XİN: Fransa tərəfinin bəyanatı qərəzlidir

post-img

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi tərəfindən Azərbaycan-Ermənistan sərhəd bölgəsində baş vermiş təxribatlarla əlaqədar bəyanat bölgədəki mövcud vəziyyəti təhrif edir və qərəzlidir. 

Bu fikir Azərbaycan Xarici İşlər Nazir­liyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirli­yinin mətbuat katibi Ann-Kler Lejandrın 16 iyun tarixli bəyanatına dair şərhində yer alıb.

Şərhdə Fransa tərəfinə xatırladılıb ki, Azərbaycan beynəlxalq norma və qayda­lara uyğun olaraq təsis etdiyi Laçın dövlət sərhəd-buraxılış məntəqəsindən hər iki istiqamətə yüzlərlə erməni sakininin tən­zimlənən şəkildə, sərbəst və təhlükəsiz hərəkətini təmin edib. Bu səylərə baxma­yaraq, iyunun 15-də məhz Ermənistan tərəfindən sərhəd-keçid məntəqəsinin atəşə tutulması nəticəsində sərhədçimiz yaralanıb. Hazırda sərhəddən keçid üzrə təhlükəsizlik və istintaq tədbirləri həyata keçirilir.

“Ermənistan tərəfindən Laçında qeyd edilən təxribata və digər istiqamətlərdə ərazilərimizin atəşə tutulmasına bax­mayaraq, Fransa tərəfinin məsələyə birtərəfli yanaşması təəssüf doğurur.

Bununla yanaşı, Ermənistanın 2021-ci ildə istehsal etdiyi minaları Azərbaycan ərazisində basdırması da daxil olmaqla mülki əhalini mina təhdidinə məruz qoy­masına, 30 ilə yaxın işğal dövründə mülki əhalini daim hədəfə almasına, eləcə də güc yolu ilə qovduğu azərbaycanlıların öz yurd-yuvalarına ləyaqətli və təhlükə­siz şəkildə geri dönməsinə bir sıra təxri­batları ilə maneçilik törətməsinə Fransa tərəfinin indiyə qədər heç bir reaksiya verməməsi də sual doğuran məqamlar­dandır. 

Ermənistan tərəfi sülh prosesinə mane olan təhrikçi hərəkətlərə son qoy­malı, erməni silahlı qüvvələrini tam ola­raq Azərbaycan ərazilərindən çıxarmalı, bölgədə maneəsiz kommunikasiyaların bərpa olunması üzrə öhdəliklərini yerinə yetirməlidir.

Azərbaycan bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prin­siplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq əzmində­dir.

“Xalq qəzeti”

Siyasət