Türkiyənin İğdır şəhərinin Topçular məhəlləsindəki Heydər Əliyev Fənn Liseyinin qarşısında yeni tikilən orta məktəbə “Şuşa” adı verilib. Bu təkliflə İğdır valisi Hüseyn Engin Sarıibrahimə yerli “Yeşil İğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş müraciət etmişdi.
İğdırlı jurnalistin arzusu yüksək səviyyədə qəbul edilərək bugünlərdə gerçəkləşdirilib. Müvafiq qərarı imzalamış vali yeni orta məktəbə “Şuşa” adının verilməsini belə dəyərləndirdi: “44 günlük müharibədən sonra öz azadlığına qovuşan Şuşa şəhəri Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin birliyi, dostluq və qardaşlıq bağı sayəsində azadlığına qovuşmuşdur. Burada imzalanmış Şuşa Bəyannaməsi ilə dünyaya çox önəmli mesajlar verilmişdir. Bursada isə Şuşa “ Türk Dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Yeni istifadəyə veriləcək orta məktəbə “Şuşa” adının verilməsi də gözəl bir təşəbbüsdür. Şəhərimizə xeyirli olsun”.
“Yeşil İğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş qəzetimizə açıqlamasında bunları dedi: “30 ildir ki, işğal altında olan Şuşa 44 günlük Vətən savaşından sonra öz azadlığına qovuşdu. Hər iki lider – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev əl-ələ tutaraq dosta güvən, düşmənə göz dağı verdilər. Şuşa bu il Türk Dünyasının mədəniyyət paytaxtı missiyasını uğurla yerinə yetirir. Qarabağ müharibəsi qəhrəmanlarını yad etmək, “Şuşa” adını qəlbimizdə yaşatmaq isə hər birimizin türklük borcudur. Əgər Xocalı bizim qan yaddaşımızdırsa, Şuşa igidlərimizin Vətən üçün şəhadətə gözlərini qırpmadan getdiyi müqəddəs savaşın və Zəfərimizin simvoludur. Hörmətli valimizin təklifimizi qəbul edib yeni məktəbimizə “Şuşa” adı verməsindən hədsiz məmnunluq duyuram”.
Əlavə edək ki, İğdırın Topçular məhəlləsində fəaliyyətə başlayacaq yeni orta məktəb 160 şagird yerlikdir. Məktəbin direktoru Fatma Kurt artıq şagird qəbulu üçün məktəbdə hazılıq başladığını bildirib.
Səbuhi HƏSƏNOV,
Naxçıvan