Özünü axtaranların kitabı

post-img

Gənc yazar Gülgün Quliyeva Azərbaycanda yeni olan şəxsi inkişaf kouçu – “Mind Academy MMC”nin təsisçisi və rəhbəridir. Bu sahənin özəlliklərini araşdıraraq, arzuladığı həyatı yaşamaq istəyən hər kəsə motivasiya aşılamağa çalışır. Onun Nizami Kino Mərkəzində təqdimatı keçirilən kitabı – “Qoy, işığı yandırım” də elə bu aspektdən qələmə alınıb.

Kitabın “Ön söz”ünün müəllifi, fəlsəfə elmləri doktoru, professor Rahid Ulusel yazır: “Əslində, Gülgün işığı ona görə yandırmaq istəyir, çünki içindəki işığa də­rindən nüfuz edərək hər bir zərrəciyi seç­məyə çalışır”. Bakıdakı Qərb Universite­tindən sonra Türkiyənin İzmir şəhərində şəxsi inkişaf kouçu sahəsində təhsil alan Gülgün hazırda yaratdığı müvafiq quru­ma rəhbərlik edir. Onun sosial şəbəkələr­də geniş izləyici auditoriyası qazanan maarifləndirmə videolarının izahı “Qoy, işığı yandırım” kitabında cəmlənib.

Mərasimdə çıxış edən “Xalq qəze­ti”nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov kitabın özünü axtaran hər kəs üçün faydalı vəsait olduğunu qeyd edərək dedi: “Hətta ilk baxışda bizim bildiyimiz, yaşadığımız və tanış duyğuların alt qatında anlaya və duya bilmədiyimiz çox şeylər yatır, onların ha­mısını işığa çıxarmaq lazımdır və Gülgün Quliyevanın yandırdığı işıq bu mənada çox gərəkli və hər kəsə lazım ola bilən bir işıqdır..”

Təqdimatda qeyd edildiyi kimi, Gül­gün Quliyevanın əksər qismi real təcrü­bələrdən, intellektual fəhmdən və orijinal mühakimələrdən qaynaqlanan kitabını oxuyanların yeni düşüncələrə dalaca­ğı, özündə yaxşılığa, xeyirə, əzmkarlığa doğru dəyişiklik hiss edəcəyi şübhəsizdir. Bu əsərdə müəllif öz ardınca aparmaq istədiyi oxuculara – arzu, istək vurğun­larına qətiyyən hökm etmir, inandırıcı bir şəkildə yaşam variantlarını nişan verir. Bu, sadəcə kitab deyil, çətin həyat yolla­rında sıxıntılardan xilas olmağın ən uğur­lu layihəsini canlandıran bir ürəyin təsviri, könüllü çağırış, müəllifin düşüncələr alə­minə maraq göstərənlərə tərəf uzanmış xeyirxah, etibarlı və düşərli bir əldir.

Gülgünün atası – tanınmış şair, tər­cüməçi, publisist, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənlinin redaktoru olduğu kitab “Təhsil” nəşriyyatında çapdan çıxıb. Nəşrin üzqabığının tərtibçisi Əziz Sa­dıqzadə, illüstrasiyaların müəllifi Narınc Mustafayevadır. Gənc yazarın təqdimat mərasiminə toplaşan oxucuların əldə et­dikləri kitablara həvəslə avtoqraf yazaraq onları imzalamasından belə bir qənaət hasil olurdu ki, əsərin mütaliəsinə həsr edilən saatlar, günlər hədər getməyəcək. 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”



Sosial həyat