Dünən Milli Məclisdə Azərbaycan xalqının Milli Qurtuluşunun 30 illiyi münasibətilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kitabın və sənədli filmin təqdimatı keçirilib.
“Heydər Əliyev və Azərbaycan parlamenti” adlı 3 cilddən ibarət kitabın məsul redaktoru Milli Məclisin Sədri Sahibə Qafarova, tərtibçi redaktoru parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibovdur.
Yubiley nəşrində ulu öndər Heydər Əliyevin Azərbaycan parlamentinə rəhbərlik etdiyi 4 ay ərzində keçirilmiş parlament iclaslarının stenoqramları toplanıb. Bu materiallar 30 ildə ilk dəfə geniş ictimaiyyətə təqdim olunur. Bununla yanaşı, kitabda Ulu öndərin müstəqilliyimiz, demokratiya, parlament mədəniyyəti və diplomatiyası, ordu quruculuğu, neft strategiyası ilə bağlı tarixi fikirləri və separatizmə qarşı mübarizəsi öz əksini tapıb. Stenoqramlarda ümummilli liderin Azərbaycanın gələcəyi ilə bağlı parlament tribunasından səsləndirdiyi konseptual müddəalar da yer alıb.
Həmin gün parlamentdə görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən “Heydər Əliyev – zamanın fövqündə” filminin də təqdimatı olub.
Ekran əsərinin ideya müəllifi Milli Məclisin Sədri Sahibə Qafarova, ssenari müəllifi Mehman Qaibovdur. Film Milli Məclisin arxiv materialları əsasında parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində hazırlanıb.
Yeni xronikanın mövzusu Heydər Əliyev və Azərbaycan parlamentidir. Filmdə ulu öndərin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə Ali Sovetin deputatı və SSRİ Ali Sovetinin deputatı kimi fəaliyyəti, o dövrdə onun təşəbbüsü ilə Azərbaycanın gələcəyi ilə bağlı parlamentdə görülmüş işlərdən, o cümlədən, yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 3 ay 18 gün ərzində Azərbaycan parlamentinə rəhbərlik etdiyi dövrdən bəhs edilir. Sənədli filmdə Ulu öndərin Ali Sovetin tribunasından səsləndirdiyi bir sıra fikirlər ilk dəfə səsləndirilir. Onun parlamentə sədrlik etdiyi dövrdə müstəqilliyimizin gücləndirilməsi, demokratiyanın inkişafı, ordu quruculuğu, neft strategiyası sahələrində atılan addımlar geniş əks olunub. Bunlarla yanaşı, ekran əsərində yüksək səviyyəli Prezident-Parlament münasibətlərindən, Heydər Əliyev siyasətinin təntənəsindən, bugünkü Azərbaycanın uğurlarından bəhs olunur.
Ə.BƏDƏLOV, “Xalq qəzeti”