əvvəl Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə “Duz yolu” uzanıb. Həmin ölkələrə buradan duz daşınıb. Etnoq­rafik məlumatlara əsasən, Duzdağdan açıq üsulla duz əldə edilməsi XX əsrin ortalarına qədər mövcud olub. Sənaye üsulu ilə Duzdağdan 1927-ci ildən baş­layaraq duz çıxarılıb. Bu dağ təkcə saf və təmiz duzuna görə deyil, həm də şə­faverici xüsusiyyətinə görə tanınıb. 

1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan Duzdağ Fiziotera­piya Mərkəzində hazırda bronxial-ast­ma və ağciyər bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunur. Yer al­tında duz təbəqənin qalınlığı 8,2 metrə bərabər olan mərkəzdə oksigen və zən­gin duz minerallarının yaratdığı hava bir çox xroniki xəstəliklərin müalicəsində əvəzsizdir. Bu sağlamlıq ocağında ya­radılmış şərait son illərdə müalicə üçün bura üz tutanların sayının da artmasına imkan verib. Təsadüfi deyil ki, hər il xa­rici ölkələrdən, eləcə də Azərbaycanın müxtəlif bölgələrindən 4 minə yaxın in­san müalicə üçün bura üz tutur. 

Naxçıvanın digər təbii müalicə ocaq­larından biri də Darıdağ Arsenli Su Müa­licəxanasıdır. Culfa şəhərindən 8–9 ki­lometr şimal-şərqdə, Darıdağın sıldırım yamacları arasında, dəniz səviyyəsin­dən 800-900 metr hündürlükdə yerləşən bu şəfaxanada müalicə, adından da gö­ründüyü kimi, su ilə aparılır. 32 kəşfiyyat quyusundan və 5 bulaqdan ibarət olan arsenli su bir çox xəstəliklərin sağalma­sında təbii məlhəmdir. 

Darıdağ arsenli suyunun araşdırıl­ması hələ 1830-cu ildə aparılıb. İnsan orqanizmində elə bir toxuma, üzv və sistem yoxdur ki, bu su müalicəvi təsir göstərməklə onun bərpasına səbəb ol­masın. Darıdağ suyu qanyaradıcı xü­susiyyətə malik olub, qan dövranı üzv­lərinin fəaliyyətinə müsbət təsir edərək periferik qanın morfoloji tərkibini yaxşı­laşdırır – leykositlərin faqositoz qabiliy­yətini artırır, qanazlığını aradan qaldırır. 

Bu su daxili ifrazat sistemini fəal­laşdırır, vegetativ sinir fəaliyyətini güc­ləndirməklə mədə, qaraciyər, böyrək və ürək əzələsində mübadiləni sürət­ləndirərək onların funksional vəziyyə­tini normallaşdırır. Bu xüsusiyyətlərinə görə Darıdağ suyu mədə, öd kisəsi, qaraciyər və vegetativ sinir sistemi ilə əlaqəli başqa xəstəliklərin müalicəsində də geniş tətbiq edilir. Darıdağ suyunun maddələr mübadiləsinə təsirini öyrənən bir çox alimlər onun artritlərə müalicəvi təsirini sübuta yetiriblər.

Suyun təsirindən yaraların tez təmiz­lənməsini, çətin sağalan yaraların qısa müddətə, həm də çapıqsız sağalmasını həkimlər onun antiseptik, faqositar və bakteriosit qabiliyyəti ilə əlaqələndirirlər. Müəyyən edilib ki, mərgümüşün litium, brom, maqnezium, radioaktiv element­lər və başqa əhəmiyyətli maddələrlə müştərək təsiri maddələr mübadiləsinin bərpasına, periferik sinir sisteminin fəal­laşmasına müsbət təsir göstərir. 

Darıdağ suyundan hələ qədim za­manlardan kustar şəkildə sümük-oynaq, əzələ sistemi xəstəliklərində, o cümlə­dən “duzlaşma” adlanan patologiyalar­da və onun müxtəlif fəsadlarında geniş istifadə olunub. Bu tarixi faktı da qeyd etmək yerinə düşər ki, 1930- cu illərdən malyariyalı xəstələr bu şəfalı sudan isti­fadə ediblər. Hər il bu müalicəxanaya da xarici ölkələrdən, o cümlədən Azərbay­canın müxtəlif bölgələrindən xeyli sayda xəstələr müraciət edir. Qeyd edək ki, hazırda burada yeni müalicəxana bina­sı tikilir. İşlər tam yekunlaşdıqdan sonra su müalicəsi üçün bura üz tutanlar yük­səksəviyyəli xidmətlərdən istifadə edə biləcəklər. 

Muxtar respublika ərazisi təbii və mi­neral suyu olan bulaqlarına görə də dün­yada diqqəti cəlb edən bölgələrdəndir. Bu səbəbdən də Naxçıvanı çox vaxt “Mi­neral suların təbii muzeyi” adlandırırlar. 5,5 min kvadratkilometrlik sahədə 250-dən artıq mineral su mənbəyi var. Nax­çıvanda təbii suların kimyəvi tərkibinin öyrənilməsinə 1843-cü ildən başlanılsa da, bu sahədə planlı kəşfiyyat işləri XX yüzillikdə aparılıb. Aydın olub ki, Naxçı­vanda mineral suların 6 tipi, 16 sinfi və 33 müxtəlif növü mövcuddur. Bu suların 98 faizi karbon qazlı olub, hidrokarbonat tipli sulara aid edilir. 

Ümumilikdə, Azərbaycanın mine­ral su ehtiyatlarının 60 faizi Naxçıvan ərazisindədir. Onların hər biri müxtəlif növ xəstəliklərin müalicəsində təsirli vasitələrdən sayılır. Buradan isə o nə­ticəyə gəlmək mümkündür ki, muxtar respublikanın bu müalicəvi mənbələri sağlamlıq 5turizmi üçün geniş imkan yaradır. Ölkəmizdə müalicəvi turizmin inkişafında Naxçıvan ən perspektiv­li mərkəzlərdən biridir. Necə deyərlər, sağlamlıq üçün bura üz tutanları Ana Təbiət özü müalicə edir.

Səbuhi HƏSƏNOV, “Xalq qəzeti”



Sosial həyat