Gimnastlar jurnalistlərə məharətlərini göstəriblər

post-img

İyunun 19-da Milli Gimnastika Arenasında idman gimnastikası üzrə mətbuat üçün açıq məşq keçirilib. 

İdman gimnastikası üzrə yığma komandanın baş məşqçisi Ruslan İrqaşev açıq məşqi izləyən jurnalist­lərə komandanın hazırlığı ilə bağlı məlumat verib. O qeyd edib ki, tə­lim-məşq toplanışı gimnastların ha­zırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir. Məşq prosesində gənc idmançılar yoxlanır. Peşəkar olmaq istəyən hər bir idmançı gənc yaşla­rından məşq yükünə, gün ərzində üç dəfə keçirilən məşqlərə uyğun­laşmalıdır. 

Gərgin məşqlərlə yanaşı, onla­rın bərpa olunmalarının da vacib olduğunu bildirən R. İrqaşev idman­çıların Milli Gimnastika Arenasında gün ərzində 3 dəfə qidalandıqlarını, vitaminizasiya ilə təmin olunduqla­rını və bərpaedici məşqlərdə iştirak etdiklərini vurğulayıb.

Yığma komandanın üzvlərini qarşıda bir sıra mötəbər yarışların gözlədiyini bildirən baş məşqçi de­yib ki, yığma komandamızın üzvü Aydın Əlizadə iyulun sonunda ke­çiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlaşır. Çində keçiriləcək Yay Universia­dasında isə İvan Tixonov və Nikita Simonov mübarizə aparacaqlar. Hər iki idmançı, həmçinin avqust və sentyabr aylarında təşkil edilə­cək dünya kuboku yarışlarında və Olimpiya Oyunlarına iştirak hüququ verəcək dünya çempionatında güc­lərini sınayacaqlar. 

“Ocaq Sport” klubu, İxtisaslaş­dırılmış Olimpiya Ehtiyatları Gim­nastika Məktəbi və Sumqayıtı təm­sil edən 11-13 yaş qrupu üzrə 20 idmançının cəlb olunduğu məşqlər iyulun 7-dək davam edəcək.

 

Leyla QURBANOVA, “Xalq qəzeti”



İdman