Elə günlər, aylar var ki, zaman keçdikcə əlçatmaz, sanki nağıllarda olduğu kimi acılı-şirinli, xatirələrin ən kövrək, ən duyğulu, heç vaxt unudulmayan bir küncündə özünə əbədi yer eləyir. Sanki nəyisə olduğu kimi yada salmasan, nədəsə səhv etsən, hadisələrə bayağı don geyindirsən, böyük günah işlətmiş olarsan və tarix, xalq səni heç vaxt bağışlamaz.
1993-cü ilin iyun hadisələri bu baxımdan Gəncənin və gəncəlilərin yaddaşında xilaskarlıq ayı kimi qalıb. Təkcə ona görə yox ki, Ulu öndər Gəncəni və bütöv Azərbaycanı gəlişi ilə xilas etdi, o, həm də bütün çətinliklərə, sui-qəsd cəhdlərinə, təzyiqlərə baxmayaraq, canından artıq sevdiyi ölkəsinin çiçəklənməsinə nail oldu...
“İyunun 13-də mən Gəncəyə gəldim. Biz birbaşa qonaq evinə gəldik. Qonaq evini dörd tərəfdən mühasirəyə almış Surət Hüseynovun ordu hissələri bizi içəri buraxdılar, amma eşiyə buraxmırdılar. Biz ora da gecə səhərə qədər danışıqlar apardıq. İndi olan-olub, keçən-keçib, danışmalıyam. Arxamda Surətin avtomatı kürəyimə tutmuş iki banditi dayanmışdı. Yəni mən danışıq aparırdım, onlar da mənim arxamda dayanmışdılar, avtomatı da mənim kürəyimə dirəmişdilər. İndi görün, mən hansı bir şəraitdə danışıq aparmışam. Onlar avtomatı hər dəqiqə hərəkətə gətirə bilərdilər və mən həmin gecə məhv ola bilərdim.”
Ulu öndərin aradan bir neçə il keçdikdən sonra Gəncədə sakinlərlə görüşdə ilk dəfə dediyi sözlərdir bunlar və onun arxasında dahi bir şəxsiyyətin həyatının dayanmasını yada salanda, adamı dəhşət bürüyür.
Gəncədə iyunun 4-dən başlanan təlatüm, daha dəqiq və baş verən hadisələri düzgün təhlil etsək və obyektiv qiymət versək, vətəndaş müharibəsi, iyunun 15-dək davam edirdi.
Bəli, vətəndaş müharibəsi artıq başlanmışdı və yaranmış real vəziyyət onu başqa cür adlandırmağa, “vətəndaş müharibəsi ərəfəsində” cümləsi işlətməyə heç bir əsas vermirdi.
Bir haşiyə. Surət Hüseynovun adamları cılız, lakin iddialı hökumətin güc strukturlarının rəhbərlərini həbs edib zirzəmiyə salmışdılar. Yeri gəlmişkən, qeyd edim ki, bu sətirlərin müəllifi də digər jurnalistlərlə birlikdə iyunun 6-da hərbi hissədə İmam Mustafayevin rəhbərlik etdiyi komissiyanın yolunu gözləyirdi. Qonaqların bir qədər ləngiməsini görüb xahiş etdik ki, bizi aşağıda zirzəmidə saxlananların yanına buraxsınlar, beş-on dəqiqə söhbət edək, şəraitləri ilə tanış olaq. Eldar Əliyev adlı bir polkovnik vardı. Nə fikirləşdisə, “gəlin, amma heç birinə yaxınlaşmayacaqsınız və heç nə soruşmayacaqsınız” deyib qabağa düşdü və biz də onun arxasınca.
Gördüyümüz mənzərə bizi dəhşətə gətirdi. Yarıqaranlıq zirzəmidə üz-gözlərini tük basmış, vahimə içərisində olan bu güc strukturlarının nümayəndələri bizə elə yazıq-yazıq baxırdılar ki, sanki xilaskarları biz idik. Qırıq-sökük stolların üstündəki çay stəkanları saralmışdı, dəmir çaynikin rəngi nə rəngə çalırdı, bilmək olmurdu. Ölkənin Baş prokuroru İxtiyar Şirinov, Milli Təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbərov və bir çox başqaları qorxu-ürkü içində idilər. Eldar Əliyevin bir anlıq bayıra çıxması jurnalistlərin dərhal hərəkətə keçməsinə şərait yaratdı, diktafonlar işə salındı, sual-cavab başlandı. İxtiyar Şirinov deyirdi ki, buradan çıxan kimi Əbülfəz Elçibəyə cinayət işi açacağam.(o, doğrudan, ertəsi gün belə bir məktub yazmışdı-H.Q.) Sülhəddin Əkbərov izah edirdi ki, “böyük səhv etmişik, qardaş qırğınına rəvac vermişik”. Bir başqası başqa bir söz deyirdi. Birdən polkovnik içəri daxil oldu. Onların danışdıqlarını və diktafonları gördü. Dedi ki, təcili kasetləri çıxarın və verin mənə. Kimsə etiraz edəndə yanındakı əli avtomatlı əsgərlərə işarə etdi. Ər-arvad iki türk jurnalisti var idi. Qadının əlindən güclə diktafonu almaq istədikdə o, qışqıraraq onların gözü qarşısında kaseti ayaqlarının altına salıb qırıq-qırıq elədi. Yalnız ondan sonra bizi zirzəmidən buraxdılar. Bayıra çıxanda qadın gülərək əlindəki kaseti göstərib “qırdığım boş kaset idi, yazdıqlarım bax burdadır” deyib sanki öz peşəkarlığını bizə nümayiş etdirdi.
...İyunun 13-ü, 14-ü və 15-i Gəncənin həyatında Böyük qayıdışın silinməz izlər buraxdığı günlərdir. Gəncə sakinlərinin sevinc göz yaşları içərisində öz xilaskarını necə qarşılamasını ötən yazılarımızda qeyd etmişdik. İyunun 15-də gəncəlilər bir qədər də sakitləşdilər, xilaskarlıq missiyasını sonadək, şərəflə, inamla apara biləcək o böyük şəxsiyyətin yalnız Heydər Əliyev olacağına inandılar.
...Heydər Əliyevi Gəncəsiz, Gəncəni Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyil. “Gəncə sizin üçün sevimli bir şəhər olduğu kimi, mənim üçün də sevimli bir şəhərdir. Çünki Gəncə böyük mədəniyyət mərkəzidir və Azərbaycan mədəniyyətinin qədim tarixini dünyaya nümayiş etdirən bir şəhərdir.” Ulu öndərin dediyi sözlərdir. Heydər Əliyev bu qədim şəhərin mədəniyyəti, təhsili, incəsənəti, iqtisadiyyatı və digər sahələri üçün o qədər işlər görüb ki, təkcə adlarını sadalamaqla böyük bir qəzet yazısı çıxar.
Nüsrət Hüseynov, ADAU-nun dosenti, qabaqcıl təhsil işçisi: – Heydər Əliyev qədim təhsil və elm ocağı olan indiki ADAU-ya daim böyük diqqət göstərirdi. Təsadüfi deyil ki, bizim ali məktəbə “Şərəf nişanı” ordenini də şəxsən özü təqdim etməyə gəlmişdi. Bir qrup əməkdaşımız fəxri adlara və dövlət mükafatlarına layiq görülmüşdü.
Yadımdadır, yubiley şənliklərinə ciddi hazırlıq işləri aparırdıq. 1980-ci il dekabrın 16-da Gəncədəki keçmiş “Bakı” kinoteatrının böyük salonunda Moskvadan, Gürcüstandan, Dağıstandan və digər yerlərdən gələn yüksək səviyyəli qonaqların iştirakı ilə yubileyə həsr olunmuş təntənəli yığıncaq keçirildi. Burada Ulu Öndər ali təhsil ocağımızın yarıməsrlik fəaliyyəti barədə geniş nitq söylədi. Xüsusi olaraq vurğuladı ki, “Azərbaycan Kənd Təsərrüfatı İnstitutu nəinki yüksəkixtisaslı kadrlar hazırlamalı, həm də respublikada kənd təsərrüfatını daha da inkişaf etdirmək sahəsində elmi tədqiqatların mühüm mərkəzi olmalıdır!”. Sonra isə “Şərəf nişanı” ordenini təntənəli şəkildə institutun bayrağına sancdı.
İndi bu tarixi hadisəni həmin yubileydə iştirak etmiş əməkdaşlarımız məmnunluqla xatırlayırlar. Heydər Əliyevin tövsiyəsi və tapşırığı ilə hələ 1979-cu ilin mart ayında Gəncədə yaradılmış “Xatirə parkı”nın AKTİ-yə (ADAU) ayrılmış sahəsində yubiley günü ona əkmək üçün şam ağacı gətirdilər. Ulu öndər ağacı kənara qoyaraq “Mənə çinar verin, mən Gəncədə çinar əkəcəyəm” dedi. Bu gün Ulu öndərin əkdiyi həmin çinarın “Heydər Əliyev park kompleksi”ndə xüsusi yeri var. Dünən yenidən gedib həmin çinara baxdım, o günləri xatırladım. Qollu-budaqlı nəhəng bir bir ağacdır, kölgəsində ən azı 100 nəfər eyni vaxtda dincələ bilər.
…Ulu öndər Gəncədə 14 dəfə olub. İstər Azərbaycan Kommunust Partiyası Mərkəzi Komitəsinin birinci katibi, istərsə də Azərbaycan Prezidenti kimi dəfələrlə müxtəlif xarakterli obyektlərin açılışlarında iştirak edib, özünün təşəbbüsü ilə təməlini qoyduğu sənayə, mədəniyyət, elm, təhsil, idman və digər qurğuların gəncəlilərin istifadəsinə verilməsinə nail olub, Gəncənin tarixinin yaşadılmasında, Nizami irsinin qorunub saxlanmasında və digər mühüm işlərin həyata keçirilməsində misilsiz xidmətləri olub.
Gəncədə uşaqdan böyüyə, kimi dindirsən, ulu öndərin adını şəkəcək, onun qurub yaratdığı obyektlərin adlarını da sadalalayacaq.
Həmid Nəsirov, Gəncə Şəhər Gənclər və idman İdarəsinin rəisi: – İndicə Gəncədə ilk dəfə təşkil olunan basketbol idman növü üzrə region liqasına yekun vurduq. Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Texnologiya Universtetinin və Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində regionda ilk dəfə olaraq Gəncə basketbol liqası keçirilirdi.
Biz hər dəfə bu idman qurğusunda tədbir, hansısa bir yarış keçirəndə mütləq Ulu öndəri xatırlayır, onu yad edirik. Olimpiya idman kompleksi ümummilli liderin adı ilə bağlıdır. Onun açılışında da milli liderimiz özü şəxsən iştirak edib. Biz gənclər fəxr edirik ki, 30 il qabaq özünün həyatını təhlükə altına atıb Azərbaycana qayıdan və xalqı bəlalardan xilas edən dahi şəxsiyyətin qurub yaratdığı obyektlərdən istifadə edirik, onu fəxrlə qonaqlarımıza göstəririk. Bir də ona görə fərəh hissi keçiririk ki, Ulu öndərin layiqli davamçısı İlham Əliyev kimi prezidentimiz var. Hazırda Gəncədə 20-25 il qabaq olduğu kimi, yenə də müxtəlif təyinatlı binalar ucaldılır, parklar salınır, yollar çəkilir. Tezliklə Gəncədə nəhəng İdman sarayı da istifadəyə veriləcək.
…15 iyun günündə hamının üzü gülür. Bu gülüş hisslərini 30 il qabaq bizə bəxş etmiş dahi şəxsiyyət Heydər Əliyev olub. Onu unutmaq sadəcə mümkün deyil. İllər, aylar keçəcək, nəsilləri nəsillər əvəzləyəcək, amma Heydər Əliyevin xalqı xilas etmək üçün gördüyü işlər dönə-dönə xatırlanacaq.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Gəncə