Sosial sfera yenilikləri

post-img

Normativ hüquqi akt layihəsi hazırlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız xəbərdə deyilir ki, cari ilin 6 ayında nazirlik əməkdaş­ları tərəfindən 217 normativ hüquqi akt layihəsi hazırlanıb.

Bildirilir ki, yeni normativ hüquqi akt layihələri sosial islahatların həyata keçiril­məsinə, sosial müdafiə sisteminin gücləndi­rilməsi və aktiv məşğulluq proqramlarının genişlənməsinə xidmət edir. Bununla, həm­çinin əmək və məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində normativ hüquqi bazanın təkmilləşdirilməsi təmin olunur.

Qeyd edək ki, ümumilikdə, son beş ildə nazirlik tərəfindən 2 min normativ-hüquqi akt layihəsi hazırlanaraq aidiyyəti üzrə təq­dim edilib.

159 DOST-umuz oldu

Ölkəmizdə uşaqların valideyn hi­mayəsindən məhrum olmasının qarşı­sının alınması və onların hüquqlarının müdafiəsinin gücləndirilməsi istiqamə­tində aparılan çoxşaxəli sosial islahatlar fonunda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə yeni so­sial institut olan “Himayədar ailə” kon­sepsiyasının daxil edilməsi ilə bu sahədə yeni mərhələyə keçidin təməli qoyulub.

Belə ki, “DOST Agentliyinin fəaliyyə­tinin təmin edilməsi haqqında” fərmanda dəyişikliyin edilməsi barədə Azərbaycan Prezidentinin 12 iyul 2023-cü il tarixli fər­manı ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na müvafiq xidmətlər əlavə olaraq daxil edilib. Belə ki, “DOST” mərkəzlərində göstərilən xidmətlərin si­yahısı”na beşi də əlavə olunmaqla onların sayı 159-a çatdırılıb.

Yarım ildə 8,5 milyon müraciət 

ƏƏSMN-nin fəaliyyət sahələri üzrə elektron xidmətlərə 2023-cü ilin birin­ci yarısında 8,5 milyon müraciət qeydə alınıb. Qurumların informasiya bazaları ilə inteqrasiya prosesi təmin edilir və yan­var-iyun aylarında nazirliyin mərkəzləşmiş informasiya sistemlərinə sorğu sayı 110 milyon olub. Son 6 ayda e-sosial.az porta­lından isə 4,5 milyon dəfə istifadə olunub.

İmtiyazlı şəxslər sanatoriyaya göndərilir

Sosial Xidmətlər Agentliyi tərəfin­dən 2023-cü ilin altı ayında 1697 nəfər imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib. On­lardan 200 nəfərə yaxını şəhid ailələrinin üzvləridir.

Vətəndaşlar Naxçıvan Muxtar Respub­likasındakı “Duzdağ” Fizioterapiya Mərkə­zi, “Darıdağ” Arsenli Su Müalicəxanası, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi, Möcüzəvi Naftalan Sağlamlıq Mərkəzi, Şahdağ – Quba –Truskavets Tibb Sanato­riyası və digər mərkəzlərdə müalicə kursu keçiblər.

Ümumilikdə, postmüharibə dövründə 10 min 276 imtiyazlı şəxs yollayışla tə­min olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb. Onlardan 917 nəfəri şəhid ailələrinin üzvləridir.

Əməkhaqqı fondunda 10 faiz artım 

Məşğulluq imkanlarının artırılma­sına, qeyri-rəsmi məşğulluğun leqallaş­masına yönələn kompleks tədbirlər nə­ticəsində əmək müqavilələrinin sayında artım davam edir. 

Bu ilin 6 ayında ölkəmizdə əmək müqa­vilələrinin sayı ilin əvvəlinə nisbətən 1 faiz və ya 18 min 500 müqavilə artaraq 1 mil­yon 765 minə çatıb.

Aparılan əməkhaqqı islahatları və əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunun da artması ilə nəticələnib. 2023-cü ilin yanvar–iyun aylarında əməkhaqqı fondunda daha 10 faiz artım qeydə alınıb.

Ümumilikdə, son 5 ildə əmək müqa­vilələrinin sayında 35 faiz, əməkhaqqı fon­dunda 2,5 dəfə artım baş verib.

Z.HÜSEYNOVA, “Xalq qəzeti”



Sosial həyat