BSU-da semestr imtahanları izlənilib

post-img

Dünən Bakı Slavyan Universitetində Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, qeyri-hökumət təşkilatları və media nümayəndələrinin iştirakı ilə tədris ilinin yaz semestrinin imtahan sessiyasını izləmək məqsədilə mediatur keçirilib.

BSU-nun rektoru Anar Nağıyev bakalavriat və magistratura səviy­yələri üzrə imtahanlarda 3 min 868 tələbənin iştirak etməsi barədə qo­naqlara məlumat verib. O bildirib ki, bu il ilk dəfə olaraq əsas binada ke­çirilən imtahanlar mərkəzləşdirilmiş qaydada təşkil edilib.

Rektor yeni tədris ilində uni­versitetdə balkanistika ixtisasının açılacağını, bu istiqamətdə tədrisi həyata keçirmək üçün müvafiq işlər görüldüyünü vurğulayıb. Bu ixtisasın balkanşünaslıq istiqamətində yeni mütəxəssislərin hazırlanmasına, eyni zamanda, gələcəkdə həmin məzunların tədris prosesinə cəlb olunmasına imkan yaradacağını bil­dirib. Bu il bakalavriat səviyyəsinə “politologiya”, “tarix müəllimliyi”, “tər­cümə” (rus dili-türk dili), “filologiya” (türk dili və ədəbiyyatı) ixtisaslarına, magistratura səviyyəsinə isə “me­necment” (təhsil sahəsi üzrə) ixtisa­sına qəbul aparılır. Nəticədə, BSU-nun tələbə kontingentinin sayı 1500 nəfərə çatacaq.

Anar Nağıyev iyunun 1-dən baş­layan və əyani formada təşkil olu­nan sessiyada bu günədək 1357 imtahanın keçirildiyini vurğulayıb. O, imtahanların müvafiq qaydalara uy­ğun təşkil edildiyini, şəffaf və ədalətli keçirilməsinin təmin olunduğunu bil­dirib. Ali məktəb rəhbəri mediatur iş­tirakçılarının suallarını da cavablan­dırıb. Sonra mediatur iştirakçıları ilk imtahanların gedişini izləyiblər.

Qeyd edək ki, BSU-da cari təd­ris ilinin yaz imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, yarana biləcək münaqişə və şikayətlərin yerində operativ həlli­ni təmin etmək məqsədilə universitet rəhbərliyinin, valideyn şuralarının, tələbə-gənclər təşkilatlarının, mət­buat xidmətinin nümayəndələrindən ibarət “İmtahan qərargahı” yaradılıb. İimtahan sessiyasının keçirilməsi üçün əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

İyulun 6-dək davam edəcək ses­siyada, ümumilikdə, 1416 imtahanın keçirilməsi nəzərdə tutulur.

“Xalq qəzeti”

Sosial həyat