Afinada Ümummilli Liderin 100 illiyi qeyd olunub

post-img

Azərbaycanın Yunanıstandakı səfirliyinin təşkilatçılığı ilə Afina şəhərində müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Yunanıstanın Attika regionunda yaşayan Azərbaycan icması üzvlərinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan: Dövlət quruculuğunda liderlərin tarixi rolu” mövzusunda keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə səfirliyin müvəqqəti işlər vəkili Qafqaz Aslansoy çıxış edərək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən və zəngin siyasi irsi haqqında məlumat verərək, bu il dahi lider Heydər Əliyevin 100 illik yubileyi ilə yanaşı, onun hakimiyyətə yenidən qayıdışının 30 ilinin tamam olduğunu bildirib. Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi ilə üzləşdiyi ən ağır vaxtda xalqın təkidli tələbi ilə Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı ilə ölkəmizi xaos və anarxiyadan xilas etdiyi, Ulu Öndərin möhkəm iradəsi, vətənə bağlılığı və uzaqgörən siyasəti ilə Azərbaycanın müstəqilliyini möhkəmləndirdiyi və onun liderliyi ilə ölkənin qarşılaşdığı siyasi və iqtisadi böhrandan məharətlə çıxdığı vurğulanıb. Müasir Azərbaycan dövlətinin Heydər Əliyevin əzmi və tükənməz səyləri ilə möhkəmləndiyi, iqtisadiyyatının çiçəkləndiyi bildirilərək, xalqımızın sosial rifahı və inkişafına xidmət edən mühüm layihələrin həyata keçirildiyi, milli təhlükəsizliyimizin əsas elementi olan enerji təhlükəsizliyinin və neft siyasətinin təməlinin qoyulduğu bildirilib. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi” imzalanmış, regional əhəmiyyətli bir sıra iqtisadi layihələr icra edilib. Hazırda, onun siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi, Azərbaycanın Avropanın və bir sıra region ölkələrinin enerji təhlükəsizliyini təmin edərək etibarlı tərəfdaşa çevrildiyi, ölkəmizlə tərəfdaşlıq etmək istəyən ölkələrin sayının genişləndiyi diqqətə çatdırılıb. Bütün bu xidmətləri nəzərə alaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin Ulu Öndərin xalqımız qarşısında göstərdiyi xidmətlərə və onun siyasi irsinə verilən yüksək dəyərin parlaq ifadəsi hesab edildiyi bildirilib. Heydər Əliyevin xalqımızı mürəkkəb tarixi-siyasi sınaqlardan uğurla çıxarmış və ardıcıl, qətiyyətli siyasət aparmaqla onu müstəqilliyə qovuşdurmuş müdrik şəxsiyyət olduğu diqqətə çatdırılıb.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın milli maraqları naminə əvəzsiz xidmətləri, apardığı müstəqil xarici siyasət kursunun sadiq davamçısı Prezident İlham Əliyevin güclü iradəsi və müdrik siyasəti ilə torpaqlarımızın işğaldan azad olunduğu, 30 il ərzində Ermənistanın işğalçılıq siyasəti nəticəsində dağıdılmış infrastrukturun yenidən qurulması, rekonstruksiyası və reinteqrasiya istiqamətində böyük işlərin həyata keçirildiyi bildirilərək doğma yurdlarından didərgin düşmüş həmvətənlərimizin “Böyük Qayıdış”ının başlandığı diqqətə çatdırılıb.

Daha sonra Yunanıstanda fəaliyyət göstərən ən böyük strateji araşdırmalar mərkəzi Avropa və Amerika Araşdırmaları İnstitutunun (RIEAS) rəhbəri Yannis Nomikos çıxış edib, dahi liderin siyasi fəaliyyəti, həyata keçirdiyi qlobal iqtisadi layihələr haqqında məlumat verib. Cari ilin may ayında Şuşa şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda iştirak edən institutun rəhbəri Y.Nomikos Azərbaycan haqqında təəssüratlarını bölüşüb, yerli yunan ictimaiyyətinə regionda baş verən proseslərlə bağlı dolğun məlumatların çatdırılması istiqamətində onun və komandası tərəfindən əməli iş aparıldığını bildirib. O, həmçinin ölkə Prezidenti İlham Əliyevin konfrans zamanı səsləndirdiyi fikirlərdən sitat gətirib, əməkdaşlıqla bağlı mövcud olan imkanların genişləndirilməsi ilə bağlı fikirlərini paylaşıb. Dahi liderin həyat və siyasi fəaliyyətini özündə əks etdirən kitab Y.Nomikosa hədiyyə edilib.

Daha sonra tədbirdə Ümummilli Liderin həyatına və siyasi fəaliyyətinə həsr olunmuş yunan dilindəki videomaterial nümayiş etdirilib, dahi şəxsiyyətin bəyəndiyi Azərbaycan musiqinin müşayiəti ilə ziyafət verilib.

 
İqbal Hacıyev 

AZƏRTAC-ın xüsusi müxbiri

Afina



Sosial həyat