Türkiyə–Azərbaycan dostluq və qardaşlığı sərhəd tanımaz

post-img

• İki qardaş xalqın dostluğu tarixin ağır sınaqlarından keçərək indiki ən yüksək səviyyəsinə çatıb. Türk zabit və əsgərləri 1918-ci ilin martında daş­nak-bolşevik qırğınlarında Bakı şəhəri­nin, digər bölgələrin erməni vandalla­rından azad edilməsində qəhrəmanlıq göstərib şəhid oldular. Çanaqqala sa­vaşında yüzlərlə azərbaycanlı döyüş meydanında doğma sandığı torpaq uğ­runda canını fəda etdi. Bu silinməz sə­hifələr Azərbaycan və Türkiyə arasında tarixi qardaşlıq əlaqələrinin təməlində durur. 

Bəşər övladının iştirakçısı və şahidi olduğu tarixi hadisələrin əhəmiyyətini və miqyasını dəyərləndirməkdə, onun əsl qiymətini verməkdə çətinlik çək­məsi təbiidir. Çünki yaxınlığında cərə­yan edən hadisələrin canlı şahidi üçün baş verənlərin böyüklüyünü həmin an görmək və qiymətləndirmək mümkün deyil. Bu gün iki qardaş dövlətin və bir millətin nümayəndələri kimi bizlər də eyni hissləri yaşayırıq. Həqiqətən də Azərbaycanla Türkiyə tarixləri ərzində indiki qədər bir-birinə yaxın olmayıb. Tarixin öz dialektikası var və bu gün iki doğma xalqın bütün müstəvilərdə yanaşı addımlaması qanunauyğunlu­ğun nəticəsidir. Şəxsiyyətin tarixdəki rolunu inkar edən sovet ideologiyası dediyimiz dialektikanın əksinə gedirdi. Dövlətlərarası münasibətlərdə lider­lərin şəxsi münasibətlərinin oynadığı əhəmiyyətli rolu isə danmaq mümkün deyil. Əslində, iki qardaş ölkə arasında strateji müttəfiqliyin əsas atributların­dan biri məhz rəhbərlər arasında inam və etibara söykənən səmimi dostluq münasibətidir. 

Sözdə, fikirdə, əməldə birik

Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərində dünya bir daha Türkiyənin və onun liderinin Azərbaycana, Prezident İlham Əliyevə xüsusi önəm verdiyinin şahidi oldu. Əldə edilmiş bütün ortaq uğurların təməlində iki qardaş millətin tarixin sınağından çıxmış sarsılmaz vəhdəti dayanır. Bütün dünya bu qar­daşlıq və dostluğun növbəti nümunəsi­ni Türkiyədə baş vermiş “əsrin fəlakəti” sayılan dəhşətli zəlzələ zamanı sözdə deyil, əməldə gördü. Azərbaycan döv­ləti və xalqı qardaş xalqın dərdini öz dərdi bildi, hadisə bölgəsinə dərhal xi­lasedicilər göndərdi. Dara düşən qarda­şa dəstək maddi, humanitar sahələrlə məhdudlaşmadı, siyasi müstəvidə də özünü göstərdi. Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə An­karada Türk Dövlətləri Təşkilatının döv­lət başçılarının fövqəladə Zirvə görüşü keçirildi. Əslində həmin tədbirin Şuşada keçirilməsi planlaşdırılmışdı. İntəhası, dövlətimizin başçısı dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsə­dilə Zirvə görüşünün Ankarada keçiril­məsi təklifi ilə çıxış etdi. Zirvə görüşün­dən az sonra İstanbulda “TEXNOFEST” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində təbii fəlakətin episentri sa­yılan Kahramanmaraş vilayətində Azər­baycanın inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlə­rindən ibarət yaşayış kompleksinin on­layn rejimdə təməli qoyuldu. Bunlar bü­tövlükdə Türk dünyasının birliyinə töhfə verən real addımlar idi. 

Ulu yolun davamçıları 

Bəli, tarixi ona adlarını yazdırmış şəxsiyyətlər yaradır. Xalqlarımızın qardaş və dost kimi bir-birinə möh­kəm tellərlə bağlanmasında danılmaz xidmətləri olan böyük liderlər – Mus­tafa Kamal Atatürk və Heydər Əliyevin adlarını daim ehtiramla anmağımızın əsas səbəbi budur. İyirminci əsrin əv­vəllərində Atatürkün “Azərbaycanın se­vinci sevincimiz, kədəri kədərimizdir”, yüzilliyin sonlarında Heydər Əliyevin “Azərbaycan və Türkiyə – bir millət iki dövlətdir” kəlamları xalqlarımızın bir-birinə hansı tellərlə bağlı olduğu­nun göstəricisi və sübutudur. Dost və qardaş münasibətlərinə malik Türkiyə və Azərbaycan Prezidentləri xalqları­mızın qürur mənbəyinə çevrildiyi bu iki böyük şəxsiyyətin saldığı vəhdət yolunun davamçılarıdır. Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindən sonra Şimali Kipr Türk Respublikası­nın ardınca Azərbaycana dövlət səfəri bu qardaşlığın ən parlaq nümunəsidir. Bu, əsl qardaşlıq münasibətlərinin dün­yaya nümayişi idi. Azərbaycan və Tür­kiyə prezidentləri həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə çağdaş dövrün əsas çağırışları ətrafında ge­niş fikir mübadiləsi apardılar, qarşıdakı hədəfləri göstərdilər. “Türkiyə–Azər­baycan birliyi, qardaşlığı beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsiz­lik amilidir. Prezident seçkilərində türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir”, – söyləyən Prezident İlham Əliyev sözlərinə onu da əlavə etdi ki, Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcəklər. Görüşlərdə dünyanın yeni düzəninə uyğun aparı­lan xarici siyasətdə birgə fəaliyyətin bölgə üçün böyük önəm daşıdığı vur­ğulandı. Həqiqətən də Cənubi Qafqaz­da tərəqqi, sabitlik və təhlükəsizlik baxımından Türkiyə–Azərbaycan birliyi amili bu gün əlahiddə əhəmiyyət kəsb edir.

Şuşada Türkiyə konsulluğu

44 günlük Qarabağ müharibəsin­də qazandığımız Zəfərdə Türkiyənin Azərbaycana göstərdiyi siyasi dəstə­yin rolu ölçüyəgəlməzdir. Prezident Rəcəb Tayyib Ərdoğanın bu mühari­bədə Azərbaycana misilsiz şəxsi siyasi dəstəyi ölkəmizə dost olmayan kənar güclərin müdaxiləsini neytrallaşdırdı, haqqın-ədalətin öz yerini almasını tə­min etdi. Müharibədən sonra imzala­nan Şuşa Bəyannaməsi isə iki qardaş ölkə arasında hərbi-strateji müttəfiq­liyi rəsmiləşdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilmiş geniş tərkibdə görüşdə deyib: “Şuşada Baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. İn­şallah, Şuşadakı Baş konsulluğumuz açılsa, bu, təbii ki, başda Ermənis­tan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaq”. Türkiyə liderinin Bakı səfərində verdiyi ən önəmli mesajlar­dan biri kimi Şuşada Baş konsulluğun açılacağı ilə bağlı dediklərini qeyd et­mək doğru olar. Türkiyə Prezidentinin “Türkiyə–Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Şuşa Bəyan­naməsi ilə müttəfiqlik səviyyəsinə yük­səldilən əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq”,– sözləri isə beynəlxalq səhnədə vahid mövqe­yi daha da möhkəmləndirməyə yönə­lik çağırış idi. Yeri gəlmişkən, bu gün Şuşa Bəyannaməsinin imzalanması­nın ikinci ildönümüdür. Bakı və Ankara iki il əvvəl olduğu kimi, bu gün də at­dıqları, eləcə də gələcəkdə atacaqları addımlardan məmnundurlar. İndi Şuşa şəhərində iki qardaş dövlətin ay-ulduz­lu bayraqlarının yanaşı dalğalanması birliyimizin nümayişidir. 

Sərhəd tanımayan dostluq

Artıq heç kəsə sirr deyil ki, Azərbay­can və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri kontekstində iki ölkə arasında əlaqələr hər sahədə daha da güclənib. Bu amil dövlətləra­rası münasibətlərin dərinləşməsinə, özünün pik səviyyəsinə çatmasına və yeni mərhələyə qadım qoymasına im­kan verib.

Bir millətin iki dövlətinin qarşılıqlı əlaqələrinin spektri, münasibətlərinin özəlliyi və möhkəmliyi artıq sərhədləri aşıb. Bu birliyin yaratdığı qüdrət bütün maneələri aradan qaldırmağa qadirdir. Dünya durduqca ayağımızı basdığımız torpaq, başımızın üzərindəki səma bu birliyə şahidlik edəcək. 

 

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq:

– Bu sözü vaxtilə Heydər Əli­yev demişdi, Bakıya səfərində Rəcəb Tayyib Ərdoğan da təkrar­ladı: biz bir millət – iki dövlətik. Bu yanaşma ilə artıq xeyli irəli get­mişik. Həmin Şuşa Bəyannaməsi çərçivəsində biz həm siyasi, həm iqtisadi sahələrdə, eləcə də bey­nəlxaslq müstəvidə əməkdaşlı­ğımızı, xüsusilə də, çox vacib sayılan hərbi müttəffiqlik fəaliyyə­timizi möhkəmləndiririk. Ölkələri­miz arasında ticarət dövriyyəsinin həcmi 6 milyadr dollara yaxınla­şıb. Bunu cənab Prezident İlham Əliyev söyləmişdi. Azərbaycan yaxın iki il müddətində öz ordu­sunun Türkiyə standartlarlına keçidini tam təmin edəcək. Yəni, belə deyə biləcəyik: Bir millət, va­hid ordu, əlaqələndirilmiş xarici siyasət və iki dövlət. Qardaş və müttəfiq dövlətlər. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri­ni çox uğurlu hesab edirəm. Bu səfər Türkiyə–Azərbaycan cütlü­yünün real geosiyasi amil olduğu barədə həm region ölkələrinə, həm də dünyaya ünvanlanan bir mesaj idi. Bu o deməkdir ki, bu amillə hamı hesablaşmalı olacaq. Ermənistan da, İran da, Rusiya da, ABŞ da, həmçinin Avropa İt­tifaqı da. Hesab edirəm ki, bu cür sıx müttəfiqlikdən həm Türkiyə, həm də Azərbaycan udur. Nəticə­də bizim vahid qüvvəmiz daha da artacaq. 

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət