Paşinyan hökumətində ikitirəlik: sağa da əyilən var, sola da

post-img

Nikol Paşinyanın rəhbərlik etdi­yi Ermənistan hökumətinin əsasən Qərbpərəstlərdən təşkil edildiyi heç kimə sirr deyil. Nazirlərin, komitə sədrlərinin və müxtəlif dövlət xid­mətləri rəislərinin tərcümeyi-halı ilə tanışlıq zamanı buna əmin olursan. Onlar həm də Rusiyanın əleyhdarları­dır. Bu dəstənin başında isə parlamen­tin sədri Alen Simonyan, xarici işlər naziri Ararat Mirzoyan, təhlükəsizlik şurasının katibi Armen Qriqoryan dayanır. Onların “Sorosun uşaqları” adlandırılması heç də təsadüfi deyil. Məsələn, Ararat Mirzoyan “məxməri inqilab”dan öncə İrəvanda anti-Rusi­ya nümayişləri təşkil edən şəxsdir. Bu­nunla bağlı internetdə foto və videolar var. Sadəcə olaraq, onun və digər si­yasi həmfikirlərinin tutduqları postlar bu gün öz mövqelərini aşkar ortaya qoymalarına imkan vermir.

Qərbpərəstlərin “parlaq” nümayəndəsi Armen Qriqoryanla milli təhlükəsizlik xid­mətinin direktoru Armen Abazyan arasın­da xeyli vaxtdır sürən münaqişə artıq açıq müstəviyə keçib. A.Qriqoryan vaxtilə Açıq Cəmiyyət İnstitutunun (Soros Fondu) ma­liyyələşdirdiyi “Transparency International” təşkilatında koordinator olub. İrəvan Dövlət Universitetini, sonra isə Ermənistan-Amerika Universitetini bitirib. Bu universitet 1991-ci ildə Ermənistan hökuməti, Ümumerməni Xeyriyyə İttifaqı və Kaliforniya Universi­tetinin əməkdaşlığı sayəsində yaradılıb və keçmiş SSRİ ərazisində ABŞ-da akkredita­siyadan keçmiş yeganə ali təhsil müəssisəsi­dir. O, Ermənistan hökumətində əsas Rusiya əleyhdarı kimi tanınır. Armen Abazyan isə əksinə, Rusiyaya bağlı şəxs hesab edilir. O, 1993-1994-cü illərdə Ermənistanda disloka­siya olunmuş Rusiya Federasiyasının Sərhəd Qoşunlarında xidmət edib. Abazyanın əley­hdarları bu faktı onu “vurmaq” üçün daim diqqət mərkəzində saxlayırlar.

***

İyunun 23-də Fransa xüsusi xidmət orqanları ilə açıq şəkildə əlaqəli olan “Intel­ligence Online” saytında “Armen Abazyanın milli təhlükəsizlik xidmətində nəsillərarası qarşıdurma” sərlövhəli məqalə dərc olunub. Məqalədə Fransa xüsusi xidmət orqanlarının qatı ruspərəst kimi təqdim etdiyi və Moskva­nın göstərişlərini kor-koranə yerinə yetirdiyi iddia olunan A.Abazyan hədəfə alınıb. Eh­timal etmək olar ki, bu faktlar “Intelligence Online”-a Avropa İttifaqının Ermənistanda­kı missiyasında geniş şəkildə təmsil olunan fransız agentlər tərəfindən sızdırılıb. Qeyd olunur ki, A.Abazyan Rusiyanın Federal Təh­lükəsizlik Xidməti ilə sıx əlaqədədir. Bu iddia onunla əsaslandırılır ki, sovet dövründə sər­həd qoşunları SSRİ Dövlət Təhlükəsizlik Ko­mitəsinin tabeliyində olub, SSRİ dağılandan sonra 10 il müstəqil struktur kimi fəaliyyyət göstərib, 2003-cü ildə isə yenidən FTX-nın tərkibinə daxil olub. Məqalədə nəsillərara­sı qarşıdurmadan bəhs edilərək bildirilir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin kiçik və yüksək rütbəli zabitləri Rusiya FTX ilə informasiya mübadiləsinin əleyhinədirlər. Onların fikrincə, bu informasiyalar sonradan, guya, Azərbaycana ötürülür.

Caliber.Az saytı yazır ki, Emmanuel Makronun prezidentliyi altında “Beşinci Respublika”nın cəmiyyətdə bir sıra qeyri-po­pulyar qərarlarından sonra hökumət sözün əsl mənasında, çat versə də Fransa Cənubi Qafqazda möhkəmlənmək niyyətini getdikcə daha aydın şəkildə nümayiş etdirir. Burada “kiçik bacısı” Ermənistan qollarını geniş aça­raq onu qarşılayır: “Deyəsən, arzular və istək­lər üst-üstə düşür. Fransa Ermənistana onun istədiyi qədər dərindən nüfuz edir. Ancaq hər şey o qədər də birmənalı deyil. Aydın olur ki, Ermənistanda heç də hamı Parisin istəklərini həlimliklə yerinə yetirməyə hazır deyil. Üstə­lik, söhbət hakimiyyət və resursların əlində cəmləşdiyi ciddi dövlət məmurlarından gedir. Onlardan biri Ermənistan milli təhlükəsizlik xidmətinin direktoru, general-mayor Armen Abazyandır ki, o, ölkənin Fransanın protek­toratına çevrilməsi ideyasını dəstəkləmir. Və burada Abazyanı milli təhlükəsizlik xid­mətinin rəhbərliyindən uzaqlaşdırmaq üçün onu gözdən salmaq oyununa başlayan Fransa kəşfiyyatı işə düşür”.

Saytın diplomatik mənbələrdən əldə et­diyi məlumata görə, Fransa xüsusi xidmət orqanı DGSE (Fransa Müdafiə Nazirliyinə tabe olan xarici siyasət və hərbi kəşfiyyatın birləşmiş xidməti) Abazyanı kənarlaşdırmaq planında baş nazir Paşinyanın ən yaxın adam­larının birinə, təhlükəsizlik şurasının katibi Armen Qriqoryana arxalanır: “Sonuncu, əlimizdə olan məlumatlara görə, Milli Təh­lükəsizlik Xidmətinin rəhbərinə, sözün əsil mənasında, bıçaq zərbəsi endirir. Abazyan Ermənistanın bütün güc strukturlarını kurasi­ya etmək səlahiyyətinə malik olan Qriqorya­nın rəhbərliyi altında “yatmaq” istəmir. Məhz buna görə də təhlükəsizlik şurasının katibi (yeri gəlmişkən, o, Paşinyanın ən kəskin tənqidçilərindən biri olan general-polkovnik Movses Akopyanın qardaşı oğludur) Fransa xüsusi xidmət orqanlarının oyununa qoşulub. Burada onların maraqları yüz faiz üst-üstə düşür. Fransa Ermənistanın əsas məxfi xid­mətinə açıq frankofilin rəhbərlik etməsini, Qriqoryan isə ona tabe olmayan Abazyandan yaxa qurtarmaq istəyir”.

Bilidirlir ki, amma Qriqoryanın marağı təkcə bunda deyil. Məsələ ondadır ki, Abaz­yan Paşinyana ölkənin durumu, xüsusən də regionda qüvvələr balansı və sair haqqında daha real məlumatlar verir və bu məlumatlar Paşinyanı revanşizmdən xeyli çəkindirir. Bu da öz növbəsində Fransanı və Azərbaycanın Qarabağ bölgəsindən olan Armen Qriqoryanı (Qriqoryan 1983-cü ildə Xocavənddə anadan olub) çox qıcıqlandırır. “Onların planı, özlə­rinə daha loyal olacaq öz adamını bu vəzifəyə qoymaqdır. Daha sonra milli təhlükəsizlik xidmətinin yeni rəhbərinin müxtəlif yazışma­lar əsasında rəhbərliyi bölgədə yeni gərginlik yaratmaq üçün revanşistlərlə əməkdaşlığa sövq edə bilər ki, bu da Cənubi Qafqazda Parisə daha çox manevr imkanı verəcək”, – deyə məqalədə qeyd olunur.

***

Aydın məsələdir ki, Qriqoryan bununla xüsusi xidmət orqanlarının inadkar rəhbə­rindən yaxa qurtaracaq. Baxmayaraq ki, Qa­rabağ ermənisi kimi, Qriqoryanın şəxsi re­vanşist motivlərinin də olması mümkündür. Amma Parisin son məqsədi, təbii ki, Abaz­yanın işdən çıxarılması ilə məhdudlaşmır. Fransa perspektivdə Ermənistanı regional istinad nöqtəsinə çevirmək üçün fəal işləyir. Ermənistanın Rusiya ilə çoxdankı və bir za­manlar dərin münasibətlərini nəzərə alsaq, Parisin ambisiyası “daşlar ölkəsi”ni regional kəşfiyyat bazasına çevirməkdir. Başqa sözlə, Fransa üçün Ermənistan Cənubi Qafqaz regi­onuna nüfuz etmək və möhkəmlənmək üçün yaşıl yoldur. Onu da nəzərə almaq lazımdır ki, ermənilər regional reallıqları yaxşı bilir­lər və həm Rusiya cəmiyyətinə inteqrasiya ediblər, həm də regionun digər ölkələrində, o cümlədən Türkiyə və İranda məlumat top­lamaq imkanına malikdirlər. Bu baxımdan İrəvan Fransanın kəşfiyyat fəaliyyətində ef­fektiv resursa çevrilə bilər.

A.Abazyan isə öz mövqeyini qoruyub saxlaya bilsə də, ona qarşı daxili və xarici təzyiqlər artacaq. O, nəinki hələ də Paşinya­nın yaxın adamlarından biri olaraq qalır, həm də sələflərindən – telefon dinləmələrində səh­və yol vermiş Artur Vanetsyandan, təcrübəsiz Arqişti Karamyandan və zəif iradəli Mikael Ambartsumyandan daha uzun müddətdir ki, postunu saxlayır. Onun Fransanın təzyiqinə davam gətirə biləcəyini, yoxsa DGSE – Ar­men Qriqoryan tandeminin oyununa qurban gedəcəyini zaman göstərəcək.

Onu da qeyd edək ki, A.Abazyan 2020-ci ilin oktyabrın 8-də Ermənistan milli təhlükə­sizlik xidmətinin rəisi təyin edilib. O, bu və­zifədə Qarabağda döyüş əməliyyatları zama­nı işdən çıxarılan 29 yaşlı Arqişti Karamyanı əvəz edib.

Fikrət SADIXOV,
politoloq

– Hazırkı Ermənistan hakimiy­yətində müxtəlif meyilli qüvvələr cəmləşib. Bəziləri Rusiya meyillidir, digərləri Qərbpərəst. Belə təəssü­rat yaranır ki, bu vəziyyət Paşinya­nı qane edir. Çünki Paşinyan bun­dan çox məharətlə istifadə edir və bu ikitirəliyi hər zaman öz xeyrinə yönəldə bilir. Hətta, bir sıra hallarda ziddiyyətli bəyanatlarla çıxış edir. Amma burada mürəkkəb məqam yarana bilər. Bu da öz-özlüyündə hakimiyyətin zəifləyəcəyi ehtima­lıdır. Hakimiyyət zəifləsə, təbii ki, onu yıxmaq da çətin olmayacaq. Görünür, Paşinyan bunu o qədər də dərk etmir. Çünki onun nə təc­rübəsi, nə də siyasi biliyi var. O, bu məsələdə naşıdır. Şübhə etmirəm ki, bütün bu ziddiyyətli mövqelər Paşinyan hökumətinin zəifləmə­sinə və aradan götürülməsinə mün­bit şərait yaradır.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət