1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıdışı milli dövlətçiliyimizin taleyində xüsusi yeri olan böyük tarixi hadisədir. O dövrdə baş verən gərgin hadisələr xalqımızın yaşlı və orta nəslinin yaddaşına əbədi həkk olunub.
Qeyd etmək lazımdır ki, o, ağır, çətin günlərdə respublikanın aparıcı mətbu nəşrlərindən biri olan “Xalq qəzeti” ölkənin ictimai-siyasi həyatında baş verən taleyüklü prosesləri xalqın əhval-ruhiyyəsini olduğu kimi əks etdirərək, obyektiv və ədalətli işıqlandırmağa çalışıb və buna nail olubdur. Redaksiyamızın əməkdaşları bundan haqlı olaraq qürur duyurlar!
Bizi o dövrdən, düz, 30 illik bir zaman məsafəsi ayırır. Bu gün qəzetin saralmış səhifələrində yaxın tariximizin narahatlıq, həyəcan və ümidlə dolu dönəmini əks etdirən yazıları oxuyanda yaradıcı kollektivin nümayiş etdirdiyi peşəkarlıq və fədakarlığın bir daha şahidi oluruq. Bəli, “Xalq qəzeti” haqqı nahaqqa verməyib.
Redaksiyamız bu gün də öz ənənələrinə sadiqdir. Qəzetin sözügedən dövrdə və indi də baş redaktorunun müavini vəzifəsində çalışan, Əməkdar jurnalist Tahir Rüstəmov bildirdi ki, “Xalq qəzeti” o illərdə müstəqil mətbu nəşr kimi fəaliyyət göstərsə də, vaxtaşırı hakimiyyətdə olan siyasi qüvvələrin açıq və gizli təhdidlərinə məruz qalırdı. Lakin həqiqəti olduğu kimi əks etdirmək prinsipindən geri çəkilmirdi.
Hörmətli oxucular, icazənizlə xalqımızın haqlı olaraq sonsuz fəxarətlə “Qurtuluş Günü” adlandırdığı 1993-cü il iyunun 15-də bu əlamətdar tarixi gündən əvvəlki və sonrakı günlərdə baş vermiş taleyüklü hadisələrə qəzetimizin otuz il əvvəlki fəaliyyətinə istinadən retro baxış edək.
İlk növbədə qeyd etmək lazımdır ki, 1993-cü il iyun ayının 4-də Gəncə şəhərində baş vermiş silahlı qiyam ağır faciə ilə nəticələnmiş, respublikadakı mövcud siyasi və hərbi vəziyyəti daha da gərginləşdirmiş, ölkə vətəndaş müharibəsi həddinə çatmışdı.
Gəncə hadisələri nəticəsində Azərbaycanda hakimiyyət böhranı baş vermiş, hərbi hissələrdə nizam-intizam xeyli zəifləmişdi. Bu şəraitdə Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam, Füzuli, Cəbrayıl istiqamətlərində hücumlar şiddətlənmiş, torpaqlarımızın müdafiəçiləri arasında böyük itkilər olmuşdu.
Qeyd etmək lazımdır ki, Gəncədə baş vermiş hadisələr və onların mahiyyəti 1993-cü il iyunun əvvəllərində çoxları üçün qaranlıq olaraq qalırdı. Qəzet bu hadisələrə aydınlıq gətirmək məqsədilə özünün 9 iyun tarixli nömrəsində o zaman qəzetin gənc müxbiri olmuş, hazırda məsul katib vəzifəsində çalışan İlqar Rüstəmovun imzası ilə “Gəncədə nə baş vermişdir?” adlı geniş araşdırma yazısı dərc etmişdir.
Müəllif baş verənləri xronoloji ardıcılıqla təsvir edərək yazıb ki, acı təəssüf ki, həmin hadisələr haqqında xalqa vaxtında səhih informasiya çatdırılmamışdır. Gəncədə qanlı olaylar zamanı onlarla vətəndaşımız həlak olmuşdur. Bu cinayət əməlini törədənlər mütləq cəzalarını alacaqlar.
Qəzetin 10 iyun tarixli nömrəsində isə jurnalist Qüdrət Piriyevin “Qardaş qırğını: kimdir müqəssir!” sərlövhəli məqaləsi dərc olunub. Müxbir yazır ki, xalqımızın tarixində silinməz ləkə kimi qalacaq bu qardaş qırğını Ali Sovetdə müzakirələr zamanı millət vəkillərinin hədsiz qəzəbinə səbəb olubdur.
“Xalq qəzeti”nin elə həmin nömrəsində qəzetin Gəncəbasar zonası üzrə müxbiri Hamlet Zeynallının “Gəncədə “tufan” adlı məqalə işıq üzü görüb. Qeyd etmək lazımdır ki, müəllif bu yazını operativ qaydada telefonla ötürüb. H.Zeynallı əhalinin dediklərini qələmə alıb: “Respublika televiziyasının verilişləri yerli sakinləri hiddətləndirmişdir. Gəncə faciəsi on minlərlə vətəndaşın gözü qabağında baş verdiyi halda, televiziyada süni çıxışlar təşkil olunur, bəlkə də ömründə Gəncəni görməyən adamlar qardaş qırğınından danışırlar”.
H.Zeynallı Gəncədən göndərdiyi digər məqalədə isə həmin ərəfədə bir qrup ziyalı və jurnalist ilə Gəncəyə səfər edən dahi siyasətçi Heydər Əliyevin burada keçirdiyi görüşlər barədə belə yazır: “Bütün gecə Heydər Əliyevlə Surət Hüseynov arasında danışıqlar olmuşdur. Heydər Əliyev jurnalistlərin suallarına ayaqüstü cavab verərək demişdir ki, söhbətlərin yekunundan razıdır. O, bildirmişdir ki, Gəncədə baş vermiş hadisələr onu hədsiz kədərləndirmişdir”.
Məqalədə sonra vurğulanır ki, Heydər Əliyev baş vermiş faciə ilə əlaqədar şəhər sakinlərinə başsağlığı vermiş və demişdir ki, qoy bu qan torpağımızda tökülən sonuncu qan olsun, qardaş-qardaşa bir daha güllə atmasın. Bu, əlbəttə, millətini və xalqını sonsuz bir məhəbbətlə sevən görkəmli dövlət xadiminin ürək sözləri idi.
Təqdirəlayiq haldır ki, “Xalq qəzeti”o dövrün ictimai-siyasi hadisələrini diqqətlə izləyir, hər bir əhəmiyyətli fakt və informasiya barədə oxucularına müfəssəl məlumat verməyə çalışırdı. Qəzetin iyunun 16-da işıq üzü görən xüsusi nömrəsində “Parlamentin spikeri dəyişdi” yazısı dərc olunub. Yazıda qeyd edilir ki, gizli səsvermə yolu ilə (lehinə 34 nəfər, əleyhinə 3 nəfər) Heydər Əliyev Ali Sovetin Sədri seçildi.
Qəzet növbəti nömrəsində Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 15 iyun tarixdəki iclasından çıxışını dərc etmişdir. Heydər Əliyev bu tarixi çıxışında demişdir:
“Ali Sovetin Sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərə, dünyada gedən proselərlə bağlı olaraq təmin olunmasıdır”.
Heydər Əliyev dərhal fəal siyasi fəaliyyətə başlamışdır. Dahi siyasətçinin xilaskarlıq missiyası qəzetin səhifələrində dərc olunmuş yazılardan da hiss olunur. Belə ki, iyunun 23-də İ.Rüstəmovun “Ali Sovetdə brifinq” rubrikası altında “Xalqı parçalamaq olmaz” adlı yazısı dərc olunub.
Müəllif yazır: “Dünən Respublika Ali Sovetinin Sədri Heydər Əliyevin Azərbaycanın və xarici ölkələrin KİV nümayəndələri üçün birifinqi olmuşdur. Heydər Əliyev bildirdi ki, son dövr-də Azərbaycanda yaranmış vəziyyətlə əlaqədar çalışırıq informasiya orqanların dəqiq və obyektiv məlumat verək. İnformasiya orqanları da prosesləri xalqa aydın çatdırmaq üçün sərbəst və azad fəaliyyət göstərməlidir. Vəziyyətimiz müəyyən çərçivəyə düşənə qədər belə görüşlərin keçirilməsinə ehtiyac olacaq”.
Heydər Əliyev daha sonra qeyd edib ki, respublika prezidenti Əbülfəz Elçibəylə dünən günün ikinci yarısında iki dəfə telefonla danışıb. Burada olan vəziyyəti ona bildirib, Milli Məclisin qərarını ona çatdırıb və xahiş edib ki, dərhal Bakıya qayıdıb öz vəzifəsinin icrası ilə məşğul olsun. Ancaq Elçibəy Bakıya qayıtmaqdan imtina edib. HeydərƏliyev ölkə vətəndaşlarına, xalqa dönə-dönə müraciət edib ki, indi Azərbaycanda sabitliyin qorunması hamının vətəndaşlıq borcudur. Hər kəs öz borcunu yerinə yetirməlidir,
Həmin günlərdə qəzetin səhifələrində dərc olunmuş ən maraqlı məqalələrdən biri də Tahir Rüstəmovun “24 iyun: Kələkidə iki saat” yazısıdır. Naxçıvana 15-20 nəfərlik jurnalist qrupunun tərkibində səfər edən müəlifin təəssüratları o günlərdə oxucular tərəfindən böyük maraqla qarşılanıb. Qəzetin həmin nömrəsi əl-əl gəzib.
Sonda bir daha fəxrlə qeyd edək ki, “Xalq qəzeti”nin yaradıcı kollektivi, həqiqətən, o dövrün canlı salnaməsini yarada bilib. Yaradıcı kollektivimizin bu böyük uğuru ilə hər zaman fəxr etməyə dəyər.
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”