Milli Məclisin vitse-spikerinin vətəndaşlarla növbəti görüşü

post-img

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev iyulun 7-də 20 saylı Nərimanov II seçki dairəsindəki deputat ofisində seçiciləri, həmçinin ərazi məhdudiyyəti olmadan şəhid ailələri və qazilərlə görüşüb, onların müxtəlif məzmunlu müraciətlərini dinləyib. 

Vətəndaşlar tərəfindən qaldırılmış məsələlərin bir qismi  yerindəcə həll olunub, qalan məsələlərlə bağlı aidiyyəti qurumlara məktublar hazırlanıb.

Vitse-spiker Adil Əliyev müraciət edən vətəndaşlara bildirib ki, ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, rifah halının daha da yaxşılaşdırılması, şəhid ailələrinin və qazilərin sosial problemlərinin həlli daim diqqət mərkəzindədir. Onun sözlərinə görə, cənab Prezident tərəfindən əhalinin müraciətlərinə qayğı ilə yanaşılması barədə verilən tapşırıq və tövsiyələr verilib. Buna uyğun olaraq Milli Məclis sədrinin müavini Adil Əliyevin ünvanına daxil olan bütün növ müraciətlərə də yüksək diqqət göstərilir, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür.

Görüşdə iştirak edən vətəndaşlar, şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Anar ƏLİ,

“Xalq qəzeti”

Sosial həyat