Sudan zəhərlənmə necə baş verir və buna səbəb nədir? Su intoksikasiyası həddindən artıq maye istehlakı nəticəsində yaranan bir vəziyyətdir. Bunun necə yarandığını bilmək istəyirsinizsə, cavab xəbərimizdə...
Çox su içməyin nəticəsində beyin fəaliyyətinin pisləşməsinə “su intoksikasiyası” deyilir. Bu, qanda suyun miqdarını artırarkən elektrolitlərin və natriumun azalmasına səbəb ola bilər. Həddindən artıq su istehlakı nəticəsində natrium səviyyəsi aşağı düşdükdə, mayelər hüceyrələrə keçərək onların şişməsinə səbəb olur. Bu, insanın beyin hüceyrələrində baş verdikdə, həyati təhlükə yaranır.
Su zəhərlənməsinin ilk əlamətləri bunlardır: baş ağrısı, ürəkbulanma, qusma. Daha sonra əzələ zəifliyi, qan təzyiqi, şüurun dumanlanması, nəfəs almada çətinlik baş verir. Ən ağır hallarda isə su intoksikasiyası komaya və hətta ölümə səbəb ola bilər.
Su zəhərlənməsi ən çox idman yarışlarında, ağır məşqlərdə iştirak edən və psixoloji cəhətdən problemi olan insanlara təsir göstərir.
Elə isə, orqanizmimiz üçün nə qədər su “çox” sayılır?
Suyun miqdarı su intoksikasiyasının yeganə amili hesab edilmir. İlk növbədə, hansı aralıqlarla içdiyiniz çox mühüm rol oynayır. Araşdırmalara görə, böyrəklər gündə təxminən 20-28 litr su xaric edə bilir, ancaq saatda 0,8-1 litrdən çox içilən su problem yaranmasına gətirib çıxarır. Bu səbəbdən ən əhəmiyyətli şərt böyrəkləri yükləməməkdir.
Səadət RZAYEVA, “Xalq qəzeti”

