Naxçıvanda unudulmaz görüş

post-img

Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı üçün tarixi müraciətə imza atmış 91 nəfər ziyalıdan biri böyük şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov olub. Ümummilli lider onun fəaliyyətini hər zaman yüksək qiymətləndirirdi. Təsadüfi deyil ki, 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçiriləndə Ziya Bünyadov yeni yaranan partiyanın sədr müavini seçilib.

Xatırladaq ki, ondan əvvəl – 1991-ci ildə və sonra – 1993-cü ilin mayında da görkəmli akademik ulu öndəri Nax­çıvanda ziyarət edib. Əməkdar jurnalist Rəhman Orxanın redaksiyamıza təqdim etdiyi xatirə qeydləri məhz 1991-ci ildə olmuş görüş haqqındadır. Həmin qeydləri oxuculara təqdim edirik: 

Bəri başdan deyim ki, ümummilli li­derimiz daim akademik Ziya Bünyadova yüksək qiymət verib. Elə ulu öndərdən misal gətirdiyimiz bu sitat da həmin fikri təsdiqləyir: “Ziya Bünyadovun xidmətləri çoxdur və onun ən böyük xidmətlərin­dən biri də ondan ibarətdir ki, 80-ci illərin axırlarında – 90-cı illərin əvvəllərində o, böyük alim kimi, tədqiqatçı kimi Azərbay­canın açılmamış arxivlərinə bir daha get­di, o arxivlərdən Azərbaycan tarixinin XX əsrə aid səhifələrini açdı, tədqiq etdi, öz kitablarında, dövri mətbuatda yazılar ver­di və beləliklə də, əgər əvvəllər Azərbay­can tarixinin orta əsrlərə aid çox mühüm dövrlərini elmi əsərlərində işıqlandırdısa, açdısa, göstərdisə, son illərdə özünü buna həsr etdi. O cümlədən ilk Azərbay­can Demokratik Respublikasının yaran­ması ərəfəsində gedən prosesləri də, o dövrü də doğru-düzgün tədqiq edənlər­dən biri Ziya Bünyadovdur”.

...1993-cü il idi. Redaksiyada otur­muşdum. Birdən zəng gəldi. Danışan o idi – akademik Ziya Bünyadov.

– Sizin “Bakinets”i oxuyuram, cə­sarətli qəzetdir, – dedi. – Erməniləri ifşa edən, onların iç üzünü açan yaxşı yazılar, tarixi materiallar verirsiniz. Özümüzün­külərə də sözünüzü deməkdən çəkinmir­siz. Var olun! Belə də davam edin.

Onunla ilk canlı ünsiyyətimiz zamanı isə çox maraqlı bir həmsöhbət kimi xeyli önəmli faktlardan bəhs etdi. Həmin gün Ziya müəllimlə xalqımızın dahi oğlu, bö­yük xilaskarı Heydər Əliyevlə, onun xalq qarşısında xidmətləri barədə çox geniş söhbətimiz də oldu. Mən “Vışka” qəze­tində işləyərkən, ulu öndər Moskvada və­zifədən uzaqlaşdırıldığı vaxtlarda, sonra­lar isə – AXC-Müsavat hakimiyyətsizliyi, naşı siyasətbazların hökmranlığı dövrün­də “Bakinets” qəzetində çap olunmuş, Heydər Əliyevə rəğbətimin açıq-aşkar bilindiyi bir-neçə məqaləm barədə Ziya müəllimə məlumat verdim. Sonra qəze­timizin 30 iyun 1993-cü il tarixli nömrəsi­nin “Он вернулся” başlığı altında Heydər Əliyevin yenidən Azərbaycan rəhbərli­yinə qayıtmasını alqışlayan nüsxəsini ona təqdim etdim. 

Ziya müəllim vaxtilə – 1981-ci ildə məhz ulu öndərin onu Şərqşünaslıq İnsti­tutunun direktoru vəzifəsinə təyin etdiyini, lakin sonralar bəzi naqis adamların Hey­dər Əliyevin onunla münasibətində gər­ginlik yaratmağa çalışdıqlarını təəssüflə yada saldı. O, ulu öndərin, həqiqətən, dahi və müdrik bir şəxsiyyət, xalqımızın əsl lideri, xilaskarı, doğma Azərbayca­nımızı bütün varlığı ilə sevən böyük bir vətənpərvər olduğunu söylədi.

Ziya müəllim Heydər Əliyevlə 1991-ci ilin mayında Naxçıvandakı görüşündən səmimiyyət və nostalji duyğularla söhbət açaraq, dahi rəhbərin geniş, humanist bir qəlbə malik olduğunu diqqətə çatdırdı.

– Mən həmin il mayın 6-dan Naxçı­vanda idim, – deyən akademik maraqlı bir əhvalat danışdı. – Bəzilərinin hansı məqsədləsə bizim aramızı vurmağa ça­lışmasına və bəzən də buna nail olmala­rına baxmayaraq, mayın 7-də Naxçıvan Ali Məclisinə gedərək, onunla görüşmək istədim. Referentindən xahiş etdim ki, mənim gəlişim barədə Heydər Əliyevə məlumat versin. Düzü, məni qəbul et­məyəcəyinə, ordan məyus qayıdacağı­ma da hazır idim. Referent içəri keçdi və mən onun cavabıni gözləyirdim ki, birdən qapılar taybatay açıldı. Gözlədiyimin ək­sinə olaraq, Heydər Əliyev qollarını geniş açaraq, məni bərk-bərk qucaqladı və eh­tiramla kabinetinə dəvət etdi. Xeyli söh­bətimiz oldu. Dedi ki, Ziya müəllim, mən bura bir çoxlarının – bir vaxtlar vəzifə, sə­lahiyyət verdiyim nankor adamların mə­nimlə görüşə gələcəklərini güman etsəm də, Sizin gələ biləcəyinizi qətiyyən göz­ləmirdim, heç düşünmürdüm də. Mənim üçün gözəl bir sürpriz etdiniz. Çox sağ olun ki, məni yad edib gəldiniz, görüşdük.

Ulu öndər Ziya müəllimin vəziyyəti, rəhbəri olduğu Şərqşünaslıq İnstitutu­nun fəaliyyəti ilə, Naxçıvanda neçə gün qalacağı ilə maraqlanmış və onun ertəsi gün Bakıya qayıtmaq istədiyini eşidincə demişdi:

– Elə şey yoxdur, güclə əlimə düşmü­sünüz, heç yerə getməyəcəksiniz. Çox­dandır ki, Sizi görmürəm, mənim qona­ğımsınız. Qələbə gününü – 9 Mayı Sizin iştirakınızla, Muxtar Respublikanın vete­ranları ilə birgə bayram edəcəyik.

Heydər Əliyevlə birlikdə qeyd olunan həmin 9 May günü, həqiqətən də, həm Ziya Bünyadov üçün, həm də xalqımızın bu igid oğlu, yeganə cəbhəçi–akademik, Sovet İttifaqı Qəhrəmanı, Əməkdar elm xadimi, Azərbaycan və Özbəkistanın bir neçə şəhərlərinin, hətta Almaniya­nın Berlin şəhərinin Pankov rayonunun fəxri vətəndaşı olan canlı əfsanə ilə bir cərgədə dayanmağın sevincini yaşayan naxçıvanlı veteranlar üçün əsl və böyük bir bayrama çevrilmişdi. Həmin gün Nax­çıvanın müharibə veteranları Heydər Əli­yevlə və Ziya Bünyadovla birlikdə olmaq­dan xüsusi sevinc duyur, fəxr edirdilər. Çox da geniş olmayan axşam ziyafətində isə ulu öndərin Ziya Bünyadov haqqında, qəhrəman akademikin isə Heydər Əliev barədə söylədikləri xoş fikirlər bayram gecəsinin ən yaddaqalan, unudulmayan epizodları olaraq hər bir veteranın qəlbin­də silinməz izlər buraxdı… 

Rəhman ORXAN,
Əməkdar jurnalist

Sosial həyat