“Heydər Əliyev İli” çərçivəsində Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ixtisaslaşdırılmış hərbi ali təhsil müəssisələrinin tələbələri arasında elan etdiyi “Azərbaycan dili müzəffər ordumuzun dilidir” adlı esse müsabiqəsinə yekun vurulmuşdur.
Mərkəzin direktoru, professor Sevinc Əliyeva ixtisaslaşdırılmış hərbi ali təhsil müəssisələrinin kursantları arasında esse müsabiqəsinin keçirilməsində başlıca məqsədin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin dərindən öyrənilməsi, yeni nəslin vətənpərvərlik ruhunda formalaşmasına, eləcə də gələcək zabitlərimizdə yazı və şifahi nitq vərdişlərinin düzgün inkişafı işinə töhfə vermək olduğunu bildirmişdir.
Münsiflər heyətinin üzvü, Bakı Dövlət Universitetinin kiçik elmi işçisi Pərvin Eyvazov müsabiqəyə göndərilən 20 essenin 10 ballıq sistemlə qiymətləndirildiyini və 10 yazının müəllifinin qalib kimi seçildiyini qeyd etmişdir.
Münsiflər heyətinin üzvü, Bakı Mühəndislik Universitetinin tədris məsləhətçisi dosent Zabitə Teymurlu müsabiqədə iştirak edən gənclərdə vətənpərvərlik ruhunun yüksək olduğunu, yazılarda ifadəliliyin qorunduğunu bildirməklə yanaşı, ədəbi dil normalarına əməl olunmasının zəruriliyini də vurğulamışdır.
“Azərbaycan dili müzəffər ordumuzun dilidir” adlı esse müsabiqəsində ilk üç yerin qalibləri ‒ Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kursantları, Heydər Əliyev adına Hərbi İnstitutun kursantı Fəxri fərmanlarla təltif edilmiş, ilk onluğa düşən digər iştirakçılara təşəkkürnamələr təqdim olunmuşdur.
Gənc nəslin vətənpərvərlik və azərbaycançılıq ideologiyası ruhunda tərbiyə edilməsi, milli kimliyimiz olan Azərbaycan dilinə sevginin kursantlara aşılanması, dövlət dilinin tədrisi və təbliğindəki xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının əməkdaşı, dosent Kəminə Məmmədovaya Fəxri fərman təqdim edilmişdir.
“Xalq qəzeti”