“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı “Arkoz Qazax Sement Zavodu” MMC ərazi partiya təşkilatında “Ümummilli Lider Heydər Əliyev - 14 iyul 1969-cu ildən başlanan davamlı inkişaf strategiyasının banisidir” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin MMC-nin həyətindəki büstü önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla anıblar. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra dahi rəhbərin mənalı ömür yolunu, misilsiz xidmətlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə “Arkoz Qazax Sement Zavodu” MMC ərazi partiya təşkilatının sədri Nizami Zeynalov açıb.
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Anar Nəbiyev geniş məruzə çıxış edərək bildirib ki, iyulun 14-də görkəmli şəxsiyyət, ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 54 ili tamam olur. Məhz Ulu Öndərin Azərbaycan KP MK-nın birinci katibi seçildiyi vaxtdan Azərbaycanın sosial-iqtisadi həyatında inkişafın bünövrəsi qoyulmuş, respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycanda quruculuq, inkişaf dövrü kimi tarixə düşmüşdür.
A.Nəbiyev görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın xilaskarı, qüdrətli rəhbər, müstəqil Azərbaycanın banisi olduğunu tarixi faktlarla diqqətə çatdıraraq qeyd edib ki, illər, əsrlər ötsə də, nəsillər dəyişsə də, Heydər Əliyev Azərbaycan xalqının tarixi yaddaşında daim yaşayacaq, onun müəyyən etdiyi inkişaf yolu isə hər zaman dövlətimizi daha yüksək zirvələrə ucaldacaq. Natiq onu da da vurğulayıb ki, Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçir və beynəlxaq arenadakı mövqelərini daha da möhkəmləndirərək güclü bir dövlətə çevrilib.
Tədbirdə ərazi partiya təşkilatının sədr müavini Elvin Əmiraslanov, partiya fəallarından İlham Alıyev, Orxan Nərimanov çıxış edərək Heydər Əliyev kimi güclü liderin misilsiz fəaliyyətindən, müstəsna xidmətlərindən, apardığı məqsədyönlü, vacib islahatlardan danışıblar.
Sonda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya üzvlük vəsiqəsi təqdim edilib.
“Arkoz Qazax Sement Zavodu” MMC ərazi partiya təşkilatının ən fəal partiya üzvləri Fəxri Fərmanla təltif olunublar.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri