Milli ordumuzun qurucusu

post-img

Çağırış yaşlı gənclərin, Vətən müharibəsi veteranlarının və qazilərin iştirak etdikləri konfransda ulu öndər Heydər Əliyev və ərazi bütövlüyümüz uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları qarşıdan gələn 26 iyun Si­lahlı Qüvvələr Günü münasibəti təbrik edərək xoş arzularını çatdırıb. Sonra “Heydər Əliyev müasir Azərbaycan Or­dusunun qurucusudur” mövzusunda məruzə edən şəhər rəhbəri bildirib ki, Azərbaycan Ordusu müasir, müstəqil dövlətimizin memarı və qurucusu olan ümummilli lider Heydər Əliyevin ölkə­mizə rəhbərliyi ilk dövrdən formalaşmış­dır. Ulu öndər 1969-cu ildə Azərbaycan­da hakimiyyətə gəldikdən sonra onun müstəsna xidmətlərindən biri ölkəmizdə hərbi kadrların hazırlanmasına verdi­yi töhfələr olub. 1993-cü ilin yayında Ümummilli liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm ad­dımlar atıldı. 

Bu gün ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən aparı­lan uğurlu siyasət nəticəsində ordumuz modernləşdirilmiş, dünyanın ən güclü orduları sırasına yüksəlmişdir. 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən mü­haribəsində yüksək texniki hazırlığa ma­lik ordumuz sürətlə hərəkət edərək işğal altında olan torpaqlarımızı qısa vaxtda azad etdi.

Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şəhər şö­bəsinin rəisi Rövşən Məmmədov “Ordu quruculuğunda ulu öndər Heydər Əliye­vin tarixi xidmətləri”, Azərbaycan Qara­bağ müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyi Mingəçevir şəhər filialının sədri Əlağa Bəndəliyev “Birinci Qarabağ müharibəsi dövründə ordu quruculuğundakı çətinliklər”, ehti­yatda olan mayor, qazi Pərviz Məmmə­dov “Müasir ordumuzda hərbi xidmətin təşkilində yeniliklər” mövzularında çıxş etmişlər.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat