"Azərbaycançılıq - dünya azərbaycanlılarını birləşdirən ideologiya" adlı “dəyirmi masa”

post-img

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun konfrans zalında “Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə "Azərbaycançılıq - dünya azərbaycanlılarını birləşdirən ideologiya" adlı “dəyirmi masa” keçirilib.

“Xalq qəzeti” xəbər verir ki, tədbir zamanı azərbaycançılıq ideologiyasının təbliği və onun təmək prinsiplərinin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

“Müasir İnkişaf”  İctimai Birliyinin sədri Mübariz Göyüşlü qeyd edib ki, fəaliyyət çərçivəsində 10-a yaxın videomüsahibə təşkil edəcəklər.
Beləliklə, vətənpərvərlik, azərbaycançılıq ideologiyası ilə bağlı mütəxəssislərin, tədqiqatçıların, alimlərin, ictimai xadimlərin fikirlərini bir daha gündəmə gətirəcəklər:

"İkinci Qarabağ müharibəsinə qədər azərbaycançılıq ideologiyasının təməlində həm də işğalda olan Qarabağ torpaqlarının azadlığı, ərazi bütövlüyümüzün bərpası dayanırdı. 2020-ci ildə 44 günlük müharibəni qələbə ilə bitirən Azərbaycan dövlətinin və xalqının qarşısında artıq daha böyük ideyalar, daha böyük hədəflər dayanır. Bu anlamda Azərbaycançılıq ideologiyasınln gələcək hədəf və məqsədləri ilə bağlı müəyyən redaktə və əlavələrin edilməsinə ciddi ehtiyac var".-deyə, M. Göyüşlü bildirib. 

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli isə deyib ki, dünya azərbaycanlıları arasında dilimizin qorunub saxlanılmasına çalışmalıyıq:
"Dünyada 50 milyon azərbaycanlı var.  30 milyondan çox soydaşımız İran İslam Respublikası adlandırılan tarixi Azərbaycan torpaqlarında yaşayır. 150 min erməninin ana dilində məktəbi, qəzeti, jurnalı olsa da, azərbaycanlıların bir dənə belə məktəbi yoxdur. Bizim borcumuz ana dilini qorumaqdır.

Xaricdə azərbaycançılıq soydaşlarımızı birləşdirən əsas ideologiyadır. Sağlam təməllərə söykənir, birləşdirici, barışdırıcı, həmrəylik missiyasını özündə ifadə edir". 
Qeyd edək ki, layihə "Müasir İnkişaf" İctimai Birliyi  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırıılır.

Növbəti tədbirlərin Şamaxıda, Xaçmazda və Abşeron rayonunda keçirilməsi nəzərdə tutulur.

Anar ƏLİ,
“Xalq qəzeti”





Sosial həyat