Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və Azərbaycan jurnalistikası” mövzusunda dəyirmi masa keçirilib.
Muxtar respublikanın media nümayəndələrinin iştirak etdiyi müzakirədə çıxış edən Naxçıvan MR Televiziya və Radio Şurasının sədri Rauf Əliyev, şuranın üzvü Sara Əzimova, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov, Mətbuat Şurasının üzvü Şəhla Şirəliyeva 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsini dahi şəxsiyyətə ümumxalq sevgisinin və indiki nəsillərin sonsuz ehtiramının ifadəsi kimi dəyərləndiriblər.
Qeyd olunub ki, bu gün Azərbaycanda Ulu öndərin siyasi irsini ən yüksək səviyyədə təbliğ edən, geniş kütləyə çatdıran media vasitələti sırasında muxtar respublikanın dövri nəşrləri və teleradio yayımları da ön sırada yer alır. Ulu öndərin imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman milli jurnalistikamızın inkişaf tarixində yeni bir mərhələyə qapı açıb. Məhz bu sənədə əsasən media yayımı üzərində senzura ləğv edilib.
Bildirilib ki, Ulu öndər jurnalistlərə həmişə əhatəli qayğı göstərib, onların fəaliyyətini yüksəkqiymətləndirib. Buna görə də media ailəsi öz böyük himayədarını təntənəli surətdə “Jurnalistlərin dostu” adına layiq görüb. Həmçinin 2002-ci ildə Azərbaycan Respublikası Televiziya və Radio Şurasının, 2003-cü ildə jurnalistlərin I qurultayında Mətbuat Şurasının yaradılması medianın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Dəyirmi masada ulu öndərin media dərslərinə geniş nəzər salınıb.
Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”
Naxçıvan