Qadınların sosial rolları ictimai rəydə

post-img

Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi rəy sorğularında respondentlərə qadınlara aid üç fikirdən hansı ilə daha çox razılaşdıqları soruşulub.

Onlar qadınların əsas işi ailə və uşaqlara baxmaq, qadınlar iş həyatında və ictimai həyatda iştirak etməlidir,  qadınlar həm iş həyatı, həm də ailə həyatında fəal olmalıdır olmaqla qruplaşdırılıb.

Sorğu könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib və anonimlik tam qorunub. 12 iqtisadi rayon əhatə olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95 faiz, xəta payı 5 faizə bərabərdir.

Rəyi soruşulanların 14,3 faizi qadınların əsas işinin ailə və uşaqlara baxmaq olduğunu, 4,6 faizi qadınların iş həyatında və ictimai həyatda iştirak etməli olduqlarını, 79,7 faizi isə onların həm iş həyatı, həm də ailə həyatında fəal olmalı olduqlarını qeyd ediblər.

Verilən cavablarda ciddi gender fərqləri üzə çıxıb. Belə ki, qadınların əsas işinin ailə və uşaqlara baxmaq olduğunu düşünənlər kişilər arasında 20,7 faiz, qadınları arasında isə 8,1 faizdir. Onların həm iş, həm də ailə həyatında fəallığının vacibliyini vurğulayanlar isə, əksinə qadınlar arasında daha çoxdur. Qadınların 88,2 faizi, kişilərin isə 71,2 faizi bu fikirlə razılaşıb.

Respondentlərin təhsil səviyyəsinin cavablara təsiri aydın şəkildə özünü biruzə verib. Belə ki, qadınların həm iş, həm də ailə həyatında fəallığının vacibliyi fikri ilə, orta təhsillilərin 73,4%-i, texniki-peşə təhsillilərin 85,2 faizi, ali təhsilli respondentlərin isə 93,7 faizi razılaşıb. Qadınların əsas işinin ailə və uşaqlara baxmaq olması fikri ilə razılaşanların təhsil bölgüsündə isə əks tendensiyanı izləmək olar. Orta təhsillilərin 20,2 faizi, texniki-peşə təhsillillərin 7,4 faiz, ali təhsillillərin isə 4,2 faizi bu fikirlə razılaşıb.

Məşğuliyyət bölgüsündə diqqət çəkən məqam qadınların hər iki sahədə fəallığının vacibliyi fikri ilə daha çox iki qrupun -  dövlət sektorunda işləyənlərin (84,3 faiz) və evdar qadınların (85,7 faiz) razılaşmasıdır. Başqa sözlə, evdar qadınların əksəriyyətinin yalnız özəl sahədə fəallıq göstərmələrinə birmənalı yanaşmadığını  güman etmək olar. Qadınların əsas işinin ailə və uşaqlara baxmaq olması fikri ilə razılaşanlar daha çox çox fərdi əmək fəaliyyəti (26,3 faiz) ilə məşğul olanlar, həmçinin işsiz olub, iş axtaranlar (28,2 faiz) arasındadır.

Gəlir səviyyəsi artdıqca qadınları yalnız özəl sahədə görən respondentlərin sayı azalır, həm özəl, həm də ictimai sahədə fəallığını məqbul hesab edənlərin  sayı isə artır.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Sosial həyat