Əbədiyaşarlığın çağdaş salnaməsi

post-img

Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin dünyaya göz açdığı Naxçıvanda Ulu öndərin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş daha bir kitab işıq üzü görüb. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, redaksiyanın məsul katibi Muxtar Məmmədoğlunun “O yaşayır, yaşayacaq ürəklərdə” adlı kitabında Ümummilli liderə əbədiyaşarlıq qazandıran tarixi xidmətlərdən əhatəli bəhs olunub.

“Şərq qapısı” qəzeti redaksiyasında keçirilən təqdimat mərasimində qəzetin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultan bildirib ki, redaksiyanın məsul katibi Mux­tar Məmmədoğlunun sayca beşinci olan “O ya­şayır, yaşayacaq ürəklərdə” kitabında Ümummilli lider Heydər Əliyevin xalqa xidmətdə keçmiş mə­nalı ömür yoluna, zəngin siyasi irsinə geniş nəzər salınmışdır. 

Bildirilib ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla çapdan çıxan kitab ön söz, giriş və dörd bölmədən ibarətdir. Kitabın “Es­selər”, “Dəyirmi masa, müsahibələr və söhbətlər”, “Bu ünvanlar xalqımızın böyük oğlunun adını ya­şadır”, “Bu da bir ömürdür...” bölmələrində jur­nalistin ürəyindən keçən və qələminin gücü ilə ərsəyə gələn səmimi fikirləri, düşüncələri aparıcı yer tutur. Elmi-kütləvi səpkidə yazılmış və müa­sirlərimizə ünvananmış yeni nəşr indiki nəsillərin Ulu öndərin həyat və faəliyyətini dərindən öyrən­məsinə kömək edən salnamə ədəbiyyatı sayıla bilər.

Kitabın ön sözünün müəllifi, Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri, Mux­tar Respublika Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, Nax­çıvan Dövlət Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev, Naxçıvan MR-in Əməkdar jurnalisti Hüseyn Əsgərov kitabda Ümummilli lider Azərbaycanın hərtərəfli inkişafı, dövlət müstəqilliyi qazanması və dünya birliyin­də layiqli yer tuması uğrunda tarixi mübarizəsi­nin müxtəlif məqamlarının jurnalist peşəkarlığı ilə qələmə alındığını söyləyiblər. Natiqlər kitabı Nax­çıvan jurnalistika məktəbinin Ulu öndərin yubile­yinə layiqli töhfəsi kimi dəyərləndiriblər.

Kitabın müəllifi Muxtar Məmmədoğlu Heydər Əliyev şəxsiyyətinə sonsuz sevginin onda daim yeni düşüncələr doğurduğunu, qəlbində yeni-yeni mövzulara çevrildiyini söyləyib, xalqımızın böyük oğlu barədə araşdırmaları bundan sonra da da­vam etdirəcəyini bildirib.

Səbuhi HƏSƏNOV, “Xalq qəzeti”

Sosial həyat