“Molla Pənah Vaqifin əbədi yaradıcılığı türk irsi müstəvisində” mövzusunda konfransda Xalq yazıçısı Çingiz Abdullayev, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, TÜRKSOY Yazıçılar Birliyinin vitse-prezidenti Səlim Babullaoğlu və başqaları çıxış ediblər.
Çıxışlarda qeyd edilib ki, Vaqif orta əsrlər dövründə Azərbaycanın ən son görkəmli şairlərindən biri olub və ilk yeni realistik şair kimi xalq yaradıcılığına, poeziyaya yaxındır.
Vaqif Azərbaycanın yazılı ədəbiyyatının milli etnik şifrlərinin əsasının qoyulmasında və Azərbaycan xalqının poeziyada obrazının yaradılmasında müstəsna rol oynayıb.
Tədbirin zəngin proqramına Azərbaycan və türk xalqlarının müasir şairlərinin iştirakı ilə poeziya günü, qədim musiqi alətləri ansamblının konserti, ədəbi-musiqili kompozisiya, tanınmış incəsənət xadimlərinin çıxışları daxildir. Tədbirlər Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksində, görkəmli şairə, Qarabağ xanlığının sonuncu şahzadəsi Xurşidbanu Natəvanın evində, Mehmandarovların Malikanə Kompleksində, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında keçirilir.
“Xalq qəzeti”