Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir. İyunun 19-da Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan daha 13 ailə Laçın şəhərinə çatıb.
Laçın şəhərinə doğma sakinlərinin qayıdışı davam edir. Növbəti köç karvanı artıq Laçına çatıb. Laçına qədəm qoyan ailələr şəhərin girişində Həkəri çayı körpüsündə qarşılanıblar. Onlar sevinc göz yaşları ilə Laçının havasını udub mənzərəsini seyr edərək, qarşıdakı firavan günlərinin xəyallarını qurublar.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhər sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Bugünkü köçlə birlikdə Laçın şəhərində 55 ailənin, yəni 213 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar.
***
Dünən Laçına köçürülən 13 ailəyə evlərinin açarları təqdim edilib. 44 Laçın sakini evinə yerləşib.
Qeyd edək ki, növbəti köç karvanı dünən Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb.
“Xalq qəzeti”