QHT layihələri: məqsəd bəlli, vəzifə bəlli, bəs işin həlli?

post-img

Qeyri-hökumət təşkilatları (QHT) vətəndaş cəmiyyətinin önəmli qurumlarındandır. Azərbaycan dövləti ümumən üçüncü sektorun inkişafına ciddi önəm verməkdədir. Hazırda Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti götürülmüş xəttə adekvat yanaşmanın nəticəsi kimi meydandadır. Qurumun səmərəli fəaliyyətindən geniş söz açmaq niyyətində deyilik. Məlumdur ki, Agentlik QHT fəaliyyətinin institusionallıq qazanması üçün kifayət qədər işlər görür və heç şübhəsiz, qarşıda daha fundamental təşəbbüslərə də imza atacaqdır. Bu öz yerində.

Ancaq cəmiyyətdə belə bir fikir də var ki, dövlətin məqsədyönlü vəsaiti hədə­finə çatmır, ayrılan pullar daha çox şəxsi məqsədlərə xərclənir. Nəticədə QHT-lərinfəaliyyətini zəruri və faydalı sayanlarla yanaşı, mövcud istiqamətdə nöqsan və çatışmazlıqların olduğunu bildirənlərin də sırasının genişliyini görürük. Bəs reallıq nədən ibarətdir? Yazımızda bu barədə söz açacağıq. Əlbəttə, QHT müstəvisin­dəki digər məqamlara da toxunacağıq. 

Bəli, reallıq budur ki, dövlət qurumu kimi QHT Agentliyi layihələrin icrasına kifayət qədər ciddi nəzarət edir. Lakin mövcud sahədəki hazırkı durum bəzən elə təəssürat yaradır ki, dövlətin QHT sektoruna müəyyən anlayışlı yanaşma­sından sui-istifadə yolu tutanlar var. Əl­bəttə, Azərbaycan kiçik ölkədir və bu hal­lar gizli qalmır. Beləliklə, ümumən bütün dünyada QHT fəlsəfəsi üçün xarakterik olan loyal yanaşma prioriteti, Azərbaycan nümunəsinin timsalında, yumşaq desək, intizamsızlıq, laqeydlik təzahürü kimi özünü göstərir. 

Yəni, dövlət öz işini görür, vəsaitini ayırır, bacardığı qədər sərbəst mühit for­malaşdırır, nəticədə görürsən ki, kimlərsə bu mühitə, belə demək mümkünsə, zor tətbiq etməyə başlayırlar. Belələri, spe­kulyasiyalara yol verir – özlərinə yaxın şəxslər vasitəsilə QHT şəbəkəsi forma­laşdırırlar. Bəzən şəbəkəyə daxil olan qurumlar mahiyyətcə bir adama məxsus olur. Bu yolu tutanlar nəzərə almırlar ki, bunu ictimai mühitdə çoxları bildiyi kimi, dövlətin də onların hərəkət və davranış­larından xəbəri var... 

Nədir QHT müstəvisindəki spekul­yasiyalar? Başlayaq layihələrin təyinat xərclərinin demək olar, eyni olmasından. Kitab, broşür, jurnal və s. əyani vəsaitlə­rin çapı və ya tədbirlərin təşkili. Nəşrlərin qiymətinin dəfələrlə şişirdilməsi, keçirilən tədbirlərin isə şəkil çəkdirməkdən, xəbər yaymaqdan o yana keçməməsi. Bəzən elə də olur ki, hansısa QHT rəhbəri başqa bir tədbirdə iştirak edir, orada öz layihəsi­nin bannerini quraşdırır, tribunaya çıxıb müxtəlif pozalarda şəkil çəkdirir, təsəvvür yaradır ki, sanki böyük iş görüb. Bəzən bu QHT şəbəkələri eyni hərəkəti öz ara­larında da gerçəkləşdirirlər. Tutalım, on­lardan birinin tədbiri olur, digərləri gəlib həmin tədbirdə şəkil çəkdirməklə, öz işini bitmiş sayır. Nəticədə ayrılan qrantların heç 20 faizi layihədə qoyulan məqsədin reallaşmasına xidmət etmir. Məsələn, 10 min manatlıq qrant layihəsinə reallıqda 2–3 min manat sərf olunur. Bəs qalanı? Bəs dövlətin vəsaitinin səmərəlilik göstə­ricisi?

Son beş ildə elan edilmiş qrant la­yihələrində diqqəti çəkən mövzu xarici ölkələrdə milli məsələlərlə bağlı kon­fransların təşkilidir. Göründüyü kimi, mövzu kifayət qədər həssasdır. Ancaq təəssüf ki, mövcud sahədə də mani­pulyasiyalara yol verənlər tapılır. Sosial şəbəkələrdə həmin tədbirlərdən çəkilən müxtəlif fotoşəkillər yayılır, bir-iki sayt-da ümumi məlumat verilir, vəssalam. Yəni, söhbət Azərbaycan həqiqətlərinin təbliğindən gedirsə, məsələyə əhatəli və fundamental şəkildə yanaşılması la­zım olduğu halda, əksər layihələrdə biz bunu görmürük. Nəticədə belə də təəs­sürat yaranır ki, layihə hansısa təşkilat rəhbərinin gedib xaricdə gəzmək arzu­sunun vasitəsindən başqa bir şey deyil. Əlbəttə, bu yerdə öz işinə kifayət qədər məsuliyyətli yanaşan QHT-lərin olduğu­nu da vurğulamalıyıq. Ancaq belələrinin azlığı bildirilməlidir. Onlar ümumi müsbət mənzərənin formalaşmasına töhfə verə bilmirlər. Necə deyərlər, qurunun oduna yaş da yanır. Biz işinə məsuliyyətlə ya­naşanların mövcudluğunu da bildirdik ki, yandırmayaq. Onlara qəzetimizdə tribu­na verməyə də hazırıq. Buyursunlar, real işlərlə bağlı daha çox təbliğat aparsınlar ki, işbazların qopardıqları, belə demək mümkünsə, iş-güc toz-dumanı səngisin, ətraf aydınlansın. 

Ekspertlər müxtəlif dövlət qurumla­rının öz funksionallıqlarının genişləndi­rilməsi məqsədilə QHT-lərə ayırdıqları qrantların da əhəmiyyətli hissəsinin ic­rasının səmərəli olmadığına dair fikirlər səsləndirirlər. Ancaq indi bu mövzuya toxunmaq istəməzdik. Hələlik onu deyək ki, son vaxtlar QHT Agentliyinə qarşı çıxanların, qurumun fəaliyyəti fonunda, ümumən dövlətin üçüncü sektorla bağlı siyasətinə xələl gətirmək istəyənlərin ək­sər hissəsi məhz yuxarıda qeyd etdiyimiz möhtəkir fəaliyyətə üstünlük verənlərdir. Belələrinin içərisində ötən ilin dekabrın 12-dən Laçın–Xankəndi yolunda baş­lamış və aylarla davam etmiş aksiyaya gedib orada da şəkil çəkdirib bunu so­sial şəbəkələrdə pafoslu təqdim edənlər yetərincədir. Bu təşkilat rəhbərləri aksi­yada iştiraklarının QHT Agentliyi tərəfin­dən onlara ayrılmış vəsaitin azlığından şikayətlənmək üçün əsas yaratdığını bildirirlər. Nəinki şikayətlənirlər, hətta itti­hamlar da səsləndirirlər. 

Əlbəttə, müraciət etdiyimiz ekspertlər bizimlə söhbətlərində başqa məqamlara da toxundular ki, bu şəxslərin fikirlərinə nəzərən, ümumən QHT sektorundakı du­rumun ayrı-ayrı cəhətləri barədə təsəv­vür formalaşdırmaq mümkündür. Elə isə onların nə dediklərinə nəzər salaq:

“Vətəndaş Tədqiqat və inkişaf” İctimai Birliyinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirdi:

– QHT-lər Azərbaycanda 90-cı illərdə yarananda ilkin dövrlərdə şəraitə uyğun olaraq humanitar və xeyriyyə cəmiyyət­ləri kimi fəaliyyətə başladılar. Hazırda Azərbaycanda qeydiyyatdan keçmiş 4 minə yaxın vətəndaş cəmiyyəti qurumu var, amma bunların yarıdan çoxu fəa­liyyətsizdir. Gerçək QHT-lərin sayı isə 400–500 ola, ya olmaya. Onların əsas maliyyə mənbəyi milli və beynəlxalq do­norları əhatə edən layihələrdir. QHT-lərə Dövlət Dəstəyi Agentliyi həm struktur, həm də idarəçilik forması ilə fərqli qurum olsa da, əsas fəaliyyət istiqamətlərindən biri milli donorluq fəaliyyətini davam et­dirmək və müxtəlif mövzularda layihələri maliyyələşdirməkdir. 

Agentlik, əsasən, hər il yeddi is­tiqaməti əhatə edən kiçik qrant müsa­biqəsi keçirir, eyni zamanda da tematik qrant müsabiqələri də təşkil edir. Qurum “Heydər Əliyev İli” və “Qərbi Azərbaycan­lıların Qayıdış Konsepsiyası”nın icrasına ictimai dəstəklə bağlı tematik qrant mü­sabiqəsi də keçirdi. Agentliyin Müşahidə Şurası 416 kiçik və 32 xüsusi mövzu üzrə layihənin maliyyələşməsinə qərar verdi. 

Ümumən, bəzi layihələrin keyfiyyə­tinin aşağılığı narahatlıq yaradır. Post­müharibə dövründə həm beynəlxalq təmsilçilik baxımından, həm də əhali ilə sıx işləyən çevik QHT-lərə ehtiyac var. Bu problemləri aradan qaldırmaq üçün QHT-lərin bilik və bacarıqları artırılmalı, data bazası yaradılmalıdır. 

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov dedi:

– Qrantların verilmə­sində qeydiyyat məsələləri sərtləşdirilən­dən sonra ölkəmizdə anti-Azərbaycan xarakterli layihələri maliyələşdirən do­norlar üçüncü ölkələr vasitəsilə, yaxud gizli maliyyələşdirilmə sxemi ilə pul keçi­rirlər. Bu halda qrant alan QHT-lər təbii ki, heç kimə maliyyə məlumatı vermə­dən donorun tələblərini yerinə yetirirlər. ABŞ-ın NED fondu hər il konkret adı göstərməməklə, yalnız istiqamətləri qeyd etməklə, Azərbaycan QHT-lərinə 1–1,2 milyon dollardan çox qrant ayırır. Amma layihəni icra edən QHT-lər bu barədə və verilən məbləğlə bağlı məlumat açıqla­mırlar.

Həmin vəsaitlər, adətən, ölkəyə üçüncü ölkələrdən daxil olur, yaxud Azər­baycanda olan qərb ölkələrinin səfirlikləri vasitəsilə nağd şəklində ödənir. Digər xa­rici ölkələrdən də qrantlar bu yolla daxil olur. ABŞ-ın Beynəlxalq İnkişaf Agentli­yinin Azərbaycan ofisi vasitəsilə də bəzi qrantlar verilir.

Dövlət Agentliyinin QHT-lərə ayırdığı maliyə vəsaiti gizlədilə bilməz və şəffaf şəkildə verilir. Qrantlar ictimaiyyətə açıq­lanır. Amma bəzi QHT-lər var ki, aldığı vəsaitdən səmərəli istifadə edə bilmir. QHT-ləri maliyyələşdirən daxili donorla­rın sayı artmalı, biznes qurumları da bu sıraya qatılmalıdır. 

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli mövzuya öz yanaşması ilə toxundu:

– Donor təşkilatlardan başqa, nazir­liklərin özləri də yüksək məbləğli maliy­yələr ayırır. Bu istiqamətdə də şəffaflığa ciddi nəzarət olmalıdır. 

QHT və donor təşkilatları arasında səmərəli işbirliyi qurulsa, şəffaflıq da ya­ranar. Təhsillə, media ilə bağlı QHT-lərinfəaliyyəti daha peşəkar qurulmalı­dır. Uzun müddət özünü təsdiq edən QHT-lərlə əməkdaşlıq yüksək səviyyədə olmalıdır. Onlara daha böyük məbləğdə maliyə vəsaiti ayrılmalıdır ki, işləri da­vamlı görə bilsinlər. Cəmiyyətdə forma­laşan “qrant alınır, o pul yeyilir,” qənaə­tini peşəkarlığın səviyyəsini qaldırmaqla, aradan götürüləcək. 

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli QHT sektorunda islahatların vacibli­yindən, cəmiyyəti maraqlandıran sual­ların həlli yollarından söz açdı:

– Azərbaycanda QHT-lər institutlaşır, peşəkarlaşır, həm də, milli təəssübkeş­lik nümayiş etdirirlər. Zərurət yarananda milli maraqların müdafiəsinə qalxırlar. 2022-ci ilin dekabr ayında milli QHT-lərin ekofəllarla birgə Laçın–Xankəndi yolun­da keçirdikləri uğurlu aksiya bunun bariz nümunələrindən biridir. Amma təəssüf hissi ilə qeyd edilməlidir ki, “işbazlar”, çirkli fəaliyyətə meyil edənlər QHT sekto­ru üçün də istisna deyil. Qrant humanitar, sosial və ekoloji inkişaf proqramlarını ma­liyələşdirmək üçün əvəzsiz verilən maddi vəsaitdir. O, siyasi hakimiyyət uğrunda mübarizə məqsədləri üçün istifadə edilə bilməz. Amma problem ondadır ki, bəzi xarici “donor təşkilatlar” və onlarla əmək­daşlıq edən yerli QHT-lər məhz bu tələbi intensiv şəkildə pozurlar. Siyasi proses­lərə təsir göstərmək, onu öz maraqları is­tiqamətinə yönəltmək üçün “qrantlardan” istifadə edirlər. Bəzən, təlimatlandırılan, maliyyələşdirilən QHT və KİV təmsilçiləri bir sifarişlə küçələrə tökülüb xaos yarada bilirlər. 

Azərbaycanda milli QHT-ləri xarici təsirlərdən yayındırmaq üçün atılan ad­dımlar təsirli olsa da, QHT sektorundakı “işbazları” zərərsizləşdirmək baxımından görülən tədbirlər tamamlanmayıb. “Ailə KİV-ləri”, “ailə partiyaları”, “ailə şirkətləri” olduğu kimi, bir ailəyə məxsus çoxsaylı QHT-lərinin mövcudluğu da ciddi nara­hatlıq doğurur. QHT-ni məhz gəlir mən­bəyinə çevirən şəbəkələr var ki, onlar da ümumi işə ciddi şəkildə zərbə vururlar. QHT sektoru üzrə başladılmış islahatla­rın davam etdirilməsinə zərurət var. 

Zərifə BƏŞİRQIZI, 
R.AMİN,
“Xalq qəzeti”









Sosial həyat