Ekoloji problemlər və uşaqların sağlamlığı

post-img

BMT Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmizdə ətraf mühit amillərinın uşaqların sağlamlığına təsirinə dair vəziyyətin təhlilinə həsr olunmuş dəyirmi masa keçirilib. 

UNICEF-in Azərbaycan nümayən­dəliyinin rəhbəri Aleks Haykens vurğu­layıb ki, iqlim dəyişikliyi, bunun uşaq­lara təsiri və ətraf mühit sağlamlığına aid məsələlər təmsil etdiyi təşkilatın fəaliyyətinin prioritet sahələrindən biri­dir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin dəstəyi ilə 2023-cü ilin mart–iyun ay­larında bir qrup milli ekspert tərəfindən ölkəmizdə uşaqların ətraf mühit amillə­ri ilə bağlı sağlamlığı məsələlərinə dair çevik qiymətləndirmə aparılıb: “Nəti­cələri, o cümlədən müvafiq problemlə­rin potensial həlli yollarını müzakirə et­mək üçün dəyirmi masa təşkil olunub”. 

Tədbirdə çıxış edən səhiyyə na­zirinin müavini İlqar Qasımov dəyirmi masanın əhəmiyyətli mövzuya həsr edildiyini vurğulayıb. Bildirib ki, Səhiy­yə Nazirliyi vətəndaşların sağlamlığına yanaşmada praktiki mövqeyin tərəfdarı və təşviqatçısıdır. Əhalinin sağlamlı­ğının qiymətləndirilməsi ictimai səhiy­yənin əsas istiqamətlərindən biridir. Bundan başqa, o, ekoloji təhlükələrin nəinki uşaqlara, ümumiyyətlə, insan sağlamlığına birbaşa və dolayı təsirlə­rindən də bəhs edib.

Dəyirmi masada Azərbaycan Tibb Universitetinin uşaq - yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafed­rasının müdiri Şəhla Balayeva, nazir­liyin mütəxəssis-eksperti, Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Erkin Rəhimov, ATU-nun I daxili xəstəlik­lər kafedrasının dosenti, Azərbaycan Toksikoloqlar Dərnəyinin sədri İsmayıl Əfəndiyev və digərləri çıxış ediblər. Aparılmış təhlillərin nəticələri – əsas ekoloji problemlər, səhiyyə sisteminin təhlili, uşaqların ətraf mühit təhlükələ­rinə məruz qalması, havanın çirklən­məsi və digər amillərlə bağlı təqdimat­lar edilib və müzakirələr aparılıb.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat