Şəkidə daha bir turizm ünvanı – “Az Abrau Muzeyi”

post-img

Turizmin inkişafı hər yerdə prioritet istiqamət sayılır. Çünki fəsildən asılı olmayaraq, turizm ölkəyə valyuta gətirir, həm də ölkənin hərtərəfli tanınmasına şərait yaradır. Buna görə də, onun inkişafı Azərbaycanda da diqqət mərkəzində saxlanılır. Füsunkar təbiətə, zəngin mətbəxə və qonaqpərvərlik ənənələrinə malik ölkəmizin bu sahədə böyük potensialı var. Xüsusilə də son zamanlar şərabçılıq turizminin inkişaf etdirilməsinə yönəlmiş addımlar Azərbaycanı yeni yönümlü məkana çevirir.

Azərbaycan ərazisində üzüm eramızdan əvvəl III minil­liyin sonlarından becərilir. La­kin XVIII əsrin sonlarına qədər çoxsaylı müharibələr və işğallar səbəbindən üzümçülük vaxta­şırı tənəzzülə uğradı. XIX əsrin əvvəllərində Azərbaycanın çar Rusiyasına birləşdirilməsindən sonra ilk üzümçülük və şərab­çılıq zonaları formalaşdı. Sovet hakimiyyəti qurulduqdan sonra respublikada üzümçülük sürətlə inkişaf etdi. Hətta 1984-cü ildə Azərbaycanda üzümçülük ta­rixində rekord məhsul – 2 milyon 500 min ton məhsul yığılmışdı. Ancaq 1985-ci ildə Mixail Qor­baçovun alkoqol əleyhinə baş­latdığı kampaniya üzündən şə­rabçılıq sənayesi iflasa uğradı. Demək olar ki, Azərbaycanda bütün şərab növlü üzüm tənək­ləri kökündən çıxarıldı. 

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra şərabçılıq səna­yesi yeni inkişaf mərhələsinə qə­dəm qoyub. İndi ölkədə bir çox yerli və xarici sahibkarlar şərabçılığın inkişafına öz töhfələrini verirlər. Belə şirkətlərdən biri də “Abrau-Durso” Şirkətlər Qrupu­dur. 

“Abrau-Durso” üzüm bağları­nın salınması üçün, ümumilikdə, 430 hektar torpaq sahəsi alıb, meynələrin əkilməsi ilə bağlı ha­zırlıq işləri görüb. İyunun 9-da “Şəki Şərab” zavodunda köpük­lənən şərab istehsalının saatda 4000 butulka istehsal gücü ilə ən yeni xətti işə salınıb. Süzülən ilk şərab “Abrau International” Azərbaycan ərazisində yetişdi­rilən yerli və beynəlxalq üzüm sortlarından hazırlanmış köpük­lənən şərabdır. Köpüklənən şə­rab həm ölkə ərazisində satışa çıxarılacaq, həm də xaricə gön­dəriləcək. Eyni zamanda, xarici şirkətlərin regiona gəlməsi yeni iş yerlərinin yaradılması demək­dir. 

Bu, şərabçılıq turizminin in­kişafına növbəti təkandır. Axı, şərabçılıq təkcə yeni iş yerləri demək deyil, o həm də turiz­min son illər sürətlə yayılan is­tiqamətinin – şərabçılıq turizmi­nin ayrılmaz hissəsi sayılır. Bu reallığı yüksək qiymətləndirən “Abrau-Durso” şirkəti də müəs­sisənin ərazisində unikal şərab muzeyi – “Az Abrau Muzeyi” açıb. Muzeydə Azərbaycanda zəngin üzümçülük və şərabçılıq mədəniyyətinin tarixini əks et­dirən ekspozisiya təqdim olunur. Şübhəsiz ki, muzey öz qonaqları üçün fəaliyyət göstərən müəs­sisəni ziyarət etmək və şərab istehsalı prosesi ilə tanış olmaq imkanı da yaradacaq. “Az Ab­rau Muzeyi” bu regiona səfərlər üçün mühüm cəlbedici mərkəzə və öz tarixi ilə məşhur olan Şə­kidə turistlərin görməli olduğu əsas məkana çevriləcək. 

Mütəxəssislər əmindirlər ki, şərabçılıq turizmi ilə daha çox xarici ölkə vətəndaşını Azər­baycana turist kimi cəlb etmək mümkündür. Xüsusilə də zəngin Avropa ölkələrinin əksəriyyə­tində bu turizm sahəsinə böyük maraq var. Bu mənada “Az Ab­rau Muzeyi” ölkəmizin şərabçılıq turizminin böyük potensialının təbliğatı baxımından əhəmiyyət kəsb edir.

 

İlqar HƏSƏNOV,
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

Sosial həyat