Dünən ADA Universitetində “Məzun günü” keçirilib. Buraxılış mərasimində başa çatan təhsil ilinin uğurları barədə məlumat verilib.
ADA Universitetinin rektoru səfir Hafiz Paşayev məzunlara peşəkar həyatlarında uğur qazandıracaq dəyərli tövsiyələr verib. Universitetin hazırkı layihələrindən bəhs edən rektor deyib: “Universitetin missiyası yalnız təhsil vermək deyil, onun missiyası həm də sosial məsuliyyətə malik vətəndaşlar yetişdirməkdir”. O, İtaliya–Azərbaycan Universiteti çərçivəsində təqdim edilən iki yeni fakültədən, eləcə də ADA Universitetinin regionda fəaliyyət göstərənlər üçün təqdim etdiyi azərbaycandilli magistr ixtisaslarından da söhbət açıb.
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov “Məzun günü”nü yeniliklərin başlanğıcı kimi qiymətləndirib, məzunları arzularını, məqsədlərini düzgün müəyyənləşdirməyə, cəmiyyətə faydalı işlər görməyə səsləyib.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Anar Kərimov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, “Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov və digər dövlət qurumlarından səlahiyyətli şəxsləri mərasimdə iştirak ediblər.
Məzunlara təntənəli surətdə diplomlar təqdim edildikdən sonra mərasim bədii proqramla davam edib.
Xatırladaq ki, bu tədris ilində ADA Universitetində 8 bakalavr və 8 magistr ixtisası üzrə 571 tələbə məzun olub. Onların 548-i yerli, 23-ü isə 14 ölkənin gəncidir.
T.RÜSTƏMLİ, “Xalq qəzeti”


